ABŞ-da xüsusu prokuror təyin olundu, səs yazısı üzə çıxdı: “Putin Trampa pul verir”

0
755
 

ABŞ Ədliyyə Nazirliyi Rusiyanın Birləşmiş Ştatlardakı ötən ilki prezident seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsi ilə bağlı təhqiqata rəhbərlik etmək üçün xüsusi prokuror təyin edib. Bu, Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müllerdir. Virtualaz.org Amerika KİV-lərinə istinadən xəbər verir ki, Robert Müller bu təhqiqata başçılıq etmək üçün özəl hüquq firmasındakı işindən ayrılıb. Ədliyyə nazirinin yardımçısı Rod Rosenşteyn istintaqın kənardan birinə tapşırılmasının “dövlətinin xeyrinə” olduğunu deyib.

Xəbər verildiyi kimi prezident Donald Tramp  onun Rusiya ilə əlaqələrini araşdıran FTB  direktoru Ceyms Komini  vəzifəsindən çıxardıqdan sonra müstəqil bir prokurorun təyin olunması istiqamətində çağırışlar artmışdı. Xüsusi prokurorun təyinatı qərarı həm Respublikaçı, həm də Demokrat siyasətçilər tərəfindən müsbət qarşılanıb. Beləliklə, Rusiyanın Amerika seçkilərinə müdaxiləsi qalmaqalı ilə bağlı araşdırma indi yeni və ciddi mərhələyə daxil olub. Keçmiş FTB direktoru Müller bu təhqiqata rəhbərlik etmək üçün kifayət qədər nüfuzlu şəxsdir və Vaşinqtonda yaxşı imicə malikdir. O, formal olaraq Ədliyyə Nazirliyinə tabe olacaq. Robert Müller Tramp tərəfindən həzm edilməsi çətin biridir və indi belə görünür ki, ABŞ prezidenti sürətlə ona doğru yaxınlaşan impiçment təhlükəsinə görə daha çox narahatlıq keçirməli olacaq.

 

Artıq Trampın barəsində son günlər dərinləşən təhqiqat prezident Niksonun impiçment edilməsinə gətirib çıxaran “Uotergeyt” qalmaqalı ilə müqayisə olunur. Trampla bağlı təhqiqatlar dünya birjalarında indekslərin kəskin aşağı düşməsinə səbəb olub və zənginlər bundan bir gündə 35 milyard dollar itirib.

Az qala hər gün Trampın komandasının mövqelərini zəiflədən yeni qalmaqallı məlumat mətbuata sızdırılır. Növbəti belə məlumat Trampın cəmi 35 gün işlədikdən sonra Rusiya səfiri ilə xəlvəti telefon danışıqlarının üzə çıxmasına görə vəzifəsindən azad edilən milli təhlükəsizlik müşaviri, general Maykl Flinnlə bağlı yayılıb. “The New York Times” qəzetinin yazdığına görə Maykl Flinn hələ milli təhlükəsizlik müşaviri təyin olunmazdan əvvəl Trampın keçid komandasının baş hüquqşünası, hazırda Ağ Evin müşaviri olan Donald Makqananı Ədliyyə Nazirliyinin onun barəsində təhqiqat apardığı haqda məlumatlandırıb.

Lakin buna baxmayaraq Tramp onu milli təhlükəsizlik müşaviri təyin edib. Məlum olub ki, Ədliyyə Nazirliyi Flinnin Türkiyə prezidenti Ərdoğana yaxın iş adamı, Türkiyə-Azərbaycan Biznes Şurasının rəhbəri Ekim Alptekinlə lobbi faliyyətinə dair 600 min dollarlıq sövdələməsini araşdırır. Hərbi kəşfiyyatın keçmiş rəhbəri olmuş generalın xarici maraq dairələri ilə işbirliyi hazırda prokurorların ciddi araşdırma predmetidir və onun barəsində bu cür təhqiqatın getdiyini bilə-bilə Trampın təyinatı ciddi qanun pozuntusu sayıla bilər.

“Saxo Bank”ın baş valyuta strateqi Con Hardinn fikrincə hazırda Vaşinqtonda olduqca səs-küylü siyasi hadisələr baş verir. Çoxları Trampın FTB direktorunu işdən azad etməsini Niksonun barəsindəki kompromatların izini itirmək üçün xüsusi prokuroru qəfil işdən azad etməsi ilə müqayisə edir.Analitik hesab edir ki, Trampın barəsində impiçment prosedurunun başlaması üçün getdikcə daha çox əsaslar meydana çıxır.

