8 il nazir kürsüsündə əyləşən, sorağı Azərbaycanın Yardımlı rayonundan gələn Qromıko

0
688

18 iyul 1909-cu ildə Qomel vilayətinin ucqar bir kəndində anadan olan Andrey Qromıko uşaqlıq illərində həmyaşıdlarından sakitliyi ilə fərqlənib. Hətta qohum-qonşular onun valideynlərinə “Andrey bu sakitliyi ilə kəndin sonuncu ağacından bir addım da qabağa gedə bilməyəcək” deyə istehza ediblər. Lakin zaman keçdi, Andrey Qromıkonun sakit, ancaq qətiyyətli səsi SSRİ-nin xarici işlər naziri kimi dünyanın müxtəlif ölkələrindən gəlməyə başladı.

Andrey Qromıkonun siyasi karyerasının başlanğıcının maraqlı tarixçəsi var. 30-cu illərdə SSRİ Xalq Xarici İşlər Komissarlığında Stalin tərəfindən aparılan represiyalar və təmizləmələrdən sonra bu quruma yeni kadrların cəlb olunması məsələsi Molotova həvalə olunub. Molotov ciddi seçimlərdən sonra namizədlərin siyahısını Stalinə təqdim edib. Stalin siyahını nəzərdən keçirərkən Qromıkonun adı üzərində dayanıb: “Bu soyad mənim xoşuma gəlir”.

Beləliklə, Andrey Qromıko 1939-cu ilin may ayında Xarici İşlər Komissarlığında Amerika ölkələri üzrə şöbənin müdiri vəzifəsinə təyinat alıb.

Sonralar həmin dövr haqqında Qromıko öz xatirələrində yazıb: “Bu mənim üçün tamamilə bir təsadüf idi. Həmin ərəfədə mənim yerimdə başqa bir şəxs də ola bilərdi. Seçim zamanı heç bir səbəb olmadan mən fərqləndim və mənim diplomat olmağım sırf təsadüf nəticəsində baş verdi”.

Bu təsadüf Andrey Qromıkonu ucqar bir kənd məktəbindən ən ali vəzifələrə qədər aparıb.

Andrey Qromıko qısa bir müddət ərzində öz işinin bilicisi kimi tanınıb, Kremlin etibar edəcəyi siyasətçi kimi dövlətin siyasi kursunun müəyyənləşdirilməsində əsas söz sahiblərindən birinə çevrilib. Bunun nəticəsi olaraq o, şəxsən Stalinin təşəbbüsü ilə Vaşinqtona səfir təyin edilib, Amerika Birləşmiş Ştatları ilə çox da isti olmayan münasibətlərin yaxşılaşdırılması kimi vacib bir məsələ məhz ona həvalə edilib.

İkinci dünya müharibəsi ərəfəsində Amerika ilə SSRİ arasında əsas körpü rolunu oynayan Qromıko bir çox əhəmiyyətli siyasi tədbirlərin, o cümlədən Yalta görüşünün təşkilatçılarından biri olub.

Andrey Qromıkonun Azərbaycana da yolu düşüb. Uzun illər “tam məxfi” qovluqlarında saxlanılan Yardımlı hadisələrində Qromıko Kremlin göstərişi ilə Azərbaycana, Yardımlı rayonuna ezam olunub. 1948-ci ilin oktyabrında SSRİ-nin dövlət sərhədi İran tərəfindən Yardımlı rayonunun Deman kəndi istiqamətində pozulub. Üç gün davam edən qarşıdurmadan sonra İran tərəfi böyük itkilər verərək geri çəkilib. Sərhəddin SSRİ ərazisində xəndəklər qazılaraq İran tərəfdən ölənlər elə oradaca basdırılıb. Sərhəddin İran tərəfdən pozulmasının hansı məqsəd daşımağı ilə bağlı bir çox versiyalar var. Bu versiyalardan ən əsası o götürülür ki, çox-çox qədimlərdən bu istiqamət mühüm ticarət yollarının kəsişməsi olub, elə İran da bu məqsədlə həmin ərazini ələ keçirmək istəyib. Məhz, bu problemin həll olunması üçün də Qromıko birbaşa hadisə yerində vəziyyətə nəzarət edib, məsələni Kremlin istədiyi kimi həll etməyə nail olub.

