50 dollar, 3 bakal pivə, bir qızılgül və şüt tamam… – Bakının gecə həyatı

0
943

Saat 12-yə işləyir. “İçərişəhər” metrostansiyasından çıxıb “Torqovı” küçəsinə doğru irəliləyirəm. Cavanlar keçsin günahımdan, Nizami küçəsinə…

 

Nizami küçəsinin tinində gəlib-gedənləri iki gülsatan oğlan qarşılayır. Yox, buna qarşılamaq demirlər. Öz aralarında tutaşırlar. Bir qıraqda dayanıb qulaq kəsilirəm. Deyəsən, dava yer davasıdır. Biri o birinə deyir ki, bir az aralıda dursun, onun “bazarını öldürməsin”. Az sonra barışırlar. Biri yolun sağında, o biri solunda dayanıb, müştərilərə gül uzadırlar. Yerli sevgililərə 5 manata təklif olunan qırmızı güllər, turistlərə “doqquz barmaq göstərir”. Daha doğrusu, dilbilməz gülsatanlarımız qiymət soruşan xarici qonaqlara əllərindəki bağlamanı kökslərinə sıxıb iki əl barmaqları ilə “9 manat” göstərirlər.

Təxminən 20 metr aralıda gül satan oğlanlardan biri ərəblərə yaxınlaşır. Əlindəki bağlamanı ona uzadır. Üç yekəpər ərəb isə bu qarabuğdayı oğlanın sinələrinə doğru uzatdığı bağlamaya dodaq büzür. “No, no…” – deyib yaxınlıqda anadoluların “kestane” dediyi şabalıd qovurması satılan yerə burulurlar. Ərəblərdən incimiş qardaşa təsəlli vermək üçün yaxınlıqdakı skamyada özü yaşlarında bir xanımla oturmuş ahıl yaşlı kişi təbəssümlə – “ay oğul, ərəb nə qanır gülü” – deyir. Yanındakı xanım da alt dodağını dişləyib, ahıl kişiyə təbəssümlə gözünü ağardır. Bu yolla ağzındakı cümləni bitirməyə imkan vermir. Adamın üstündə Allah var, gülsatan oğlanın əlindəkilər şux deyil, yarpaqlarına kimi solub.

 

Ərəblərsə manqalın yanında naqqaşla şabalıd çevirən oğlanın müştərini yola salmasını gözləyirlər. Hərəsi bir ovuc şabalıd sifariş verir. Ardınca köynəklərinə “Finland” yazılmış iki hündür oğlan gəlir və beləcə “kestane” manqalı önündə növbə yaranır. Şabalıd qovuran gənc əlindəki fenlə qovurduqlarının külünü təmizləyir, əvvəlcədən burulmuş kağıza bükür və müştərilərə uzadır. Qiymətini soruşuram, “şabalıdın biri bir manatdır” – deyir.

 

Meymundan “çörək ağacı”…

 

Ərəblər burada qalsın, sizə kimdən deyim, nədən danışım; meymundan pul qazanan “qaqaş”dan. Adını bilmirəm. Soruşmağa da ərindim. Hamı onu bu adla çağırır, hətta ərəblər də “qahqaşş” deyə müraciət edirlər. Baxdım ki, əlindəkini özündən yaxşı geyindirib-keçindirib. Meymunu deyirəm. Hamı meymunla şəkil çəkdirmək istəyir. Telefonla “selfi” çəkmək üç, fotoaparatla şəkil çəkdirmək beş manatdır. Çox adam, meymungəzdirənin yanındakı şəkilçəkənə əhəmiyyət vermir. Öz telefonları ilə Nizami küçəsinin çilçıraqlı küçələrinə şənlik gətirən həzrəti meymunla xatirə şəkli çəkdirirlər. Oxucum uşaqdırsa bağışlasın, meymun əlil arabasındakı hicablı bir ərəb arvadı görən kimi öpdü. Ərəblər qəhqəhə ilə bu mənzərəni alqışlamağa başladı. Sonra bayaq barələrində bir cümlə ilə danışdığım finlandiyadan olan iki nəfər gəldi. Deyəsən, ekiz idilər, bir-birilərinə çox bənzəyirdilər. Meymunla şəkil çəkdirmək üçün 3 manat saydılar. Qışın günündə keçəl başlarını görəndə başımdakı panamanın altındakı tükləri üşütmə tutdu. Bədənim gizildədi. Hərbi forma geydirilmiş meymunu əlil arabasındakı ərəbin qucağından alıb, bu iki uzundan birinin boynuna mindirdilər. Görünür, meymun ərəbin isti qucağını finlandiyalıların soyuq boynuna dəyişmək istəmirmiş, minən kimi oğlanın keçəl başını şillələməyə başladı. Ərəblər yenə qəhqəhə çəkdi. Şimallılar isə soyuq təbəssümlə meymunun acığını soyutmağa çalışdılar.