Analitiklərə görə əgər Nümayəndələr Palatasına Demokratlar nəzarət etsəydi, artıq impiçment maddələri hazırlanma mərhələsində olardı. Konqresə seçkilər il yarım sonra keçiriləcək və çox güman ki, həmin seçkilərdə demokratlar üstünlüyü ələ alacaq. Lakin Tramp o vaxta qədər vəzifədə qala biləcəkmi?

Hazırda Nümayəndələr palatasına respublikaçılar 238-193 səs çoxluğuyla nəzarət edirlər. Senatda da üstünlük 52-46 onların xeyrinədir, iki senator da müstəqil sayılır. Respublikaçıların böyük əksəriyyəti prezident Trampa sadiq qalır, baxmayaraq ki, onun reytinqi xeyli düşüb. Bu həftədən öncə «FiveThirtyEight» monitorinq portalı prezidentin reytinqinin ortalama 39.9% olduğunu yazırdı.

Amma respublikaçıların içində istisnalar da var. Senator Con Makkeyn bu həftə bir naharda deyib ki, prezidenti əhatələyən qalmaqallar «Uoterqeyt» miqyasına çatmaqdadır.

Partiya daxilində də  narazılıq artmaqdadır. «Görəsən, böhransız günümüz olacaq?» – respublikaçı senator Susan Kollins CNN-ə deyib. Hətta Senatda çoxluğun lideri Mitç Makkonel  Ağ evi «daha az dram» göstərməyə çağırıb. Bir azdan diqqət gələn ilin seçkilərinə yönələcək və hər bir namizəd özündən, bu prezidentin onun şanslarına zərbə vurub-vurmadığını soruşacaq.

Lakin impiçment Trampı vəzifədən uzaqlaşdırmağın yeganə yolu deyil. Ona qarşı artan təzyiqlər elə səviyyəyə çata bilər ki, Tramp da Nikson kimi impiçmentin başa çatmasını gözləmədən istefa verməyə məcbur ola bilər.

Qeyd edək ki, «Uoterqeyt» qalmaqalı 1972-ci ildə ABŞ-da Demokrat Partiyasının Vaşinqtondakı eyniadlı oteldə yerləşən qərargahında danışıqları dinləmək məqsədilə oraya dinləmə cihazlarının yerləşdirilməsiylə bağlıdır. Polis buna görə beş nəfəri saxlayıb və onların Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları olduğu , bu məsələnin arxasında hakimiyyətdəki Respublikaçılar Partiyasının dayandığı üzə çıxıb.

Bu arada üzə çıxıb ki, respublikaçıların liderlərindən Kevin MakKarti praymeriz kampaniyası zamanı etdiyi şəxsi söhbətlərdən birində “Putinin Trampa ödənişlər etdiyini” deyib. 2016-cı ilin iyun ayına aid səs yazısında MakKarti deyib ki, “Putin Trampa pul ödəyir”. Bu barədə məlumatı “The Washington Post” qəzeti verib.

Bu səs yazısında o zaman Nümayəndələr Palatasında ən yüksək vəzifəli respublikaçı olan MakKarti deyib ki, namizəd Tramp Rusiya prezidenti tərəfindən maliyyələşdirilir. “Məncə Putinin pul ödədiyi iki adam var:Rohrabacher və Trump” – Kaliforniyadan respublikaçı konqresmen deyib. Onun 2016-cı il 15 iyunda dediyi bu sözlər yazılıb və “The Washington Post” həmin səs yazısına qulaq asdığını təsdiqləyir.

Dana Rohrabacher kaliforniyalı respublikaçıdır, Konqresdə Putin və Rusiyanın qızğın təəssübkeşi kimi tanınır. Respublikaçı spiker Pol Rayan bu söhbəti yazanlardan onu sızdırmamağı xahiş edibmiş. “The Washington Post” MakKartinin adamları ilə əlaqə yaradıb, lakin onlar bu söhbətləri inkar ediblər. Amma söhbətin lent yazısının olduğunu biləndə, onlar bunun “zarafat” olduğunu deyiblər.

F.Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN