Bu gün müğənni Əli Mirəliyevin 68 yaşı tamam olur.
Müğənni doğum günündə “Ölkə.Az”a qısa müsahibə verib və qalmaqallı açıqlamalarla yadda qalıb.
– Əli müəllim, doğum gününüz mübarək. Təbrik edirəm
– Sağ ol. Hardan bildin ala? (gülür)
– Maşallah, əhvalınız çox yaxşıdır. Deyəsən ilk təbriki xüsusi şəxsdən almısınız…
– İlk təbriki dostumun balası Zaurdan almışam.
– Neçə yaşınız tamam olur?
– 68.
– Heç sizə o yaşı vermək olmur.
– O ayrı söhbətdir. Allah təala hər kəsə nəsə verir. Mənə də bunu verib, yaşımdan cavan görünürəm.
– Əli müəllim, bu il həm də ilk dəfə aparıcı kimi ekranda göründünüz. Hər halda ili sizin üçün düşərli hesab etmək olar.
– Hələ il qurtarmayıb. Görək axırda nə olacaq (gülür). Dünən verilişimizin redaktoru Vüsalə Vəliyevə on ikiyə on dəqiqə qalmış zəng vurub ki, ay Əli müəllim, sənə nə olub? Deyirəm, heç nə. Deyir, saytlar yazırlar ki, sən rəhmətə getmisən. Sayt da yazmalıdır ki, pul qazansın da. İndi həqiqətən rəhmətə getsəm, heç kim inanmayacaq. Elə biləcəklər ki, yalandandı.
– Müsahibələrinizin birində demişdiniz ki, kişi gərək hər şeyin dadına baxsın…
– Kişi gərək hər şeydən xəbərdar olsun, amma onun xiridarı olmasın. Yəni, pis adətlərə vərdiş etməsin. Bilsin ki, nəşəni çəkmək olmaz, iynəni vurmaq olmaz. Beynimdə belə fikirlər həmişə olub.
– Deyilənə görə dəliqanlı cavanlığınız olub. Hətta sənətçi xanımlarla sevgi macəralarınızın olduğunu deyirlər.
– Müğənni qadınlara heç bir macəram olmayıb. Onlardan zəhləm gedir. Qıraqda qadınlarım olub. Müğənniləri görmüşəm də nə gündədirlər. Səhər tezdən baxırsan ki, üzləri şişib, “piyaniskə”yə oxşayırlar. Sizin yanınızda özlərin gözəl göstərməklərinə baxmayın. Həyatda onlar itə oxşayırlar. Ağızlarından iy gəlir, adam iyrənir. Qıraq-bucaqda sevgilim olub, amma müğənni yox.
– Bəs bu mənada problem yaşamısınız?
– Niyə problem yaratmalıdır? Problemi onlar özləri özləri üçün yaradıblar. Gəlirəm, toy oxuyuram. Nömrə göndərirdilər, elə bilirdim ki, toya çağırırlar. Açıb oxuyurdum ki, filan vaxt filan yerdə səni gözləyirəm. Hər şeyi danışmaq olmur axı. Bir onu bilirəm ki, həmişə dostum qadınlar olub. Kişi dostlarım az olub. Çünki qadın kişidən etibarlıdır. Müğənni qadın yox ha, o biri qadınlar. Müğənni qadınlar ayağı sürüşkəndi.