 

Ara sakitləşəndən sonra sözarası meymunu çörək ağacına döndərmiş qardaşdan gündəlik qazancını soruşuram. Axşam saat səkkizdən gecə ikiyə qədər burada olduğunu, hər gün 40-50 manat arası pul qazandığını deyir.

 

Üç ərəb müşketyorun hekayəti…

 

Xaqani Ticarət Mərkəzindən bir az yuxarıda üç ərəb “ova çıxıb”. Deyəsən, özlərinə həmsöhbət axtarırlar. Əvvəlcə qarşılarına sarışın bir rus qızı çıxdı. İngiliscə dərdlərini anlatmağa çalışdılar. Amma deyəsən, bu dəfə “devuşka” abırlı çıxdı, ədəb-ərkanla “izvinite” deyərək, başını aşağı salıb ərəblərin ortasından keçdi. Ağlınıza başqa şey gəlməsin, yəni, üç gombul gəncin yaratdığı süni “mühasirəni” yardı.

 

Sonra üç gənc qız söhbətləşə-söhbətləşə ərəblərin düz yanından keçdi. Yenə də müsbət cavab almadılar. Aldıqları cavablar o qədər çılpaq idi ki, təfərrüata varmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, zavallı müşketyorların ana-bacıları uzaq Ərəbistan səhrasında qəfil söyüş yağmuruna düşmüşdü…

 

Bu dəm bir qadın başa düşmədiyim bir dildə yanındakı balaca qızcığaza üç ədəd tum paketi verdi ki, ərəblərə uzatsın. Qızcığaz da anasından tumları alan kimi ova çıxmış gənclərin önünə yüyürdü:

 

– Bir manat, bir manat…

 

Sən demə, ərəb “qaqaşlar” da qarabəniz arvadın uşağına üç tum verdiyini görübmüş, gözlənilmədən Rus Dram Teatrının tinində dayanmış xanıma yaxınlaşdı. İçlərinin ən bəstəboyu əlini divara qoyub tumsatan xanıma nəsə təklif etdi. Bircə “going” sözünü eşitdim. Hara gedəcəklərini anlamadım. Səs-küyün “it döydüyü” kəsişmədə qulaq məsafəmiz elə də yaxın deyildi. Bir də onu gördüm ki, tumsatan qarabəniz arvad qızcığazın əlindən tutub oradan uzaqlaşmağa çalışır. Atışları boşa çıxan üç səfil müşketyoru burada qoyub, yoluma davam edirəm.

 

Kənarda damağına iki siqareti birdən keçirmiş iki sarışın oğlan skripka çalır… Skripkanın çantasını açıb yerə səriblər. Gəlib-gedənlər pul atmasa da, qutuda beş-altı birmanatlıq, bir az da qəpik gözə dəyir. Deyəsən, “Gəl ey səhər”i ifa edirlər. Cibimi eşələyib qəpik axtarıram. Bir şey çıxmır. Manat atmağa da əlim gəlmir. Onsuz da ifalarını, daha doğrusu, musiqi seçimlərini bəyənməmişdim. Ritmik gecəyə yaraşmayan həzin musiqidən ürpənib yolumu dəyişirəm.

 

Ayətül kürsi+Seyid Lazım ağanın fotosu = 1 manat…

 

Gənc Tamaşaçılar Teatrının yanında maraqlı bir mənzərə ilə qarşılaşdım. Bəstəboy, 35-40 yaşlarında bir kişi ərəblərə yaxınlaşıb nəsə deyir. Əlində də laminantlanmış vərəqlər var. Ərəbin biri vərəqi götürdü. Bizimki əvəzində pul istədi. Yanında xanımı və uşağı olan hündürboy və gözlüklü ərəb vərəqi sahibinə israrla geri qaytardı. Vərəqlərdən çörəkpulu qazanan bu oğlan arxadan başqa bir saqqallının gəldiyini görüb, ona yaxınlaşdı. O da götürmədi. Bu dəfə özüm yaxınlaşdım. “Qardaş, o nədir elə” – soruşdum. “Sənnik döyül” – dedi:

 

– Al bu bir manatı, görürəm yaxşı oğlansan, sən canın bunlar nədir belə?

