Afrika cəngəlliklərində bitən ömürlər

0
851

 

Rusiyada nəşr olunan “Komsomolskaya pravda” qəzetinin əməkdaşı Aleksandr Kotsun tvitter səhifəsində paylaşdıqları bu ölkədə rezonans yaradıb. Söhbət ruslardan ibarət və elə rusların da sahibi olduğu özəl hərbi şirkətdən, daha doğrusu bu şirkətin Sudanda hərbi əməliyyatlarda iştirakından gedir. Düzdür, paylaşılan video və şəkillər ruslar üçün necə deyərlər, ilk deyil. Heç kimə o da sirr deyil ki, onlarla özəl rus hərbi şirkəti dünyanın bu ya digər qaynar nöqtəsində hərbi əməliyyatlarda iştirak edir. Amma söhbət ondan gedir ki, hazırda İraq, Suriya, Yəmən və ya Əfqanıstandan fərqli, Sudanda müharibə getmir. Və özəl bir şirkətin Sudanda nə axtardığı, kimin əmrlərini yerinə yetirdiyi hamı üçün maraqlıdır. Bəs nədir axı bu özəl hərbi şirkətlər? Kimlər yaradıb onu ilk dəfə? Məqsədi, məramı nədir, kimlər maliyyələşdirir?

İlk özəl hərbi şirkətlər (Private military company) keçən əsrin 60-cı illərinin sonunda İngiltərədə meydana gəlib. Bu şirkətlərin başında David Sterlinq adlı keçmiş polkovnik dururdu. İlk şirkətlər əvvəlcə hərbi əməliyyatlarda iştirak etmirdilər. Məsələn, “Vinnell Corp” adlı şirkət Səudiyyə Ərəbistanı hərbi qvardiyasının döyüş hazırlığı ilə məşğul olur, bu ölkənin neft quyularını və kəmərlərini qoruyurdu.  Amma Anqolada başlayan vətəndaş müharibəsindən sonra tədricən özəl şirkətlər öz funksiyalarını dəyişməyə başladılar. Həmin ərəfədə bu ölkəyə əsasən ingilis şirkətləri muzdlu döyüşçülər göndərirdilər. Bu şirkətlərin bir üstünlüyü vardı; onlar əmr verən tərəfə çox ucuz qiymətə başa gəlirdi. Bundan başqa bu şirkətlər rəsmi hesab edilməyən əməliyyatlarda da uğurla istifadə olunurdular. Bu cür dəstələr sifarişçi dövlətlərin ən gizli və təhlükəli vəzifələrini həll edə bilir, dövlətlərin istədiyi məkanda de-fakto hərbi mövcudluğunu qoruyub saxlamağa və geopolitik maraqlarını həll etməyə imkan verirdi.İndi heç kimə sirr deyil ki, bu sahə ilə məşğul olan hərbiləşdirilmiş korporasiyaların gələcəkdə müharibələrdə və beynəlxalq münaqişələrdə daha çox rol oynaması gözlənilir.

***

1999-cu ildə ABŞ konqresi özəl hərbi şirkətlərlə bağlı hüquqi-normativ qaydaları təsdiq etdi. Bundan sonra ABŞ-da, eləcə də dünyada bu tip şirkətlərin sayı yağışdan sonrakı göbələk kimi artmağa başladı.

2006-cı ildə bu şirkətlərin ümumi qazancı 20 milyard dolları keçirdi. “The Economistin” yazdığına görə, 2010-cu ildə bu rəqəm artıq 100 milyard dollara çatırdı. Həmin ərəfədə təkcə İraq və Əfqanıstanda 2 min özəl şirkət vuruşurdu.

***

Bayaq Anqoladan söz açdıq. Bu tip şirkətlər məhz müharibə üçün ilk dəfə Afrikada peyda olublar. Təsəvvür edin, Cənubi Afrika Respublikasında aparteid rejimin başa çatmasından sonra minlərlə ordu və polis mənsubu işsiz qalmışdı. Eyni vaxtda qonşu dövlətlərdəki tayfalar və klanlar arası müharibələr, inqilablar və hərbi çevrilişlər tüğyan edirdi. Belə olanda peşəkar hərbçilərin xidməti əsl yerinə düşmüşdü. Çox keçmədən CAR-da ilk özəl hərbi şirkət yaradıldı. Bu şirkət dövlətlərə sifariş əsasında onların silahlı qüvvələrinə təlim keçmək, habelə birbaşa hərbi əməliyyatlarda iştirak etməklə bağlı öz xidmətini təklif etdi.Qitədə ilk özəl hərbi şirkət 1989-cu ildə quruldu və “Executive Outcomes”, yəni “Effektiv icraat” adlandırıldı.

Şirkətin əsgərlərinin ilk uğuru 1992-ci ildə Syerra Leonedə baş tutdu. Həmin vaxt ölkədə vətəndaş müharibəsi gedirdi və hökumət üsyançılardan aldığı ard-arda məğlubiyyətlər səbəbindən “Executive Outcomes” şirkətinin xidmətinə müraciət etməli oldu. Uğurla həyata keçirilən hərbi əməliyyata görə Syerra Leone dövləti şirkətə 30 milyon dollar məbləğində pul ödədi. Bundan başqa, şirkət ölkənin ərazisində almaz və digər əlvan metalların ticarətində eksklüziv hüquqlar qazandı.

Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraqda vətəndaş müharibəsi alovlandı. ABŞ əsgərləri arasında itkilərin artması prezident Corc Buşu məhz özəl şirkətlərlə müqavilələr imzalamağa vadar etdi. Özəl hərbçilər dərhal ən qaynar və təhlükəli bölgələrə göndərildi. Bununla da rəsmi olaraq itkilərin azaldığını və vəziyyətin sabitləşdiyini elan etmək mümkün oldu.

Bunlardan “Custer Battles” şirkəti Bağdad aeroportunu, “Blackwater Security Consulting”, “ErinysIraq Ltd.” şirkətləri neft sahələrini və boru kəmərlərini, Hart Group isə İraqın enerji sistemini qorumaqla, “Kroll” BMT-nin missiya və konvoylarını müşahidə etməklə, “Military Professional Resources, Inc.” İraqın Milli Qvardiyasına təlim keçməklə, “Titan Corporation” isə İraq həbsxanalarına nəzarət etməklə bağlı bahalı müqavilələr qazandılar.

***

Bu yerdə bir məqamı xüsusi qeyd edək; özəl hərbi şirkətlər təkcə Afrika və Yaxın Şərqdə yox, keçmiş sovet respublikalarında da fəaliyyət göstərir. Qonşu Rusiya, Gürcüstan və Ukraynada onlarla belə şirkət qeydiyyatdan keçib. Bəzi məlumatlara görə, 2008-ci ilin avqustunda Gürcüstan ordusunun Cənubi Osetiyaya hücumunda İsrailin “Defensive Shield” şirkəti də iştirak edib. Şirkətin rəhbəri, İsrail ordusunun 9-cu diviziyasının keçmiş komandiri general Qal Hirşin həmin əməliyyatlarda fəal iştirak etdiyi bildirilir.

Bundan başqa, Türkmənistanın Əfqanıstanla sərhədi qorumağı özəl hərbi şirkətə həvalə etdiyi deyilir. Bununla bağlı bir alman şirkəti ilə müqavilədə imzalanıb. Rusiyada isə “RSB-Qrupp”, “Tiqr Top Rent Sekyuriti”, “Feraks”, “Antiterror-oryol” , “Alfa-Vityaz” kimi şirkətlərin adların çəkmək olar. Onların hələ də İraq, Əfqanıstan və Suriyada xüsusi fəallıq göstərdiyi söylənilir. Məsələn, bu şirkətlərdən biri “Osekarsus” İraq, keçmiş Yuqoslaviya, Əfqanıstan və  Çeçenistanda böyük döyüş yolu keçib. Və bu gün də ən çox təklif alan şirkətlərdəndir.

“Vaqnerin dəstəsi” qrupu isə hətta Şri-Lankadan belə sifariş alıb.

***

Mütəxəssislər bu tip şirkətlərin üstünlüyü və çatışmazlıqları barədə söhbət açanda iki məqamı xüsusi qeyd edirlər. Onların fikrincə, bu şirkətlərin tərkibində döyüşən əsgər və zabitlər xüsusi təlimləri və peşəkarlıqları ilə seçilirlər. Ən zəif cəhətləri isə mənəvi və ideoloji çatışmazlıqlarıdır. Çünki onlar puldan başqa heç nə fikirləşmirlər…Elə həmkarımız Kotsu da bu maraqlandırır: rus uşaqların Sudanda nə işi var? Lent.az

 

BIR CAVAB BURAXIN