Adı adam döyməkdə hallandırılan məmur övladları

0
901

 

Dünən Bakının Nəsimi rayonu ərazisində “90-AN-949” dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib. Nurlan Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Araşdırma zamanı məlum olub ki, N. Əliyev “Nurgün Motors”un prezidentinin oğludur.

“Yeniavaz.com” olaraq son illər adı adam döyməkdə hallandırılan məmurlar, məmur övladları ilə bağlı məlumatları təqdim etməyə çalışacağıq. Qeyd edək ki, söhbət adı mətbuatda hallandırılan şəxslərdən gedir…

– Şeyxin qudası, sabiq deputat Hacı Qalib Salahzadənin oğlu “Azərsu” ASC-də nəzarətçi olaraq çalışan Mirzəliyev Elbəyi Məzahir oğlunu döymüşdü. Mətbuatda yayılan məlumata görə, E. Mirzəliyev kommunal borcun ödənilməsi üçün getdiyi evin sahibi tərəfindən döyülüb. Nəticədə qurumun əməkdaşının çənəsi iki yerdən qırılıb, bir dişi isə sınıb.

– Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu avtobus sürücüsünü döydüyü üçün həbs olunub. Bu hərəkətinə görə onun atası da işdən çıxarılıb. Bildirək ki, onun oğlu Rüstəm Orucov 10-OG-300 nömrəli BMW ilə qaydaları pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı danlağına tuş gəlib. Rüstəm Orucov avtobus sürücüsünün qınağına cavab olaraq sərnişinlərin gözləri qarşısında ona hücum edib və döyüb.

– Övladı adam döydüyünə görə işdən çıxarılanlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. 2013-cü ilin yanvar ayında oğlu Vüqar Ələkbərovla İsmayıllı sakinləri arasında yaranan insident sonradan həmin rayonda böyük etirazlara səbəb olmudu.

– Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədr müavini Gəray Fərhadovun oğlu “KaMaz” markalı avtomobilin sürücüsünü döydüyü üçün gündəmə gəlmişdi.

Bildirilir ki, sədr müavinin oğlu Elvin Fərhadov yolda ötmə əməliyyatı etmək istəyərkən “KaMaz” sürücüsü ona mane olub. Buna əsəbləşən Elvin Fərhadov dostları ilə birgə sürücünün qarşısını kəsərək onu döyüb.

– Xarici İşlər Nazirliyinin turizm şöbəsinin müdiri Nurpaşa Abdullayevin oğlu Nicat Abdullayevin də adı bir neçə dəfə bu mövzularda hallandırılıb.

– Bir müddət əvvəl Gəncə şəhərinin Hacıkənd qəsəbəsində, sərxoş gənc xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına qarşı xuliqanlıq hərəkətləri edərək onlara müxtəlif bədən xəsarətləri yetirmişdi. Bildirilirdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin iki əməkdaşı polis nəfərləri Zaur Yusibov və Azər Qarayev Hacıkənd qəsəbəsində, yol polisi əməkdaşları ilə birgə sərxoş sürücülərin aşkarlanması istiqamətində tədbirlər həyata keçirən zaman 1993-cü il təvəllüdlü, Azərbaycan İqtisad Universitetin 4-cü kurs tələbəsi Vasif İmanov sərxoş vəziyyətdə polis əməkdaşlarına söyüb. Polis əməkdaşları 20 yaşlı gənci nizam -intizama dəvət etmək istəyərkən gənc onlara müxtəlif bədən xəsarətləri yetirib. Vasif İmanov Gəncədə 2 saylı dövlət notariat kontorunun dövlət notariusu Nəsib İmanovun oğludur.

– Nabrandakı “Sunset” istirahət mərkəzində gecə saatlarında xuliqanlıq edən, söyüş söyən, ictimai asayişi pozub dincələnlərin istirahətini pozan şəxslər barədə də məlumat yayılmışdı. Saxlanılan Toğrul Məmişov Baş Prokurorluğun idarə rəisi Niyaz Məmişovun qardaşı oğlu, Murad Talıbov isə Dövlət Miqrasiya Xidmətinin rəisi, general Firudin Nəbiyevin bacısı oğlu olduğu bildirilirdi.

– Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi olmuş Fəxrəddin Əliyevin oğlu Məhərrəm Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq bir neçə şəxsə bədən xəsarətləri yetirmişdi.

– General Məhərrəm Əliyevin yaxın qohumları olduqları bildirilən – Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döymüşdülər.

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttlişliyinin Cənub regional idarəsinin rəisi Ərəstun Əbilovun oğlu Sədi Əbilov yol polisini döydüyü üçün mətbuatın gündəminə gəlmişdi. Onun oğlu yol hərəkəti qaydalarını pozduğuna və polis əməkdaşlarına müqavimət göstərdiyinə görə məsuliyyətə cəlb edilmişdi.

– Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi polkovnik Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin oğlunun da adı bu məsələlərlə bağlı hallandırılmışdı. İddia olunurdu ki, Tamerlan Əsədullayev həm polis işçilərini, həm də kimsəsiz bir qızı küçədə ağır söyüşlərlə təhqir edərək döyüb.

– Gəncənin Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayevin də adı adam döymə ilə bağlı hallandırılıb. Bildirilirdi ki, M. Mustafayev Göygöl rayonunun bələdiyyə sədrini döyüb. Onun barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılmışdı.

 İnternetdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin davaya meylli şəxs olması barədə məlumatlara rast gəlinir.

– Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin rəisi Rafael Albabayevin sahə müvəkkili Səməd Düsturovu döyməsi ilə bağlı məlumatlar yayılmışdı. İddia olunurdu ki, hadisə nəticəsində baş leytenant S. Düsturov xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıb. Lakin. R. Albabayev bu məlumatı təkzib etmiş və deyilənlərin yalan olduğunu bildirmişdi.

BIR CAVAB BURAXIN