ABŞ Avropanın qaz bazarını Rusiyanın əlindən alır

0
1057

Avropa bazarından sıxışdırıldıqca və Avropaya satdığı qazın həcmi azaldıqca, Rusiya ətraf ölkələrə daha çox və daha baha qaz satmağa çalışacaq.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu sözləri Axar.az-a iqtisadiyyatının geriləməsi və ABŞ-ın yeni sanksiyaları fonunda Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldırmasının mümkünlüyü ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı bildirib ki, yaxın gələcəkdə Rusiyanın qaz satışında ciddi problemlərin yaşanacağı gözlənilir:

“Sanksiyaların burada ciddi rolu olacaq. Çünki Rusiya şirkətlərinin texnologiyalara çıxış imkanları məhdudlaşdırılır. Ancaq bu, təkcə sanksiyalarla bağlı deyil. Rusiya üçün əsas problem ABŞ-ın bu ildən başlayaraq sıxılmış qazın Avropa bazarlarına çıxarılması ilə bağlı layihəsinin işə düşməsi ilə əlaqəlidir. Ötən il test şəkildə bir neçə sıxılmış qaz tankeri Avropa bazarlarına, o cümlədən Litva və İspaniyaya daxil oldu. Bu marşurut testdən uğurla keçdi. Bundan sonra ABŞ-da qaz sıxılması və göndərilməsi ilə bağlı daha üç terminalın tikintisi haqda qərar verildi. Terminalların inşası artıq bitmək üzrədir və demək olar ki, yaz aylarından tam fəaliyyətə başlayacaq. İlkin olaraq təqribən 25-30 milyard kubmetr qazın hər il Avropa bazarına çıxarılması planlaşdırılır. Bundan sonra ABŞ hətta yaxın 2-3 ildə Avropaya 80 milyard kubmetrə qədər qaz satmağı düşünür. Avropanın da ən çox qaz aldığı ölkə təbii ki, Rusiyadır. Avropanın illik qaz tələbatı təqribən 500 milyard kubmetrdir ki, bunun 140-150 milyard kubmetrini, yəni az qala üçdə birini Rusiya verir. İndi bu bazarda Rusiyanın sıxışdırılması prosesi baş verəcək. Amerikanın daha çox qaz satmağa başlaması həm qiymətlərin ucuzlaşmasına, həm də həcmin azalmasına səbəb olacaq”.

Ekspert bildirib ki, buna görə də Rusiya və Ermənistanda prezident seçkilərindən sonra Moskva ətraf ölkələrə, o cümlədən Ermənistana qaz satışında qiymət artımına gedə bilər:

“Ukrayna ilə bağlı da belə danışıqlar gedir. Azərbaycana da təklif olunub ki, 3 milyard kubmetrə yaxın rus qazı alınsın və həm öz ehtiyaclarını, həm də Avropaya ixrac üçün nəzərdə tutulan bir həcmi formalaşdırsın”.

Qeyd edək ki, Moskva İrəvana son illərdə satdığı qazın dəyərini artırmayıb, əksinə müəyyən hallarda Ermənistana güzəştlər edib.

BIR CAVAB BURAXIN