Sözsüz ki, gərgin və qüsursuz siyasi fəaliyyət rəhbərlik tərəfindən diqqətdən kənar qalmayıb. 1957-ci ilin fevral ayında SSRİ xarici işlər naziri Dmitri Şepilov Sov.İKP MK-nın katibi vəzifəsinə təyinat alarkən Xruşov ondan öz yerinə kimin namizədliyini soruşanda nazir tərəddüt etmədən Qromıkonun adını çəkib.


Andrey Qromıko 1957-ci il fevralın 15-də SSRİ-nin xarici işlər naziri təyin edilib. Bu təyinatın ömrü düz 28 il, 1985-ə kimi davam edib.

Baş katibləri bir-bir yola salan Qromıko Andropovun ölümündən sonra birinci kürsüyə sahib olmaq iddiasına düşüb. Müzakirə Siyasi Büroya çıxarılmazdan qabaq Ustinov, Tixonov, Çernenko və Qromıkonun görüşü olub. Münasibətlərinin normal olmasına baxmayaraq Ustinov Qromıkonun iddiasını başa düşəndə o, Çernenkonun baş katib olmasını daha məqsədəuyğun sayıb və bu məsələ dördlükdə öz həllini tapıb.

Qorbaçovun baş katib olmasında isə birbaşa təşəbbüskar Qrpmıkonun özü olub. Bu “canfəşanlığın” sayəsində o, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. Ömrünün son illərində jurnalistlərə müsahibə verən Qromıko bildirib ki, uzun illər boyu siyasi fəaliyyətində heç bir səhvə yol verməyib. Diplomat onu da vurğulayıb ki, yeganə səhv atdığı addım Qorbaçovun baş katib seçilməsində təşəbbüskarlığı olub.

1988-ci ildə 19-cu partiya konfransında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə yenidən baxılıb və qərara alınıb ki, dövlət başçısının yeni vəzifəsinin adı SSRİ ALİ Sovetinin sədri olmalıdır və bu vəzifəni hakim partiyanın rəhbəri tutmalıdır. Həmin ərəfədə Qromıkonun Pxenyana səfəri nəzərdə tutulub. Səfər təxirə salınıb. Qorbaçov Qromıko ilə görüşüb və razılığa gəliblər. Qromıko MK-nın plenumuna könüllü istefası ilə bağlı ərizə təqdim edib.

Ayrı-ayrı siyasətçilər Qromıko haqqında fərqli fikirlər söyləyiblər. Bəziləri onu Stalin dövrünün qalığı, digərləri şəxsi təşəbbüskarlıqdan kənar olan quru siyasətçi, bir başqa qisim birinci şəxsə arxalanıb öz yerini möhkəmlədən məmur, bir qrup isə onu mükəmməl siyasi xadim və təçrübəli diplomat kimi qiymətləndiriblər.

Rusiya Federasiyasının hazırki xarici işlər naziri Sergey Lavrov isə Qromıkonu “SSRİ dövrünün görkəmli diplomatı” kimi dəyərləndirib.

Bir çox hallarda Qromıkonu ləng, uzun-uzadı danışıqlara gedən siyasətçi kimi də qələmə veriblər. Bu cür qiymət verənlərə isə Qromıko bir cümlə ilə cavab verib: “Bir gün müharibədənsə, 10 il danışıqlar aparmaq daha yaxşıdır”.

