ABŞ Rusiyanın qarşısından geri çəkildi – Danışıqlar davam etdiriləcək

0
542

ABŞ prezidenti Barak Obama ölkəsinin Milli Təhlükəsizlik Şurasının konfransında Suriya böhranının həllində diplomatik metodlara və çoxtərəfli danışıqların davam etdirilməsinə üstünlük verilməsinin vacibliyindən danışıb.

Ağ Evdən yayılan rəsmi məlumatda qeyd olunub ki, “Milli Təhlükəsizlik Şurasının iclasında İŞİD ilə mübarizə və Suriya xalqının ağrılarının necə azaldıla biləcəyi məsələləri müzakirəyə çıxarılıb, Suriyanın qərbindəki şiddət və Əsəd rejiminin öz xalqına etdiyi zalım hücumlar haqqında müttəfiqlər və tərəfdaşlarla həyata keçirilən görüşlərlə əlaqədar məlumat verilib.”

ABŞ-ın Suriyada atəşkəs əldə edilməsi üçün Rusiya ilə aparılan danışıqları dayandırdığı xatırladılan yazılı açıqlamada, buna baxmayaraq, Obamanın Suriyadakı daxili müharibələrin diplomatik yollarla həllini dəstəkləmək məqsədiylə bölgədə marağı olan əhəmiyyətli ölkələrlə “çoxtərəfli” danışıqların davam etdirilməsi təlimatı verdiyi qeyd olunub.

Bu isə ABŞ hakimiyyətinin Rusiya ilə münasibətlərini daha artıq gərginləşdirməkdə maraqlı olmadığını göstərir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya ilə bütün danışıqları dayandırdığını elan edən ABŞ-a Moskvadan olduqca sərt cavab verilmişdi. Kreml rəqibinə Aralıq dənizinə S-300 və S-400 raketləriylə təchiz olunmuş gəmilərini göndərdiyini xatırlatmış və Vaşinqtonu başa salmışdı ki, bu raketlər dost-tanış tanımır. Hər hansı təyyarə və ya raketi görərsə, avtomatik işə düşür və rus ordusunun yerləşdiyi məkana yönələn hədəfləri vurur. Rus ordusu isə Suriya bazalarında, Bəşər Əsəd əsgərləriylə eyni hərbi hissələrdə birgə xidmətdədir. Deməli, Bəşər ordusuna atılacaq hər mərmi rus havadanmüdafiə sistemləri tərəfindən “səhvən” özlərinə atılmış kimi də dərk oluna bilər. Uzun sözün qısası, nəbadə, ABŞ Suriya ordusuna qarşı hansısa hərbi əməliyyat keçirmək xəyalına düşər. Əks halda qarşısında rusları görəcək.

Rusiya bununla da kifayətlənməyib, öz atom bombası daşıyan təyyarələrini də Sakit okean sahillərində ABŞ-la ən yaxın sərhədlərə göndərmiş və təhlükəli uçuş manevrləri keçirmişdi. Bununla da, lazım gələrsə, ABŞ-la nüvə diliylə danışa biləcəyi mesajını vermişdi.

Əslində dil pəhləvanlığında ABŞ da Rusiyadan geri qalmamışdı. O da özünün üzünə ağ olmaqlığın ağır bədəlləri olacağını tərəflərə əyani sübutlarla başa salacağını bildirmişdi.

Amma bugünkü Milli Təhlükəsizlik Şurasından çıxan qərar dillə biləyin çox zaman eyni sözləri demədiyinin ən bariz nümunəsi kimi tarixə düşəcək. Nədən ki, bir müddət əvvəl Rusiya ilə bütün danışıqları dayandırdığını elan edən həmin ABŞ indi “küsülü də olsam, onunla danışacağam” deyir.

Görünən budur ki, Obama Rusiyanın mesajlarını xeyli ciddi qəbul etmiş, Milli Təhlüksizlik Şurasının son iclasında geri çəkilməyi daha məsləhətli bilmişdir.

Halbuki, toplantıdan hər kəs tamamilə başqa qərarlar gözləyirdi. Beynəlxalq agentliklər yığıncaqdan əvvəl Ağ Ev qaynaqlarına istinad etdikləri xəbərlərdə Obama və xarici siyasət rəsmilərinin hərbi müdaxilə və digər radikal variantların də ələ alınacağını, hazırkı vəziyyətin ABŞ üçün böyük bir risk meydana gətirdiyini vurğulayırdılar.

Bir çox ABŞ yetkilisinin açıqlaması da bu ehtimalı qüvvətləndirirdi. Məsələn, “Reuters”ə danışan yüksəkrütbəli ABŞ rəsmisi toplantıda müzakirə ediləcək variantlardan birinin hərbi müdaxilə olduğunu, Suriyadakı Əsəd bazalarına, radar sistemlərinə və təyyarələrə qarşı müdafiə sistemlərinə hava hücumları barədə qərara imza atılacağını bildirmişdi. Amma ilk baxışdan gözlənilən olmadı.

Əslində isə, ABŞ Milli Təhlükəsizlik Şurasının bu qərarı gözlənilməz də deyildi. Son zamanlar Rusiya ilə münasibətləri kulminasiya nöqtəsinə yüksələndə, bəzi təhlilçilər, o cümlədən Strateq.az saytı bunun bir oyun olduğunu, ABŞ-ın Yaxın Şərq adlı atəş topunu Rusiyanın qucağına atıb Uzaq Şərqə – Trans-Sakit Okean Əməkdaşlıq Sazişi çərçivəsində müqavilələr bağladığı ölkələrə yönəlmək istədiyini yazmışdı. Bu mülahizəyə görə, Obamaya öz ictimai rəyinə atacağı addımı əsaslandırmaq üçün bəhanə lazım idi. Rusiya da yaxın perspektivdə özünə sərf etdiyi üçün bu oyunun aktyoruna çevrilmişdi.

Həmin gizli əməkdaşlığın nə qədər davam edəcəyini isə zaman göstərəcək…

Strateq.az

BIR CAVAB BURAXIN