Qarabağ məsələsində Azərbaycanın mövqeyi güclənə bilər; erməni ekspertlərdən SOS siqnalı: “Kreml siyahısı” Rusiyanı taqətdən salmağa yönəlib və Ermənistana böyük təhlükə vəd edir…”
Bu həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri – Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) 2018-ci ildə regiona ilk səfərlərini edəcəklər. Xəbər verdiyimiz kimi, səfər fevralın 6-da Azərbaycandan başlayacaq. Artıq amerikalı vasitəçinin Bakıda olduğu deyilir. ABŞ-dan olan həmsədrin bölgəyə, Azərbaycana bir neçə gün tez gəlməsinin səbəbi barədə açıqlama verilmir.
Vasitəçilərin bölgəyə budəfəki ziyarəti barədə də siyasi müşahidəçilər bədbin fikirdədirlər. Belə qənaətlər üçün əsaslar isə kifayət qədər və ciddidir. Ən əsası odur ki, münaqişənin çözümündə həlledici söz sahibi olan və işğalçı Ermənistanı ağla gətirə biləcək yeganə ölkə kimi Rusiya Dağlıq Qarabağ məsələsinin hayında deyil. Çünki az öncə moskvalı tanınmış politoloq Sergey Markovun söylədiyi kimi, bu il Kremlin başı daha çox Qərbdən gələn təzyiqləri dəf eləməyə qarışacaq.
Artıq qarışıb da. İl başlar-başlamaz, Minsk Qrupunun həmsədri olan ABŞ digər həmsədr dövlətə – Rusiyaya qarşı sanksiyaları sərtləşdirib. Ötən həftə isə Vaşinqtonun açıqladığı qara “Kreml siyahısı” (“Kreml hesabatı”) isə Putin komandasının ovqatını daha da təlx edib.
Doğrudur, siyahı birbaşa sanksiyaları nəzərdə tutmur, sadəcə, xəbərdarlıq xarakter daşıyır və çox şey Rusiyanın Ukraynada (Donbasda), postsovet məkanındakı digər münaqişəli bölgələrdə davranışından asılı olacaq. Ancaq əksər analitiklərə görə, bu, elə sanksiya siyahısıdır ki, var. Çünki Putin sözügedən bölgələrdə öz siyasətini pozitivə dəyişməyə hazırlaşmır. Rusiyadakı prezident seçkiləri dövründə bunu gözləmək isə ikiqat absurd olardı.
*****
Bu arada Rusiyanın regiondakı forpostu – işğalçı Ermənistanda da ABŞ hökumətinin açıqladığı “Kreml hesabatı”ndan dolayı ciddi təlaş yaşanmağa başlayıb. Bu də səbəbsiz deyil. Çünki Ermənistanın nəyi, hansı “uğuru” varsa, hamısı Amerikanın hədəfində olan Rusiyaya bağlıdır. Rusiyanın mövqeyinin, iqtisadi dayaqlarının zəifləməsi isə işğalçı ölkənin də zəifləməsi demək olacaq.
“ABŞ hökuməti çalışır ki, Rusiyanı iqtisadi və maliyyə cəhətcə taqətdən salsın”. “Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Narine Dilbəryan deyib. Onun əminliyinə görə, yaranmış vəziyyət əsla Ermənistanın xeyrinə deyil.
“Ermənistanın dəmiryolunun, qaz sektorunun, dağ-mədən sənayesinin, rabitəsinin, bütövlükdə iqtisadiyyatın əsasını təşkil edən nə varsa, hamısının Rusiya müəssisələrinin əlində olduğu vaxtda bizim hökumətə hansısa məsləhət vermək çox çətindir. O müəssisələr ki, rəhbərlərinin adları ”qara siyahı”ya daxil edilib”, – deyə erməni ekspert təəssüflə qeyd edib.
Onun sözlərinə görə, çıxış yolu həmin müəssisələrdən azad olmaqdan başlamalıdır: “Biz heç olmasa, baş nazir yanında investorlar klubundan qurtulmalıyıq. Lakin bu, olduqca çətin olacaq, nədən ki, baş nazir Karen Karapetyan hesab edir ki, bu, onun ən uğurlu fəaliyyət sahəsinə daxildir. Hətta prezident kimi gətirmək istədikləri Armen Sərkisyan (Böyük Britaniyadakı səfir və imkanlı işı adamı – red.) onunla xarakterizə olunur ki, o, ölkəyə investisiya gətirəcək. Biz ölkəyə gətiriləcək investisiyalar, dövlət ətrafında klubların yaradılması haqda əbədi arzularla yaşayırıq”.
Dilbəryanın sözlərinə görə, ABŞ-ın siyahısı Ermənistan iqtisadiyyatı üçün çox təhlükəli ola və dərin iz buraxa bilər. “Biz olduqca ciddi təhdidlər, çağırışlar qarşısındayıq. Ona görə də nümayiş etdirməliyik ki, Ermənistan iqtisadiyyatı liberallaşma yönündə hərəkət edir, nəinki korrupsiyalaşma və azadlıqların itirilməsi istiqamətində”, – deyə o əlavə edib.
