AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Xalq qəzeti”nə müsahibə verib.
Arazinfo.com müsahibəni oxucularına təqdim edir:
– Yaqub müəllim, tariximizin önəmli və parlaq dövrünü yaşayırıq. Uzun illərdir erməni işğalı altında qalan qədim torpaqlarımız 44 gün davam edən müharibə nəticəsində azad olundu. Düşmən üzərində böyük qələbə qazandıq. Tarixçi-alim, vətənpərvər ziyalı kimi bu günləri necə dəyərləndirirsiniz?
– Son 200 ildə ilk dəfədir ki, erməni işğalçıları Azərbaycan torpaqlarından rüsvayçılıqla qovuldu! Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər günü kimi təsbit edildi. Azərbaycan, Rusiya liderlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi. Prezidentimizin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı qısa zamanda azad etdi! Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi! Qərbi Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinin türk dünyasını coğrafi baxımdan parçaladığını dərindən bilən Prezidentimiz Naxçıvanla ölkənin əsas hissəsini birləşdirən yolun tikintisinə dair razılaşmaya da nail oldu.
Erməni təcavüzkarlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və 1 milyondan çox qaçqınımızın doğma torpaqlarına qaytarılması Prezident İlham Əliyevin xarici siyasətində başlıca vəzifə idi. Ölkə başçısı öz müdrik, qətiyyətli və cəsarətli siyasəti ilə doğma xalqını bu sahədə də tarixi qələbəyə qovuşdurdu! Prezidentimiz “Dağlıq Qarabağ problemi”ni çözdü! O, ermənilərin Dağlıq Qarabağın statusu ilə bağlı iddialarını gündəlikdən çıxararaq, onların “Artsax” layihəsini darmadağın etdi!
Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcək. 2020-ci il noyabrın 10-da dövlətimizin başçısının Ali Baş Komandanlığı altında ordumuz tarixi qələbə qazandı. Mənfur düşmən isə torpaqlarımızdan qovuldu. Beləliklə, insan qanına susayan erməni vandalları layiq olduqları cəzanı aldılar!
– 30 ilə yaxın işğal dövründə Azərbaycan Qarabağla bağlı siyasətində bir addım belə geriləmədi. İstər ulu öndər Heydər Əliyevin dövründə, istərsə də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində aparılan siyasət öz bəhrəsini verdi, torpaqlarımız işğaldan azad olundu.
– Bu missiyanın əsası ulu öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağını, erməni qəsbkarlığının uzun sürməyəcəyini dönə-dönə bildirirdi. Hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Aydın məsələdir ki, yaxın keçmişdə yurdumuzda daxili vəziyyət bugünkündən tamamilə fərqli idi. Sabitlik yaratmaq lazım idi. İşğalçı ermənilərin və onların havadarlarının ölkəmizə qarşı təcavüzünə duruş gətirmək, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək, vətəndaş müharibəsinin qarşısını almaq üçün, bir sözlə, yurdumuzu “olum ya ölüm!” çarpışmasından zəfərlə çıxarmaqdan ötrü, zərurət yarandıqda, qəti və sərt addımlar atmaq, keçid dövrünün qanunlarına uyğun siyasət yeritmək lazım idi. Ulu öndərimiz Heydər Əliyev məhz belə də etdi. Azərbaycan məhv olmaqdan xilas edildi. Xalqımız Qurtuluş savaşında qalib gəldi!
Şübhəsiz ki, bu gün ulu öndərin, şəhidlərimizin ruhları şaddır! Prezident İlham Əliyev Şuşa azad olunanda Heydər Əliyevin məzarını ziyarət etdi, həm hesabat verdi, həm də borcunu yerinə yetirdi. Ardınca Şəhidlər xiyabanından Prezidentimizin Azərbaycan xalqına müraciəti qələbənin lap yaxında olduğunu göstərdi. O, ulu öndərin vəsiyyətini yerinə yetirərək, Qarabağı bütünlüklə işğaldan azad etdi! Beləliklə, Prezidentimiz başda olmaqla Azərbaycan xalqı yeni tarix yazdı! Biz tarixçilər həmişə bir arzumuzu dəfələrlə bəyan etmişik: “Gün o gün olsun ki, sevimli Prezidentimiz Azərbaycan tarixinə Qarabağımızı azad edən xilaskar Prezident kimi daxil olsun!” Və o gün gəldi! Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qarabağı azad edən xilaskar Prezident kimi daxil oldu!
