Alim Qasımovun qızı: “Atam deyir, qır çərçivələri”

0
391

Tanınmış xanəndə, əməkdar artist Fərqanə Qasımovanın Ailem.az-a müsahibəsini təqdim edirik.

 

– Mayın 21-də Heydər Əliyev sarayında solo konsertiniz olacaq. Konsertə necə hazırlaşırsınız?

 

– Bu, mənim üçüncü solo konsertimdir. Hər solo konsertdən sonra deyirəm, bu, axırıncı olacaq. Çünki o qədər əziyyətlə başa gəlir. Həm də bilirsiniz mən bu sənətə solo gəlmədim. Bu yolu atamla bahəm gəldim. O məni öz sənətilə böyütdü, dünyaya uçurdu, göstərdi. Biz bu sənəti bütün Avropaya, Amerikaya sevərək yaydıq, tanıtdıq. Atam 1996-cı ilə qədər artıq öz sözünü demiş ustad idi. Azərbaycandan kənarda da muğamı sevdirmişdi. Mənim də əlimdən tutub sənətə təqdim etdi. Mənim solo sözündən o qədər də xoşum gəlmir. Sololar var ki, bəzən istəyərək, bəzən istəməyərək, bəzən elmi iş üçün lazım olur. Sənin də sənət dəftərində yazılsın. Bu, özünü təsdiqləmək deyil, çünki mən illərdir Alim Qasımovla çiyin-çiyinə çalışıram. Sadəcə öz sənətimiz, tamaşaçılarımız üçün lazımlı sayıram. Sənətçi boş otura bilmir. Boş oturanda darıxır, neqativ hisslər yaranır. Bu hissləri sənətlə örtmək lazımdır ki, yaşam davam etsin. Şəxsən məndə belədir. Arada fasilələr olanda özümü bədbin, narahat hiss edirəm. Gördüm boşluqdur, atamın da məşq etməyə həvəsi yoxdu, dedim bir sınayaq, bu da olsun üçüncü solo konsert. Mənim ilk solo konsertim 2014-cü ildə Heydər Əliyev Sarayında oldu. Gözəl keçdi. Onu da açıqlayım ki, bu konsert atamla birgə olmalıydı. Gözəl repertuar hazırladıq, Rast muğamını başqa janrda ifa edəcəkdik. Konsertə 1 ay qalmış atam dedi sən tək oxuyacaqsan. Şoka düşdüm. Bir növ elə bil məni sınamaq, dəryaya tək atmaq üçün belə etdi. Bir az fikirləşəndən sonra razılaşdım. İkinci solo konsertim Beynəlxalq Muğam Mərkəzində baş tutdu. Nəva muğamını təqdim etdim. Ailəvi elmi yanaşmamız oldu. Alim müəllim dedi sən bu muğamı mütləq öyrənməli və oxumalısan. 4-5 il ərzində hasil etdim. Çünki uşaqlarım körpə idi, qayğılarım çox idi. Sonra atam bizi Şamil müəllimlə tanış etdi. Nəvanın bilicilərindəndir. Fikirlərimiz üst-üstə düşdü. Böyük musiqiçi heyətilə Nəva muğamını təqdim etdik. Əvvəl Milli Konservatoriyada elmi iş kimi bəyənildi. Dedilər tədris proqramına salınacaq. Mən də gözləyirəm bunun üçün mənə müraciət etsinlər.

 

– Alim Qasımov konsertinizdə çıxış edəcəkmi?       

 

– Mən xahiş etmişəm. Biz onu məşqlərə hələ çağırmamışıq. İstəyirik hazırına gəlsin, üzündəki o sevinci görək. Bir neçə günə məşqə dəvət edəcəyik. Çox xahiş edəcəyik duet, yaxud tək mahnı ifa etsin. Hələ cavabını almamışıq.

 

– Alim müəllim sizin ifanızda ən çox hansı mahnını və ya muğamı bəyənir?