Yüksək imtiyazlara baxmayaraq, Qromıko sadə həyat tərzinə üstünlük verib. O adəti üzrə səhər saat 9-dan axşam saat 10-11-ə qədər kabinetində işləyib, evə gələndə isə özü ilə bir qovluq sənəd gətirib. Bir çox Kreml məmurları kimi Qromıko da ov həvəskarı olub. Və o, bu şakərini belə qiymətləndirib: “Ova çıxarkən mən hər şeyi unuduram. Hətta atom bombalarını belə…”.

28 il rekord müddətdə ölkənin xarici işlər naziri postunda çalışan Andrey Qromıko qərb həmkarları ilə diplomatik danışıqlar zamanı heç bir təkliflə razılaşmayan və yola gəlməyən bir siyasətçi kimi qeyri-rəsmi olaraq “Cənab Yox” titulunu qazanıb. Soyuqqanlılığı və təmkini ilə fərqlənən siyasətçi zamanında ona verilən bu ada belə münasibət bildirib: “Mən onların “nou”larını daha çox eşitmişəm, nəinki onlar mənim “yox” ifadəmi”.

Qromıkonun “Yox” ifadəsi ilə bağlı diplomatlar arasında yarızarafat, yarıgerçək belə bir məsəl yaranıb: Əgər diplomat “hə” deyirsə – bu “ola bilər” deməkdir, əgər “ola bilər” deyirsə – bu “yox” deməkdir, əgər “yox” deyirsə – bu artıq Andrey Qromıkodur.

Ailə qayğıları ilə heç vaxt məşğul olmayan diplomat xarici səfərlərdə olarkən ailə üzvlərini hədiyyələrlə sevindirməyib. Amma hər xaricə səfəri zamanı Brejnevə, Andropova, sonradan isə Çernenkoya hər dəfə eyni hədiyyələri alıb: şlyapa, köynək, qalstuk…

Son vəzifəsindən istefaya gedəndə Qromıko Siyasi Bürodan ona bağ evinin, avtomobilin və bir nəfər köməkçinin verilməsini xahiş edib. Diplomatın xahişinə müsbət cavab verilib.

Qromıkonun uzun illər yüksək dövlət vəzifəsində işləməyinin və adının heç bir qalmaqalda çəkilməməsinin sirrini öyrənmək istəyən kütləvi informasiya vasitələrinin nümayəndələrinə o istefada olduğu illərdə cavab verib:

“Mən heç vaxt heç kimə paxıllıq etməmişəm, heç bir çəkişmədə iştirak etməyib, hamı ilə bərabər münasibətlər saxlamağa çalışmışam. Diplomatiya – incə məsələdir. Neçə dəfə mənə işləməyə mane olublar? Saymaq mümkün olsaydı, deyərdim bəlkə də milyon dəfə. Amma mən bir dəfə də olsun təmkinimi pozmamışam. Budur mənim sirrim”.


İstefada olduğu illərdə Qromıkonun yazdığı iki cildlik “Xatirələr” kitabı da birmənalı qarşılanmayıb. Hətta bu kitab haqqında “diplomatın sərsəmləmələri” ifadəsi də işlədilib.

Andrey Qromıko haqqında fikirlər müxtəlif olsa da bir fakt var ki, o, Stalin kimi ziddiyyətli, Xruşov kimi anlaşılmaz, Brejnev kimi qeyri-müəyyən, Andropov kimi sərt, Çernenko kimi hiss olunmayan rəhbərlərlə dil tapmağı bacarıb. Daha dəqiq desək onları yola verə bilib. Yəqin ki, elə bunun üçün də əsl diplomat olmaq lazım imiş. Andrey Qromıko kimi…

Andrey Qromıko 1989-cu ildə 80 yaşına üç gün qalmış Moskva şəhərində vəfat edib. O, özünün vəsiyyəti, doğmalarının xahişi ilə Moskvada Novodeviçye qəbirstanlığında dəfn olunub.Modern.az \İlham Cəmiloğlu

 

BIR CAVAB BURAXIN