Ailə qurmaq istəyən 7503 nəfərdə talassemiya aşkarlandı

0
645

Hazırda Respublika Talassemiya Mərkəzinə dispanser qeydiyyatında 2729 xəstə var. Onlar dövlət hesabına müalicə olunurlar.

Səhiyyə Nazirliyindən virtualaz.org saytına verilən məlumata görə, “2016-2020-cı illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə Tədbirlər Planı”nda müalicə tədbirləri ilə yanaşı əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu istiqamətdə maarifləndirilməsi, həmçinin perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına istiqamətləndirilib.

Bu ilin birinci yarısında mərkəzə 11802 müraciət daxil olub. Onlardan 1630 ilkin müraciətlərdir. Dispanser qeydiyyata alınanların sayı 142 nəfərdir.

“Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. 2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində ötən 6 ay ərzində 10 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra olunub. 2014-cü ildən indiyədək bu xəstəlikdən əziyyət çəkən 35 xəstəyə dövlət vəsaiti hesabına uğurla sümük iliyi transplantasiyası əməliyyatı keçirilib”, – deyə xəbərdə qeyd olunur.

2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb. Aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. İndiyədək 152659 nəfər müayinədən keçib. 7503 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb.

BIR CAVAB BURAXIN