Bu il martın 26-30-da “Təhsil Siyasəti və Sosial Təhlildə Təcrübə” üzrə ixtisaslaşan beynəlxalq dərəcədə tanınmış Kolumbiya Universitetinin professoru Amra-Sabic-El-Rayess ADA Universitetində, Bakı Mühəndislik Universitetində, Xəzər Universitetində və Bakı Dövlət Universitetində ictimai mühazirələr və seminarlar təşkil edəcək.
Bu bardə “Report”a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, o həmçinin Azərbaycanda təhsil siyasətini müzakirə etmək üçün Təhsil Nazirliyinin əməkdaşları ilə görüşəcək. Professorun təhsil sahəsində tədqiqatlar, təhsilə dair sübuta əsaslanan siyasətin formalaşdırılması, ölkədə təhsilin inkişafı problemləri və tədqiqatın kəmiyyət metodları üzrə seminarlarında əsas iştirakçılar doktorantlar, təlimçilər və universitet şurasının üzvləri olacaqlar.
Professor Amra-Sabic-El-Rayess Kolumbiya Universitetində Təhsil Siyasəti və Sosial Təhlildə Təcrübə üzrə Dosentdir. O, ictimai hərəkətlilik, təcrid olunma, elit qrupun formalaşması, korrupsiya, təhsil liderliyi və təşkilatı, keçid ədaləti və müəllim keyfiyyəti kimi suallar da daxil olmaqla təhsil sahəsində bir sıra məsələlər üzrə tədris etmiş, tədqiqatlar aparmış və dərc edilmişdir.