Qələbəyə gedən yol ulu öndər Heydər Əliyevin siyasi varisinə vəsiyyəti ilə başlandı. Ulu öndər 2003-cü ildə müalicə olunduğu Klivlend Klinikasından Azərbaycan xalqına müraciətində bu sözləri bildirirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
– 44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Dövlət başçısı döyüşlərə komandanlıq etməkdən savayı, eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 30-dan çox müsahibə verdi. Bununla ermənilərin həm də informasiya manipulyasiyasına ciddi zərbə vuruldu.
– Prezident İlham Əliyev, hər şeydən əvvəl, çoxlarına nəsib olmayan nadir bir siyasi məktəbin – dahi Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin yetirməsidir. Bu məktəbdə o, dahi siyasətçidən məğlubedilməzlik dərsi almış, onun siyasət dünyasının bütün incəliklərinə yiyələnmiş, eyni zamanda, atasına qarşı baş vermiş haqsızlıqlar, təqiblər və xəyanətlərin də şahidi olmuşdur. Təkcə şahidi olmaqla qalmayıb çox gənc yaşlarından dahi rəhbərin üzləşdiyi haqsızlıqlara, xəyanətlərə qarşı mübarizəyə qalxmış, doğma xalqına xidmət etmək üçün atası ilə birlikdə çiyin-çiyinə addımlamış, onun ən yaxın silahdaşı olmuş, şərəfli mübarizə yolu keçmişdir. Bundan əlavə, Prezident İlham Əliyev ulu öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır. Onların hər ikisi, həm ata, həm də oğul doğma Vətənin və dünyanın tarixini öyrənməyə xüsusi maraq göstərmiş, dərin və hərtərəfli tarixi biliklərə yiyələnmişlər: ata – Heydər Əliyev Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, oğul – İlham Əliyev isə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış, elmi tədqiqat işləri aparmış, dissertasiya müdafiə etmişdir. Beləcə, Azərbaycan xalqına başçılıq edən və müasir dünyanın görkəmli dövlət xadimi olan Prezident İlham Əliyev dərin nəzəri biliklərə və Heydər Əliyevin dövlət idarəçiliyi praktikasına yiyələnmiş peşəkar siyasətçidir.
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz prinsipial mövqeyini hələ Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti zamanı nümayiş etdirmişdir. Azərbaycanın bu məsələdə haqlı və ədalətli tərəf olduğunu, ölkəmizin təcavüzə məruz qaldığını, 20 faizdən çox torpaqlarımızın işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salındığını Avropa cəmiyyətinə, bütün dünyaya çatdırmaqda İlham Əliyev misilsiz rol oynamışdır. Son 17 ildə Prezidentin birbaşa himayəsi ilə İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında və digər nüfuzlu beynəlxalq təşkilatlarda Qarabağın Azərbaycan torpağı olduğu təsbit olunmuşdur. İkinci Qarabağ müharibəsi zamanı da biz dövlət başçısının Azərbaycanın haqlı mövqeyini sarsılmaz inamla, yüksək intellektual cavablarla necə dəqiq müdafiə etdiyinin və xarici auditoriyaya hansı təkzibedilməz arqumentlərlə çatdırdığının şahidi olduq. Hətta içlərində erməni lobbisinə xidmət edən bəzi jurnalistlərin təxribatçı suallarına, işğalçıları açıq şəkildə müdafiə edən və peşə etikasına sığmayan suallarına belə təmkinlə, arqumentlərlə ən yüksək səviyyədə cavablar verdiyini qürurla izlədik.
Bizim Prezidentimiz bütün dünyaya bəyan etdi ki, ermənilər Cənubi Qafqaza XIX əsrin əvvəllərindən başlayaraq köçürülüb gətirilmişlər. Bu gün Ermənistan adlanan dövlətin yerləşdiyi ərazi də tarixi Azərbaycan torpaqlarıdır, keçmiş İrəvan xanlığının ərazisidir, bizim ərazimizdir. Biz ermənilərə öz torpaqlarımızda ikinci erməni dövləti yaratmağa imkan vermədik! Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurdu və nəticədə müharibə başladı. Sərsəm bəyanatlar verən Nikol Paşinyan küçədən gələn bir adamdır və o, Soros tərəfindən idarə olunur.
– Məlumdur ki, ermənilər nəinki indiki Ermənistan ərazisində, hətta Qarabağda da toponimlərimizi dəyişdiriblər. Bundan əlavə, Azərbaycanın tarixi abidələrinin bir çoxu məhv edilib. Bu da soyqırımının bir növüdür. Təkcə bu fakt onların zorla tutduqları torpaqları qaytarmaq niyyətindən tamamilə uzaq olduğunu sübut etmirdimi?
– Erməni təcavüzkarları keçmiş İrəvan xanlığının ərazisində, Zəngəzurda və başqa yerlərdə olduğu kimi, Qarabağda da Azərbaycan toponimlərini erməniləşdiriblər. Təsəvvür edin ki, indiyədək qondarma “Dağlıq Qarabağ Respublikası” parlamentinin qərarları ilə 120-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilib. Amma Prezident İlham Əliyev 2020-ci ildə ilk dəfə olaraq ermənilərin 100 ildən çox davam edən vandalizm ssenarisini darmadağın etdi. Ölkə başçımız erməni faşizminə qarşı Vətən müharibəsinin – İkinci Qarabağ müharibəsinin gedişindəcə Azərbaycanın işğaldan azad edilən ərazilərinin tarixi adlarını bərpa etməyə başladı və o, Madagizi Suqovuşan, Vəngi Çinarlı, Tsakurini isə Hünərli adlandırdı.
Ermənilərin qədim toponimlərimizi dəyişdirməsi onların xəbis niyyətini və bu torpaqları uydurma “Böyük Ermənistan”ın tərkib hissəsi kimi gördüyünü təsdiqləyir. Azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə çoxsaylı soyqırımları, kütləvi qırğınlar və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zamanda, minlərlə tarixi abidələri, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə-yeksan etmiş, tarixi adlara qarşı mənəvi soyqırımı törətmişlər. Erməni millətçilərinin indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib.
Erməni vandalları keçmiş İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində Azərbaycan xalqına məxsus 300-dən çox məscidi, qəbiristanlıqları, çoxsaylı tarixi abidələri yerlə-yeksan ediblər. Hazırda erməni vandallarının törətdiyi vəhşilikləri işğaldan azad edilən Qarabağ torpağında da görürük. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz, inək saxlanılıb. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün İslam aləminə ən ağır təhqirdir.
– Bu müharibə həm də dövlətimizin xarici siyasətinin də qalib olduğunu göstərdi. Ermənistanın indiki iqtidarı bütün diaspor və lobbi resurslarını işə salaraq Azərbaycana qarşı təxribat aparmağa, dünyanı üzərimizə qaldırmağa cəhd etdi. Lakin bu sahədə də fiaskoyla üzləşdilər. Səbəbləri nədə görürsünüz?
– Ötən illər ərzində Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət potensialı çox çətin sınaqlardan çıxdı. Ölkəmizin başçısı dahi dövlət xadimi Heydər Əliyevin dərindən-dərinə ölçüb-biçərək uzun müddət üçün hazırladığı və heç bir alternativi olmayan xarici siyasət strategiyasını zərgər dəqiqliyi ilə həyata keçirdi. Ağır çətinliklərlə qarşılaşdı, lakin yolundan dönmədi və qələbə çaldı. Bəzi dövlətlər Heydər Əliyevdən sonra Azərbaycanı asılı vəziyyətə salmaq üçün yeni-yeni cəhdlər göstərsələr də, İlham Əliyevin qətiyyətli, prinsipial və cəsarətli gedişləri nəticəsində geri çəkilməyə məcbur oldular. Azərbaycanı tutduğu yoldan döndərə bilmədilər. Müstəqil Azərbaycan Respublikası heç bir dövlətin forpostuna çevrilmədi. Azərbaycan qonşu ölkələrlə balanslaşdırılmış xarici siyasət yürüdür. Azərbaycan-Türkiyə münasibətləri “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq uğurla inkişaf edir. Biz bunun bariz nümunəsini qardaş Türkiyənin Azərbaycana ən yüksək formada mənəvi-siyasi dəstəyində gördük. Bundan əlavə, Prezidentimiz Rusiya Federasiyası ilə də strateji tərəfdaşlığı yüksək səviyyəyə qaldırıb. Azərbaycan ilə Gürcüstan arasındakı qonşuluq və dostluq münasibətləri ağır imtahanlardan çıxdı, indi yüksək səviyyədədir. İranla da, dostluq münasibətlərimiz davam etdirilir və inkişaf etməkdədir. Dövlət başçımızın uğurlu xarici siyasəti sayəsində Azərbaycana Vətən müharibəsində Türkiyə, Pakistan, Əfqanıstan və başqa ölkələr mənəvi dəstək göstərdilər. Qoşulmama Hərəkatına üzv dövlətlər bizə siyasi dəstəklərini verdilər. Həm də bu bizim haqq işimiz idi. Ona görə də Paşinyan iqtidarının beynəlxalq ictimaiyyəti aldatmaq təşəbbüsləri iflasa uğradı. Məlumdur ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirdi. BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün pozulmasını və erməni faşizminin ölkəmizə qarşı təcavüz aktını təsdiqləyən qətnamələr qəbul ediblər. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bu gün dünya Azərbaycanla əməkdaşlığa can atır. Dünya ölkələri, o cümlədən böyük dövlətlər Azərbaycana etibarlı, sabit və götürdüyü bütün öhdəliklərə sadiq tərəfdaş kimi böyük hörmətlə yanaşır. Bunun nəticəsidir ki, 2011-ci ildə Azərbaycan dünyanın 155 dövlətinin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu, qısa zaman kəsiyində qazanılmış çox böyük nailiyyətdir. Əslində nailiyyət yox, sıçrayışdır. Bu sıçrayış ölkə başçısının çox böyük qələbəsidir!
Prezident İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyəti aydın sübut edir ki, böyük öndərimiz Heydər Əliyev kimi, o da bu sahəni – xarici siyasəti daim diqqət mərkəzində saxlayır, Azərbaycanın beynəlxalq əlaqələrini məharətlə tənzimləyir, ölkəmizdə uğurlu – milli maraqlarımıza cavab verən xarici siyasət yeridilməsinə üstünlük verir. Başqa sözlə, yaşadığımız dünyada müstəqilliyimizin və milli mənafeyimizin qorunub saxlanılmasında xarici siyasət aparıcı rol oynayır. Bu, artıq qeyd etdiyimiz kimi, Azərbaycanın bütün tarixi boyunca təkrar-təkrar sübut olunmuş, dəfələrlə sınaqlardan çıxmış tarixi həqiqətdir. İnkarolunmaz həqiqətdir! Əbəs yerə deyil ki, Prezident İlham Əliyev həmişə xüsusi olaraq vurğulayır: Azərbaycan öz milli maraqlarına uyğun və maraqlarının qorunmasına yönəlmiş xarici siyasət həyata keçirir. Bu cür praqmatizm Azərbaycanımıza hava-su kimi gərəkdir!
Azərbaycan xalqına başçılıq edən Prezident İlham Əliyev yaşadığımız sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Dünya bu gün müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. Bu modelin müəllifi dövlətimizin başçısı İlham Əliyevdir. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin – Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir!
–Yaqub müəllim, AMEA Tarix İnstitutu milli məsələlərimiz, xüsusilə uydurma erməni iddialarına qarşı kifayət qədər sanballı işlər ortaya qoyub. Möhtəşəm qələbəmizin tarixləşdirilməsi ilə bağlı qarşıda hansı planlarınız var?
–Mən ulu öndər Heydər Əliyevin unudulmaz bir vəsiyyətini dönə-dönə yada salıram, o, dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Ulu öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir. Prezident İlham Əliyev bu vəsiyyəti yerinə yetirərək, Tarix İnstitutunun elmi istiqamətini son 200 ilin tarixinin yenidən yazılmasına, Azərbaycan tarix elminin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsinə yönəltdi. 2004-cü ildə Tarix İnstitutunun rəhbərliyinə gələndə dövlət başçısı tərəfindən qarşımıza bir sıra ciddi vəzifələr qoyuldu. Tarix İnstitutunun bütün elmi potensialı bu vəzifələrin icrasına yönəldildi. Əgər bu gün İrəvan məsələsi ilə bağlı konseptual baxışımız varsa, bu, Azərbaycan Prezidentinin xidmətidir. Eyni zamanda, qarşımıza qoyulan vəzifələr sırasında İrəvan, Qarabağ və Naxçıvanın tarixinin yenidən yazılması, soyqırımları tarixi və erməni vandalizminin araşdırılması da var idi. Bütün bunların hamısı Azərbaycan Prezidentinin millətimiz və tarix elmi qarşısında konseptual xidmətləridir. Sübut edildi ki, ermənilər Cənubi Qafqazın aborigen etnosu deyil və Azərbaycana çar Rusiyası tərəfindən XIX əsrdə köçürülüb gətiriliblər. İnstitutda ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, ilk “Azərbaycan tarixi atlası”, Qarabağın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımlarının, itirilmiş torpaqlarımızın tarixinə dair onlarla qiymətli tədqiqatlar, sənədli filmlər işıq üzü görüb və bu tədqiqatlar müxtəlif dillərə tərcümə edilərək dünyanın aparıcı ölkələrində yayılıb. Bu elmi problemlər ətrafında yazılan silsilə əsərlərə görə Prezidentimiz bir sərəncamla Tarix İnstitutunun 13 nəfər alimini Azərbaycanın Dövlət Mükafatına layiq gördü. Dövlət başçısı Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyanın başçılıq etdiyi soyqırımı cəlladlarının cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanlığına köçürtməklə şüurlarda inqilab etdi. Mən Prezidentin bu addımını Nikolay Kopernikin kəşfinə bənzədirəm. Bunlar onu göstərir ki, Prezident İlham Əliyev tarix elminin zərgər dəqiqliyi ilə bilicisidir və ərsəyə gələn elmi araşdırmalar bilavasitə onun prinsipial mövqeyinin nəticəsidir. Qarşıda Tarix İnstitutunun görəcəyi çox mühüm işlər var. Azərbaycan dövlətinin, Azərbaycan xalqının bu haqq savaşının, ədalətli müharibəsinin və möhtəşəm qalibiyyətinin əbədiləşdirilməsi istiqamətində olduqca mühüm planlarımız var. İnstitut “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad edilməsi” adlı tarixi xronoloji salnamə, “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad olunması”, “Azərbaycanın Qarabağ bölgəsindən çıxmış tarixi şəxsiyyətlər”, “Qarabulaq – Füzuli”, “Qarabağ Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biridir”, “Çar Rusiyasının Azərbaycanın Qarabağ bölgəsində erməni dövləti yaratmaq siyasəti” adlı kitablar və “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad edilməsi” adlı sənədli televiziya filmləri hazırlayacaq.
– Paytaxtımızda möhtəşəm şəkildə keçirilən Zəfər paradı, keçirdiyiniz hisslər və bu barədə düşüncələriniz oxucularımız üçün də maraqlı olar…
– Bu suala görə Sizə ayrıca təşəkkürümü bildirirəm. Müstəqillik dövründə Azadlıq meydanında keçirilmiş iki paradda həyatımın ən xoşbəxt günlərini yaşamışam. Bundan əvvəl – 2018-ci ildə tarixi paytaxtımız Bakının yağı düşmənlərimizdən azad olunmasının 100 illiyinə həsr olunmuş parad yaddaşımda – könül dünyamda dərin iz buraxıb. O Parad zamanı Azadlıq meydanının tribunalarından birində idim. Qarşımızdan Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusunun əsgər və zabitləri başları üzərində hilallı bayraqlarımızı dalğalandıra-dalğalandıra şanlı qələbə qüruru ilə keçirdilər. Hökumət tribunasında isə Azərbaycanımızın və Türkiyəmizin liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan yanaşı durub sanki bütün dünyaya, o cümlədən xalqımızın düşmənlərinə bəyan edirdilər: Baxın, 1918-ci ildə olduğu kimi, 100 il sonra 2018-ci ildə də biz yenə bir yerdəyik. Biz bir millət, iki dövlətik. Ulu öndərimiz Heydər Əliyevin vəsiyyətinə əməl edərək həmişə bir yerdə olacağıq!
10 dekabr 2020-ci il paradı mənim üçün müqəddəs bir hadisədir. Ona görə ki, 2018-ci ildə olduğu kimi 10 dekabr 2020-ci ildə biz yenə bir yerdəydik! Başlarının üzərində hilallı bayraqlarımız dalğalanan ordularımız yenə qoşa addımlayırdı! Tək millətimizin iki dövlətinin liderləri yenə birlikdəydilər. Qalib Azərbaycan ordusunu birlikdə salamlayırdılar. Yenə dünyaya, o cümlədən düşmənlərimizə bəyan etdilər: Biz həmişəki kimi yenə birlikdəyik və daim birlikdə olacağıq! Bizi bir-birimizdən ayıra bilməyəcəksiniz!
Xalqımızın ürək duyğularını ifadə edən və şahidi olduğum bir hadisə heç yadımdan çıxmır.
…2012-ci ilin payız günlərindən biri idi. İki qardaş dövlətin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan xanımları ilə birlikdə Şəkiyə gəlmişdilər. Şəkinin tarixi yerləri ilə tanış olurdular. Mən də müşayiət edənlərin sırasındaydım. Dövlət başçıları Aşağı Karvansara ilə tanış olub Mirzə Fətəli Axundzadə küçəsinə çıxarkən bir hadisə Prezident İlham Əliyevin nəzərindən yayınmadı. Qarşıdan – dağın dibindən bizə tərəf uzanan küçənin başlanğıcına toplaşmış insanlar dövlət başçıları ilə görüşməyə can atır, polis nəfərləri isə onları saxlamağa çalışırdılar! Bunu görən Azərbaycan Prezidenti camaata sarı addımladı və mühafizəçilərə göstəriş verdi: buraxın gəlsinlər! Həyəcanla dolu bir mənzərə baş verdi. Sel kimi bizə sarı axışan insanlar liderləri ətrafına toplaşdılar. Kütlənin içərisindən bir ağbirçək irəli çıxıb bizim Prezidentə yaxınlaşdı və bir nəfəsə dedi: Bizim Sizə söyləyəsi başqa bir dərdimiz yoxdur. Sizin ikinizi də birlikdə görmək istəyirdik ki, hamımızın bir arzusunu çatdıraq! Övladlarım, amandır bir-birinizdən ayrılmayın! Bugünkü kimi həmişə bir yerdə olun! Allah Sizi ayırmasın! Düşmənlərin də gözləri kor olsun!
Fikrimcə, bu gün şəkili ağbirçəyin tək millətimizin ürək duyğularını ifadə edən arzusunun çin olduğu gündür!
Sualınıza cavab olaraq tarixçi ziyalı kimi bu paradı müşahidə edərkən böyük qələbəmizlə bağlı bəzi düşüncələrimi də səsləndirmək istərdim.
10 dekabr paradı 1813-cü və 1828-ci il faciələrindən sonra dövlətçilik tariximizin ilk böyük Qələbə paradıdır! Zəfər paradıdır!
Zəfər Günü və Zəfər paradı xalqımız üçün ən əziz gündür. Ona görə ki, Ali Baş Komandanın başçılıq etdiyi müzəffər Azərbaycan Ordusu tarixdə ilk dəfədir ki, həmişə havadarlarına arxalanaraq torpaqlarımıza yiyələnə-yiyələnə irəliləyən erməni faşizmini rüsvayçı məğlubiyyətə uğratdı. Sübut olundu ki, havadarları olmadıqda erməni faşizmi Azərbaycan xalqının, Azərbaycan Ordusunun qarşısında heç nədir!
44 gün davam edən Vətən müharibəsi Azərbaycan üçün ağır sınaq idi. Bu ağır sınaq günlərində dost-düşmən çox aydın göründü. Dünya tarixinin və siyasətinin dahi bilicisi, Sovet İttifaqı kimi nəhəng dövlətin rəhbərlərindən biri zirvəsinə ucalmış Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı cəbhədə, döyüş meydanlarında sınaqdan çıxdı. Azərbaycan və Türkiyə daim birlikdə olmalıdır! Bunun alternativi yoxdur.
Azərbaycan və Türkiyə elə hərbi-strateji məkanda, elə əhatədədir ki, bizim iki dövlətimizin sülh şəraitində yaşaması üçün ən müasir, ən güclü ordusu olmalıdır. 44 günlük Vətən müharibəsi bunu sübut etdi. Dədəmiz Qorqud bizə vəsiyyət edib: “Qarı düşmən dost olmaz”. Bunu heç zaman unutmamalıyıq!
Biz ona görə qalib gəldik ki, 44 günlük müharibədən əvvəl Prezident İlham Əliyevin başçılığı ilə informasiya müharibəsində, o cümlədən elmi-informasiya müharibəsində düşmənə qələbə çalmışdıq. İnformasiya müharibəsi bundan sonra da davam edəcək, fikrimcə bəzi hallarda daha da kəskinləşəcək. Bunu unutmamalıyıq!
Vətən müharibəsində qələbəmizin ən mühüm nəticələrindən biri də Prezident İlham Əliyevin xüsusi səyləri nəticəsində Cənubi Qafqazın beynəlxalq münasibətlər tarixində dönüşün və ya yeni dövrün başlanmasıdır. Regionumuzun problemlərinin həllində qardaş Türkiyənin rolunun artması, Naxçıvan dəhlizinin açılması ilə bağlı razılaşma Türk-İslam tarixinin gələcəyi üçün çox böyük nailiyyətdir.
Şimal qonşumuz Rusiya ilə əlaqələrimizin sahmanda olması Azərbaycan üçün çox gərəklidir. Prezident Putinin müasir dünyanın reallıqlarını nəzərə alaraq, çar Rusiyası və bolşevik rejiminin ənənəvi anti-Azərbaycan siyasətindən uzaqlaşaraq Azərbaycan və Türkiyə ilə yaxınlaşma siyasətinə üstünlük verməsi nəzərə çarpır. 44 günlük Vətən müharibəsinin gedişində bu göründü. Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Rusiya ilk addımını atdı. Əlbəttə, ATƏT-in Minsk qrupunun üzvü olan Rusiya üçün bu addım asan addım deyildi.
Ordular müdrik, qətiyyətli və qorxmaz sərkərdələri olduqda qalib gəlir. 44 günlük müharibədə doğma Vətən naminə çarpışan Azərbaycan igidlərinə müdrik, qətiyyətli və rəşadətli sərkərdə İlham Əliyev bilavasitə özü başçılıq edirdi. Ali Baş Komandanın erməni faşistlərinə qarşı dərin nifrətlə dolu qorxmaz çağırışları, dönməz qətiyyəti, qələbəyə böyük inamı igidlərimizi qələbədən-qələbəyə qovuşdururdu. Bu, inkarolunmaz həqiqətdir!
Vətən müharibəsində xalq qalib gəlir. Xalq bu müharibədə öz başçısına – Prezidentinə, Ordusunun sərkərdəsinə inandı, onun və Vətən torpaqları naminə çarpışan ordunun arxasında durdu. Və müharibədən qalib xalq kimi çıxdı. Bu Azərbaycanımızın gələcək tarixinə olduqca müsbət təsir göstərəcəkdir.
Bir vətəndaş olaraq, tariximizin tədqiqatçılarından biri kimi bu gün mən özümü çox xoşbəxt hesab edirəm. Çox ağır bir problemi biz gələcək nəsillərə “yadigar” qoymadıq. Dünyanın böyük imperiyalar yaradan, yadelliləri dəfələrlə ağır məğlubiyyətlərə uğradan xalqı kimi biz şərəfli tarixi adımızı – qalib xalq adımızı özümüzə qaytardıq!
Arazinfo.com