Federasiyanın idmançımızı beynəlxalq yarışa göndərməyə imkanı yoxdur

0
584
Həmidə Rüzgari - idmançı

Həmidə Rüzgari – idmançı

Kunq-fu və Sanda üzrə Azərbaycan çempionu Həmidə Rüzgari Moskvada keçiriləcək Dünya çempionatında iştirak etməyə bilər. ANS PRESS-in məlumatına görə, buna səbəb idmançının maliyyə probleminin olmasıdır.

Ölkə çempionunun sözlərinə görə, Kunq-fu və Sanda federasiyası idmançıların Moskvaya göndərilməsi üçün təxminən 900 manata qədər pul istəyir. Həmin pula təyyarə bileti və oteldə qalmaq daxildir. Maraqlıdır, görəsən, hansı kateqoriyaya görə federasiya idmançıları beynalxalq turnirə yola salır?

Həmidə Rüzgarinin kuboku və diplomu

Həmidə Rüzgarinin kuboku və diplomu

Kunq-fu və Sanda üzrə federasiya prezidenti Barat İsrafilov bütün işi klubların üstünə atır. Onun sözlərinə görə, idmançıların çıxış etdiyi klublar onların beynəlxalq turnirdə iştirak etməsini təmin etməlidir. O qeyd edib ki, federasiyanın maliyyə problemləri olduğu üçün onları təmin edə bilmir. Dünya çempionatında kunq-fu və sandaçılarımız çıxış etdiyi klubları yox, məhz Azərbaycanı təmsil etməklərinə baxmayaraq federasiya rəsmisi vurğulayıb ki, idmançıların bütün xərclərini klublar ödəməlidir, yaxud idmançının şəxsi sponsoru olmalıdır:

“Hansı idmançını klub maliyyələşdirirsə, həmin adam da çempionata gedir. Nazirlik 5-6 idmançıya kömək edir, qalanlarına isə federasiya mümkün olduğu qədər köməklik edib yola salır. Turnirə pulsuz gedən idmançı yoxdur. Əvvəl nazirlik 11 idmançıya köməklik edirdi. Bu dəqiqə, demək olar ki, bütün federasiyalarda imkan yoxdur. Federasiyalardan klublara məktub yollanır ki, seçdiyimiz idmançılara sponsorluq edin, turnirə göndərək. Federasiyalar tək özü sponsorluq edə bilmir”.

Barat İsrafilov (mərkəzdə) - Kunq-fu və Sanda Federasiyasının rəhbəri

Barat İsrafilov (mərkəzdə) – Kunq-fu və Sanda Federasiyasının rəhbəri

Barat İsrafilov idmançıların yığma komandaya seçimi zamanı ölkə çempionluğunun nəzərə alınmadığını deyib: “Biz nəticə verə biləcək idmançıları aparırıq. Nazirlik bizdən tələb edir ki, idmançılarımız medalla dönsünlər. Ötən il çempionata Həmidə Rüzgaridən güclü idmançı getmişdi, amma nəticə vermədi. Ümumiyyətlə, qızlar nəticə verə bilmir. Xaricdə uşuda, kunq-fuda qızlar çox güclü olurlar. Bizim qızlarımız o səviyyədə deyillər. Onlardan çempionata 8-10 qız gəlir, biz isə 4 nəfərdən 1-ni seçirik. Onun üçün də biz ancaq çox güclü idmançıları maliyyələşdiririk”.

Federasiya rəsmisi əlavə edib ki, nazirlik maliyyələşdirdiyi idmançı yarışdan nəticəsiz dönsə, həmin idmançı çox çətin ki, bir daha maliyyələşdirilsin.

Xarici təcrübə göstərir ki, Federasiya və idman nazirliyi birlikdə idmançıları tam təmin etməlidir. Əgər idmançı beynəlxalq arenada nəticə verə bilmirsə, bu, o demək deyil ki, onların sayını azaltmaq lazımdır. Onsuz da turnir öncəsi idmançı həyacan içində olur, üstəlik maliyyə problemi onu ümumiyyətlə həvəsdən sala bilər.

“Bəzi federasiyalar işi dövlətin boynuna atır”.

Azərbaycanın ağırlıqqaldırma üzrə yeganə Olimpiya dərəcəli hakimi, Əməkdar məşqçi Vahid Nəzərov ANS PRESS-ə verdiyi müsahibədə bildirib ki, federasiya idmançıları maliyyələşdirməlidir: “Əgər idmançı dövləti təmsil edirsə, o zaman mütləq dövlət onu təmin etməlidir. İdmançının şəxsi sponsoru olmamalıdır. Ancaq klublararası çempionatda idmançılar ilə müqavilə bağlanır və müqavilə əsasında öz hesabına çempionata aparılır”.

Təcrübəli hakimin sözlərinə görə, Gənclər və İdman nazirliyi, federasiyalar vəMilli olimpiya Komitəsi birgə işləməlidir ki, idmançıların bu cür problemləri olmasın: “Milli Olimpiya Komitəsinin prezidenti ölkə başçısı İlham Əliyevdir. Onun idmana qarşı diqqəti, qayğısı, maliyyəsi məlum olduğu kimi, yüksək səviyyədədir. Federasiyalar da idman növlərini inkişaf etdirməli və idmançıları maliyyəlişdirməlidirlər. Ancaq bəziləri bunu dövlətin boynuna atır, halbuki, bu sırf onların işidir. Federasiya rəhbəri həmin posta təyin olunub ki, idmanı inkişaf elətdirsin və maliyyələşdirsin. Əgər bunu etmirsə, o zaman o adam nə iş görür orada?!”

Səmayə Məmmədova - Gənclər və İdman Nazirliyinin mətbuat katibi

Səmayə Məmmədova – Gənclər və İdman Nazirliyinin mətbuat katibi

Kunfu və Sanda Federasiyasının Həmidə Rüzgarini maliyyələşdirməməsi ilə bağı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın da fikirlərini öyrəndik:

“Çempionat təqvim planında var. Amma müəyyən maliyyə ayrılıb, o maliyyə əsasında artıq baş məşqçi özü seçim edir ki, kimi aparacaq. İndidən mən iyul ayı haqqında heç nə deyə bilməyəcəm. Biz maliyyəni onlara ayırmışıq. Əgər əlavə maliyyə lazımdırsa, bu artıq bizlik deyil”.

Göründüyü kimi, kunfu və sandaçılarımız 900 manat pul tapa bilməsə, Moskvadakı dünya çempionatında gedə bilməyəcək. Bu isə Azərbaycanın adının dünyamiqyaslı bir yarışda səsləndirilməməsidir. Göstəriləcək nəticədən asılı olmayaraq, idmançılara şans verilməlidir ki, ölkəmizin adı xarici yarışlarda səslənsin, bayrağımız yüksəklərə qalxsın. Axı elə dövlətimizin siyasəti də bundan ibarətdir.

BIR CAVAB BURAXIN