 

– Çox şahidi olmuşam, konsertlər, tədbir olsun, yaxud evdə olsun, sonradan lent yazılarına baxıram, görürəm ki, mən oxuyanda o, o oxuyanda mən feyziyab oluruq, ruh aləminə gedirik. Mən oxuyanda görürəm necə razılığını bildirir. Ən çox mənə deyir ki, “Ceyran” mahnısını mənim ifamda çox sevir. Bir də “Dəli kür” filmində oxunan mahnını. Elmira Rəhimovaya təşəkkürümüzü bildiririk, Allah ona cansağlığı versin. Bu mahnını onun repertuarından öyrənmişəm. Yeri gəlmişkən, bu konsertimizdə Elmira Rəhimova, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Akif İslamzadə, Alim Qasımov kimi dəyərli sənətkarların repertuarından istifadə edəcəyik. Məqsədimiz odur ki, həmin mahnıları yenidən sevək, yenidən onlara müraciət edək.

 

Bəs siz Alim müəllimin ifasında daha çox hansı mahnını  və ya muğamı sevirsiniz?

 

– Mən Alim müəllimin ifalarında ayrıseçkilik sala bilmərəm. Çünki onlar hamısı möhtəşəm, əvəzolunmaz, təkrarsız ifalardır. Alim müəllimin, məsələn, diskdə “Bayatı-Şiraz”ı var. O qədər gözəl əsər yaradıb ki, ona muğam demək olmaz, muğam əsəri demək lazımdır. “Zabul segah”ı var, Fransada lentə alınıb – böyük əsərdir. “Çahargah”, ”Rast”, “Şur”, hansı birini sayım?! Alim müəllim dəstgahların hamısına öz möhürünü vurub. Mahnılardan “Əzizi dostum”u çox sevirəm. Onun öz repertuarı da var ki, artıq onlara möhürünü vurub. Son zamanlar da məni harada görürlər saxlayıb deyirlər ki, Alim müəllimin “Xatirədir”, “İlahi” mahnılarına səhər-axşam qulaq asırlar. Deyirlər ki, əgər səhərləri həmin mahnılarla açmasaq, deməli, nəsə itirmiş oluruq.

 

Alim müəllim sizə ən çox nəyi irad tutur, ümumiyyətlə, sizi çox tənqid edir?

 

– Ona tənqid demək olmaz. Mən buna “ustad şapalağı” deyərdim. Alim müəllim yerində duran sənətkar deyil, daim inkişafdadır. Alim müəllim həmişə bizə yuxarıdan aşağı baxacaq. O, yerində duran sənətkar deyil ki, kimsə gəlib ona çatsın. Öz musiqi notları, ifası ilə daim önə gedir. İnkişaf etdikcə ona çatmağa çalışırıq. Bizə həmişə öz iradını bildirir və haqlıdır. Məsələn, deyir qır çərçivələri. Sonra deyir yox, sən xanımsan, hicablısan edə bilməzsən. İrad tutur və istəyir ki, məni də dərvişyolu aparsın. Ancaq onlar mənim içimdədir. Nə vaxtsa yaşla, məqamla bağlı bu iradlar özünü bir gün göstərəcək.

 

Həyat yoldaşınız sizin ifanızda daha çox hansı mahnını bəyənir?

 

– Çox mahnıları bəyənir, dinləyir. Bu yaxınlarda bir mahnı xahiş etdi. Bu konsertdə onu oxuyacam. Mən bu mahnını həyat yoldaşımın xahişi ilə oxudum. O gün dinlədi, gözləri yaşardı.

 

Sənətlə əlaqəsi varmı?

 

– Biz ailəvi dost olmuşuq. Nəticədə bizim ailə həyatımız baş tutub. Onun atası Alim müəllimin böyük pərəstişkarı olub. Uşaq vaxtımızdan gediş-gəlişimiz vardı. Sonra da ailə qurduq. O da tara həvəs etdi, dedi mən Alim müəllimin kürəkəniyəm, Fərqanə xanımın həyat yoldaşıyam, gərək mənim də muğamdan anlayışım olsun. Bu anlayış gətirib onu musiqi həvəskarı etdi. Tar, türk sazı çalır. Türk musiqisini yaxşı bilir. Mənə də hərdən öz məsləhətlərini verir. Musiqiyə bağlı insandır. Bu solo konsertimdə də mənə köməklik göstərir, təşkilatçılıq edir. Musiqiçilərlə işləmək çətindir. Biz 13 nəfər heyətik. Onları bir yerə yığmaq, vaxtında çağırmaq çox çətindir. Elə işlər var ki, ona kişi xeylağı lazımdır, qadının gücü çatmaz. Mən də Elnurun köməyindən bəhrələnirəm.

 

Yəqin ki, sizi anlayışla qarşılayır, qastrol səfərlərində olursunuz, evdə az vaxt keçirirsiniz.

 

– Bəli, ailəlikcə anlayışla qarşılayırlar. Övladlarım, həyat yoldaşım bunu mənə irad tuta bilər. Ancaq sağ olsunlar ki, məni gözləyirlər. Onlar üçün çox əziyyət olsa da, məni anlayışla qarşılayırlar. Məni bilirsiniz necə yola salırlar: ay ana, yenə gedirsən? Özü də yazıq sifət alırlar (gülür). Gələndə də sevinirlər. Hər bir evə ana nəfəsi çox vacibdir. Amma nə edək, bu da bizim işimizdir, çörək pulumuzdur, gərək bununla razılaşaq.

 

Bəs evdə olanda necə evdar xanımsınız, mətbəxlə aranız necədir?

 

– Evdə çox qoçağam. Yemək bişirməyi çox sevirəm. Düzdür, deyə bilmərəm ki, evdə bütün işləri mən görürəm, bu, mümkün deyil. Çünki hər zaman evdə olmuram. Ona görə də yaxşı bir xanım var, mənə evdə kömək edir. Ancaq özüm evdə olanda qoymuram, özüm edirəm. Deyirəm övladlarım mənim əlimin yeməyini yeməlidirlər. Ona görə mən çox vaxt işimi günortadan sonraya salıram ki, günorta yeməyini özüm bişirim. Hətta axşam gəlib axşam yeməyini də özüm hazırlayıram. Qadının özəlliyi və gözəlliyi onun ana, evdar xanım olmağındadır. Bəzi qadınlar deyir ki, mən yemək bişirə bilmirəm, onu bacarmıram, bunu bacarmıram. Bu, artıq onun qüsurudur, o bir növ öz qüsurlarını sayır. Bunu bacarmırsa da gizlətməlidir. Hər bir qadın gözəl xörək bişirə bilməlidir, ailəsi, övladları, həyat yoldaşının qayğısına qalmalıdır, süfrə arxasına toplamalıdır. Kim yemək bişirə bilmirsə öyrənməlidir.

 

Hansı yeməyi gözəl bişirirsiniz?

 

– Bütün yeməkləri gözəl bişirirəm, həm də sevərək bişirirəm,  plov, dolma, çığırtma. Anam da gözəl yemək bişirir. Onun kimi gözəl yemək bişirən xanım görməmişəm. Avropa yeməklərini də gözəl bişirir, vegeterian yeməklərini də.

 

Alim müəllimdən başqa kimlərə qulaq asırsınız?

 

– Hamıya qulaq asıram. O, özü də hamıya qulaq asıb. Onun ifasında çox sənətkarın ifası görünür. İfa da elmi iş kimidir. Mütləq kimlərisə dinləməlisən, qulaq asmalısan. Əvvəllər başqa janrda olan, bütün dünya musiqilərini dinləyirdim, indi vaxtım olmur, ancaq radioda qulaq asıram. Youtub-da daha çox Zeynəb Xanlarovamı dinləyirəm. O xanımın səhnə mədəniyyəti çox dəyərlidir. Yavər Kələntərli, Rübabə Muradova, Sara Qədimovanı da hər zaman dinləyirəm.

 

– Evdə iş görəndə hansı mahnını zümzümə edirsiz?

 

– İnanın ki, mən mahnı zümzümə etmirəm. Ümumiyyətlə, o qədər tələsik həyat keçirirəm. O işi çatdırım, bu işi çatdırım deyə-deyə düşüncəmdə mahnı oxumağa yer qalmır. Düşüncəm o qədər sürətlə işləyir ki, bu işdən sonra nəyi edəcəm, hara gedəcəm, uşaqlar gələcək. Bu qədər düşüncəyə, stressə insan dözərmi? Hələ üstəlik özümçün mahnı oxuyum. Elə şey yadıma gəlmir.

