AƏSMA da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olundu

0
748
 15 may 2018-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti – tariximizin şanlı səhifəsi” mövzusunda respublika konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra AXC-nin fəaliyyətini əks et-dirən videoçarx nümayiş etdirilmişdir. Konfransı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru sosiologiya üzrə elmlər doktoru, professor Hüseyn Qaraşov açaraq AXC-nin yaranmasının 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının əhəmiyyətindən, Şərqin ilk demokratik respublikasının ictimai-siyasi və diplomatik fəaliyyətindən, 23 ay ərzində ölkədə aparılan islahatlardan danışdı, demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması sahəsində əldə edilən uğurlar barədə məlumat verdi. Sonra söz alan AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Kamran İsmayılov “Azərbaycançılıq və Azərbaycan Cümhuriyyəti” mövzusunda çıxış edərək milli oyanış, azərbaycançılıq məfkurəsi, milli-azadlıq hərəkatının genişlənməsində milli ideoloqlardan olan Məhəmməd Əmin Rəsulzadə, Fətəlixan Xoyski, Əlimərdanbəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və başqalarının xalqın azadlığı uğrunda mübarizəsini geniş təhlil etdi.
Tarixçi alimə görə, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi, sinfi bərabərsizliyi ortadan qaldırdı, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərli “Milli maarifçilikdən milli istiqlala gedən yol: Azərbaycan Cümhuriyyəti” adlı məruzəsində bildirdi ki, maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Filosof alimə görə, A.A.Bakıxanovun “Gülüstani-irəm”lə başlayan milli tarixçilik yolunu daha sonra H.Zərdabi, Ə.Hüseynzadə, C.Əfqani və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərdilər. F.Ələkbərliyə görə, Zərdabinin və Əfqaninin ortaya qoyduğu türklük, islamlıq və çağdaşlıq yolunu M.Ə.Rəsulzadə uğurla davam etdirərək Cümhuriyyətin milli ideyası kimi gerçəkləşdirə bilmişdir. AƏSMA-nın əməkdaşı, dosent Zeynəddin Şabanov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə həmkarlar ittifaqının fəaliyyəti” adlı məruzəsində həmin dövrün problemlə bağlı əsas xüsusiyyətlərindən bəhs edib. O bildirdi ki, bu dövrdə xırda burjua liderlərinin rəhbərlik etdiyi Bakı Fəhlə Konfransının (BFK) hökumətlə barışmaz müxalifətdə olması AXC-nin fəaliyyətinə çətinliklər yaradırdı. Ona görə, 1918-ci il dekabrın 24-də liderləri bolşeviklərdən ibarət olan BFK təxribatçı tətil keçirdi. Bolşeviklər fəhlələri Azərbaycanın sovet Rusiyasına birləşməsi uğrunda mübarizəyə təhrik edirdilər. BFK-nın iclasında iştirak edən M.Ə. Rəsulzadə konfransın liderlərinin separatçı mövqeyini qəti pisləmiş və xüsusilə vurğulamışdı ki, fəhlələrin iqtisadi maraqları ilə bağlı problemin həllində öz parlamentinə söykənən Azərbaycan hökuməti ətraflı iş aparır. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi Xəlil Babayev “Əlimərdan bəy Topçubaşov – ictimai-siyasi xadim kimi” mövzusundakı məruzəsində Ə.Topçubaşovun ictimai-siyasi fəalliyətinə işıq saldı. Konfrans digər məruzələrlə davam etdi.

 

BIR CAVAB BURAXIN