ABŞ Bolqarıstan vasitəsi ilə Ermənistana silah göndərir

0
908

Noyabr ayından başlayaraq Bolqarıstandan Ermənistana mütəmadi olaraq silah daşınmaqdadır.

Mediainfo.az-ın eadaily.com-a istinadən verdiyi xəbərə görə, Belarusa məxsus aviakompaniyalardan birinə məxsus İl-62 təyyarəsi günaşırı Yerevan-Burqas-Yerevan marşrutu ilə mütəmadi uçuşlar həyata keçirir. Hərbi müşahidəşilər bu marşrut üzrə ABŞ-ın Bolqarıstan vasitəsiilə Yerevana silah göndərdiyini bildirirlər.  Eadaily.com-un yazdığına görə, bundan məqsəd Rusiya ilə Ermənistan arasında imzalanan 100 milyon dollar dəyərində silah alqı-satqısı barədə anlaşmanı pozmaqdır: “Son bir həftə ərzində Rada Airlines aviakompaniyasına məxsus qeydiyyat nömrəsi EVV-450 TR olan İl-62 təyyarəsi Bolqarıstandan Ermənistana 4 dəfə uçuş edib. Flightradar  avianaviqasiya portalı 24 noyabr, 7,9,11 və 13 dekabrda Burqasdan havaya qalxan İl-62-nin Ermənistan ərazisinda enməsi faktını qeydə alıb

İl-62 ötürücünü söndürsə də, naviqasiya portalı  təyyarənin Ermənistan istqamətində uçuşunu qeydə ala bilib. Sonra isə yenidən İl-62-nin geriyə-Türkiyə hava məkanı vasitəsi ilə Burqasa uçduğu məlum olub”.

EADaily xatırladıb ki, hələ noyabr ayında İsrailin ingilisdilli  Haaretz Ави Шарф nəşri Rada Airlines-ə məxsus İl-62-nin Burqas vasitəsi ilə Şərqi Avropadan Ermənistana silah daşıdığını yazmışdı. O vaxt türkiyəli bloqer Yürük İşık  Flightradar vasitəsi ilə 8 gün ərzində Burqasdan Ermənistana İl-62-nin 24 uçuşunu qeydə almışdı. Yürük İşık bununla bağlı noyabr ayının 15-də  tvitterində yazıb: “İl-62 Rada Airlines 8 gün ərzində Burqasdan Türkiyə hava məkanı vasitəsi ilə İran və ya Ermənistana, çox güman ki, Yerevandakı “Zvartnots” hava limanına 7 dəfə eniş edib. Çox güman ki, İl-62 Ermənistana silah daşıyır. Hazırda İl-62 Türkiyənin Lesovs-Midili hava məkanında 1100 metr yüksəklikdən cənuba doğru uçur”.

Əslində bütün bunlar, yəni ABŞ-ın Bolqarıstan və ola bilsin ki, digər yollarla Ermənistanı silahlandırmağa başlaması ölkəmiz üçün ciddi siqnal hesab edilməlidir. Çünki Qərb Ermənistanı öz tərəfinə çəkmək üçün ona şirnikləndirici yardımlar etməyə başlayıb. Bu baxımdan son iki ayda Bolqarıstan vasitəsi ilə ABŞ və onun Qərbdəki müttəfiqlərinin Ermənistana silah göndərməsini təsadüfi hesab etmək olmaz. Ermənistanın Rusiyanın əvəzinə Qərbi özünə ağa seçməsi və bu zaman Qarabağ kartının ortaya atılması Azərbaycana yaxşı heç nə vəd etmir. Bu məsələdə ən böyük təhlükə Qərbin Rusiya ilə müqayisədə günlərin birində “Kosovo variantı”nı işə salaraq Dağlıq Qarabağın “müstəqilliyini” və ya onun Ermənistana ilhaqını tanıması ilə bağlıdır. Çünki Ukrayna, Gürcüstan və Moldova ilə müqayisədə Avropa İttifaqı Azərbaycanla aparığı danışıqlarda bu günə kimi ölkəmizin ərazi bütövlüyünü tanımayıb və tanımaq niyyətində olmadığını da nümayış etdirir. Zənnimizcə məsələ ilə bağılı həyəcan təbili çalmağın, Ermənistana hansı məqsədlə  Bolqarıstandan silah göndərilməsi məsələsinin beynəlxalq səviyyədə qaldırılmasının  vaxtı çatıb. Eyni zamanda bununla bağlı Bolqarıstan hökumətindən də izahat tələb edilməlidir. Çünki həmişə olduğu kimi, yenə də ölkəmiz üçün taleyüklü olan bu məsələdə ləngimək Dağlıq Qarabağın birdəfəlik itirilməsi ilə nəticələnə bilər.

Əziz Mustafa, Mediainfo.az