 

– Heç olubmu özünüzü başqa janrda sınayasınız? Ürəyinizdən keçibmi pop, estrada janrında mahnı oxuyasınız?

 

– Olub, sınamışıq. Muğamı bilirsənsə, hər janr sənə asan gəlir. Muğamın içində jaz da var, rok da, bluz da. İstifadə edə bilsən, nə gözəl. Necə ki, Alim müəllim istifadə edir. “Bizimkilər” layihəsində iki dəfə iştirak etdik. Xarici mahnı oxudum, pis də alınmadı.  Həmişə arzum olub bir xarici mahnı oxuyum. Hələ oxumamışam. Amma estrada janrında oxumuşam. Bu yaxınlarda TRT AVAZ-ın yaranma tarixilə bağlı Gövhər Həsənzadənin bəstəsini oxudum. Gözəl də alındı. Düşünürəm ki, muğam ifa edə bilən hər kəs başqa janrda da mahnı oxuya bilər. Amma başqa janrlarda mahnı oxuya bilən hər kəs muğam oxuya bilməz. Hər musiqinin özəyi muğamdı.

 

– Olubmu kiminləsə duet oxumaq keçsin ürəyinizdən?

 

– Mən elə duet üçün yaranmışam. Alim müəllimin ömür boyu duet ortağı olmuşam. Hər zaman bununla qürur duyuram. Bir neçə il öncə Samirə Allahverdiyeva mənə zəng etdi, duet təklif etdi. “Ya Allah” mahnısını duet oxuduq, gözəl alındı. Kimsə müraciət etsə, etiraz etmərəm. Bəlkə də kiminsə ürəyindən keçir, amma çəkinir ki, Fərqanə xanım qapalıdır, bizimlə oxumaz. Fərqanə xanımın bu libası sadəcə örtükdür, libasdır. Bunun işə, sənətə aidiyyatı yoxdur. Yaxşı layihə olacaqsa, seviləcəksə, niyə də yox?! Maraqlı təklifi olan varsa, mütləq müraciət etsin.

 

– Bəs özünüz xarici sənətçilərdən kiminlə duet oxumaq istəyərsiniz?

 

– Türkiyədən elə bir təklif gəlsə sevinərəm. Tarkan, Sibel Can, Ebru Gündəş ola bilər. Ola bilər Avropadan hansısa pop müğənni ilə duet olsun. Çox istərdim həyatımda belə bir çevriliş olsun. Kimliyi o qədər də vacib deyil, əsas odur sənətçi olsun.

 

– Bu qədər gərgin iş qrafikiniz var Ailə, ev. Xanım kimi özünüzə qulluq etməyə vaxt tapırsınız?

 

– Yox, tapmıram. Çox arzular ürəyimdə qalır. Vaxt baxımından çatdırmaq mümkün olmur. Bu yaxınlarda həkimə getmişdim. Mənə baxıb dedi ki, “Fərqanə xanım, çox yorğun görünürsünüz, özünüzə heç baxmırsınız. Mənim yanıma elə sənətçilər gəlir ki, yanlarında dərman daşıyanları var, bir sanatoriyadan çıxıb o birinə gedirlər”. Deyirəm axı mənim 4 övladım var, qayğılı anayam. Boynuma alım ki, özümə yaxşı baxa bilmirəm. İldə, ayda bir dəfə çox problem olarsa, kosmetoloq müraciət edirəm. Amma saatlarla orda oturmağa vaxtım çatmır.

 

– Amma çox gözəlsiniz. Dəriniz, üz cizgiləriniz gözəldir.

 

– Çox sağ olun. Bu, mənə anamdan keçib, onun hədiyyəsidi. Anam çox gözəl xanımdı. Allah hər qadını qorusun!

 

P.S. Müsahibənin tam versiyasını aşağıdakı videoda izləyə bilərsiniz. 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eighteen − 11 =