Akademik Yaqub Mahmudovun “Seçilmiş əsərləri” Milli Kitabxanaya təqdim olunub

0
757

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun 15 cildlik “Seçilmiş əsərləri” və “Yaqub Mahmudov. Biblioqrafiya”sı, eyni zamanda, Tarix İnstitutunun 2018-ci ildə nəşr etdirdiyi kitabların bütöv kolleksiyası Milli Kitabxanaya təqdim edilib.

Mediainfo.az-a Tarix instititundan verilən xəbərə görə, Təqdimat mərasiminə həsr olunmuş tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, müasir Azərbaycan tarixşünaslığının görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Yaqub Mahmudovun çox zəngin yaradıcılığını əks etdirən, uzun illərin bəhrəsi olan 15 cilddə nəşr edilən “Seçilmiş əsərləri”n tarix elminə böyük töhfə olduğunu, eyni zamanda, gələcək nəsillərin, gənc tarixçilərin, tədqiqatçıların istinadgahına çevriləcəyini söyləyib.

Professor çıxışında “Yaqub Mahmudov. Biblioqrafiya” kitabında alimin həyat və fəaliyyətindən bəhs edən ilk qələm təcrübəsindən başlayaraq 2018-ci ilə qədər işıq üzü görmüş elmi əsərləri – monoqrafiyaları, kitab, kitabça və dərslikləri, məqalə və çıxışları, müsahibələri və digər materialların əhatə edildiyini söyləyib. Qeyd edib ki, Yaqub Mahmudov Azərbaycan tarix elmində milli məfkurənin əsasını qoyaraq yeni bir məktəb yaradıb və bu məktəbin nümayəndələri milli ruhda Azərbaycan elminə və dövlətçiliyinə xidmət edən tədqiqatlar, araşdırmalar aparırlar.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında hər zaman tarix elminin taleyüklü məsələlərini araşdıran, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti ilə nəsillərə örnək olan fədakar alimin, Yaqub Mahmudovun nəfis tərtibatda işıq üzü görmüş bu seçilmiş əsərlərinin tariximizlə bağlı həqiqətləri özündə əks etdirən bir toplu olduğunu söyləyib. O, 15 cildlik külliyyatın 1966-cı ildən başlamış 2017-ci il də daxil olmaqla böyük bir elmi-araşdırma dövrünü – qədim və orta əsrlər Azərbaycan tarixini, Azərbaycan diplomatiyasını, ölkəmizin tarixi əlaqələrini, müstəqillik tariximizi, ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən elmi araşdırmaların öz əksini tapdığını bildirib.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxışında Yaqub Mahmudovun ictimaiyyətə təqdim olunan 2011-2017-ci illərdə nəşr olunmuş 15 cilddən ibarət “Seçilmiş əsərləri”nin Azərbaycan tarixində xüsusi yeri olduğunu, hər bir əsərində milli maraqlarımızın əks olunduğunu söyləyib.

Milli Məclisin deputatı, professor Fəzail İbrahimli Yaqub Mahmudovun milli dövlətçilik tariximizdə mühüm rol oynamış Ağqoyunlu və Səfəvi dövlətlərinin xarici siyasəti və diplomatik əlaqələri, Azərbaycan diplomatiyasının tarixi, xalqımızın etnik siyasi tarixi, dövlətçilik ənənələri və intibah mədəniyyəti, Azərbaycanın tarixi torpaqları və ayrılmaz hissəsi olan Qarabağ, Naxçıvan və İrəvanın etnik və siyasi tarixi, iqtisadi inkişaf mərhələləri, mədəniyyəti, Heydər Əliyev şəxsiyyəti, onun zəngin irsinin və ideyalarının davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti və bu siyasətin uğurlarını Azərbaycan dövlətçiliyinin tarixi fonunda araşdırdığını qeyd edib.

Milli Məclisin deputatı Elman Nəsirli çıxışında Yaqub Mahmudovun müəllimlik fəaliyyətindən geniş söhbət açıb.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov Yaqub Mahmudovun yazdığı elmi əsərlərin onun ən böyük sərvəti olduğunu, dövr, zaman dəyişsə də hər birinin Azərbaycan tarixində sovet dönəmindən bu günə kimi öz aktuallığını qoruyub saxladığını söylədi.

Tədbirdə AMEA-nın Tarix İnstitutunun direktor müavinləri – tarix üzrə f’əlsəfə doktoru Cəbi Bəhramov, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli çıxış edərək görkəmli alimin geniş araşdırmalarından söhbət açdılar.

Sonda tədbir iştirakçılarına, Milli Kitabxananın kollektivinə minnətdarlığını bildirən akademik Yaqub Mahmudov çıxışında daim ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan tarixinə layiqli diqqət və qayğı göstərildiyini, Prezident İlham Əliyevin də bu işi uğurla davam etdirdiyini söyləyib.