*****
“Ermənistan iqtisadi baxımdan getdikcə geriləyir və İrəvanın Rusiyadan tranzaksiyalara böyük ehtiyacı var”. Bu sözləri isə ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaların Ermənistana təsiri məsələsini şərh edən politoloq Tofiq Abbasov deyib (Axar.az). O bildirib ki, Ermənistanı qarşıda ciddi iqtisadi itkilər gözləyir.
“ABŞ-ın siyahıya daxil etdiyi rus oliqarxların realda Rusiya hakimiyyəti ilə münasibətləri mövcuddur. Əslində, burada heç bir qəbahət yoxdur. İstənilən ölkədə böyük bizneslə siyasi dairələrin yolları həmişə kəsişir. Ən azı ona görə ki, dövlət qlobal layihələri həyata keçirmək üçün maliyyə imkanları çatışmayanda özəl sektora müraciət edir. Yəni Amerikanın özündə də böyük lobbiçilik təcrübəsi var və bu siyasi və işgüzar aləmi əhatə edir. ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarında əsas məqsədi başqadır. Siyahıdakı biznesmenlərin milli mənsubiyyəti bir o qədər də önəm daşımır. Əsas məsələ Rusiya hakimiyyətinə əlavə maneələr və hakimiyyətə dəstək verən biznes strukturlarının fəaliyyətini əngəlləməkdir. Sanksiyaların İrəvana təsirinə gəlincə, bəli, erməni əsilli oliqarxlar Rusiyada inkişaf ediblər və imkanları olduqca genişdir. Onlar Rusiyada qazandıqları maliyyə vəsaitlərindən Ermənistana da yatırırlar. ABŞ-ın sanksiyaları fonunda onların fəaliyyət imkanları məhdudlaşarsa, bu, özünü onların qazanclarında müvafiq tərzdə əks etdirəcək və itkilər qaçılmaz olacaq. Nəzərə alaq ki, Ermənistan iqtisadi baxımdan getdikcə geriləyir və Rusiyadan tranzaksiyalara böyük ehtiyacı var. Yəni indekslər aşağı düşəcək və bu, Ermənistan vətəndaşlarının həyatında əksini tapacaq”, – deyə o əlavə edib.
“Moskva və Vaşinqton arasında qarşıdurmanın yeni səviyyəsi Ermənistanın daxili siyasi sisteminə təsir göstərəcək”. Bu fikir erməni analitik Sərkis Artsruninin 1in.am saytındakı məqaləsində yer alıb.
“Moskvanın siyasətinə ”Kreml hesabatı”nın gələcəkdə konkret olaraq hansı təsiri göstərəcəyini söyləmək çətindir. Aydın olan odur ki, Qərb hakim dairələri dünyanın müxtəlif regionlarında Rusiya təsirini zəiflətmək üçün addımlar atırlar. Şübhəsiz ki, Qərb paytaxtlarının Cənubi Qafqazda Rusiya təsirini məhdudlaşdırmaq üçün də planları var. Bu kontekstdə Moskvanın Karen Karapetyana hansı yatırımı edəcəyini söyləmək çətindir. Putinin ətrafı yaxşı anlayır ki, Ermənistanın siyasi sistemindəki status-kvonu dəyişdirmək cəhdi ilk növbədə Rusiya üçün qeyri-müəyyən nəticələrə gətirib çıxaracaq. İstənilən halda Almatıda Medvedyevlə Karen Karapetyan arasında baş tutan görüş Moskva elitasının apreldən öncə əhval-ruhiyyəsini anlamaq üçün sonuncu şans idi”, – deyə o bildirib.
“Yeni Müsavat”ın məlumatına görə, öz növbəsində başqa bir erməni politoloq Gevork Məlikyan hesab edir ki, mövcud durumda Ermənistanın manevr eləməsi çətin olacaq. “Onsuz da manevr eləmək üçün yer az idi. Bir yandan, İrəvanın ABŞ-la yaxşı əlaqələr saxlaması çətin olacaqsa, başqa yandan, bir çox məsələlərlə bağlı Rusiya ilə münasibətləri korlamamaq zərurəti var. Bunu da demək lazımdır ki, Rusiya öz problemləri ilə məşğul olmağa başlayacaq və Ermənistana təzyiqi zəifləyəcək”, – deyə erməni politoloq qeyd edib.
*****
Ancaq Rusiyanın başı nə qədər öz problemlərinə, ABŞ-la münasibətlərə qarışsa da, ən azı, Ermənistanın “ipini” öz əlində həmişə möhkəm saxlamaq iqtidarındadır. Hər necə olmasa, Rusiya regionda ən böyük hərbi kontingenti məhz Ermənistanda saxlayır. İşğalçı ölkənin Türkiyə və İranla xarici sərhədlərini də rus hərbçiləri qoruyur.
Ən önəmlisi, Moskvanın əlində Ermənistanı yerində oturtmaq üçün güclü “Qarabağ kartı” var. Rusiyanın məsələdə neytral qalması kifayətdir ki, Azərbaycan Ordusu heç olmasa, Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qısa zamanda işğaldan azad eləsin və bununla da erməni tərəfinin danışıqlarda maksimalist mövqe tutmasını şərtləndirən əsas təzyiq arqumenti əlindən çıxsın.Musavat.com