 

Oğlan yumşaldı:

 

– Seyid Lazım ağanın şəklidir, o biri də ayətül-kürsidir. Bizim də çörəkpulumuz bundan çıxır.

 

– Şəkillər səndə qalsın, ala bu bir manatı da gəl bir az söhbət edək – deyirəm. Razılaşır. Deyir ki, Yevlaxdandır. Adı da Maarifdir. Ayətül-kürsini və seyidlərin şəkillərini sataraq pul qazanır, rayona göndərir:

“Günə yeddi-səkkiz manat çıxarmaq olur. Bəzən də heç nə sata bilmirəm. İki nəfərik. Kirayədə qalırıq. O biri dostum “Torqovı”nın girişindəki karuselin yanında durur. Həmin oğlan Ağdaşdandı. Əvvəllər bunların hərəsini bir manata satırdıq. O vaxt suvenir kimi alırdılar. Sonra tərcüməçilər bizim bazarımızı öldürdü. Nə dedilər, nə demədilər, bilmirəm. Ərəblər, farslar, əfqanlar bizdən üz döndərdilər. Biz də əvvəl birini bir manata verdiyimiz şəkillərə endirim elədik. İndi ikisini bir manata veririk. Farslar onsuz da xəsisdirlər, belə şeyə pul verən deyillər. Ümidimiz ərəblərə qalıb. Ərəbcə də bilmirik. Bir-iki sözlə anlaşmağa çalışırıq”.

 

Maarif deyir ki, gecə saat üçdə-dörddə işlərini yekunlaşdırırlar. Qazanclarından yumurta, çörək, bir də “çubuş” araq alıb “yorğunluq çıxarır”, sabah günortaya qədər yatacaq. Sonra yenə kserokopiyaya gedib 15-20 ədəd ayətül-kürsi laminantladacaq.

 

“Fifti manat” və ya “ay əm Corciyə”…

 

Yevlaxlı Maariflə söhbətimizi isə kənardan iki qızla gələn dörd ərəb kəsir. Söhbətləşə-söhbətləşə gəlirlər… Maarifin bu dəfə də cəhdi alınmır. Əvəzində mən düşürəm bunların dalınca. Qızlar azərbaycanlıdır. Bəstəboy və qarabuğdayı qızlarla deyəsən yenicə tanış olublar. Çünki ərəb qaqaşlardan biri “Where are you from?” sualını hələ indi ünvanlamağa macal tapmışdı. Haralı olduğunu soruşurdu. Qız elə bu küçələrdəcə əzbərlədiyi ingiliscə kəlmələri yanaşı düzüb, yer-yurdunun adını da qoşdu cümlənin axırına.

 

Yanındakı qız onun bu halına təəccüblə baxanda, bir-birinə qoşulub gülüşdülər. Ərəblər də bunlara baxıb irişirdi.

 

Qiymət danışırlar. Qız bir əlinin beş barmağını da açıb “fifti manat” deyir. Ərəblər məmnun görünür. Amma hələ ki… Bizim bəstəboyların o birisi alış-veriş mağazasının yaxınlığındakı ayaqqabı vitrinlərini göstərir. “Ayy… veri nays…” deyə şəhvani bir ah çəkir. Guya ayaqqabıları çox bəyənib. Ərəblərdən birinin qaşları düyünlənir. Başqa bir ərəb şəhvani ah çəkən qızın (adı deyəsən Aygün idi) nazlandığını görüb, fürsəti əldən vermir. Belində yapışır, üzr istəyirəm, qucaqlayır. Çox uzatmırlar, içəri daxil olurlar.

Bir az gözləyib mən də içəri keçirəm. Əyilib qiymətlərə baxmaq istəyəndə başımdakı “panama” qiymətlərin üstünü örtür. “Panama”mı qaldırıb başıma qoyuram – 636 manat, 545 manat… hamısı da qadın tufliləri, idman ayaqqabıları… Ərəblərin ağızları büzülür. Axırda qızlar “doxsanbeşlik” bir ayaqqabının üzərində dayanırlar. Ərəb də gecənin bu vədəsində “dəvəsi ölməsin” deyə razılaşır. Deyəsən, pulu öz aralarında bölüşdürürlər ki, ucuz başa gəlsin (bəs deyirdilər ki, bədəvilər əlikəsik olmur?!). Dörd ərəbin iki qıza bir cüt ayaqqabı almasını açığını desəm, bəyənmədim. Hara getsə bizimkilərdi, yola verilmələrinə qanım qeyri-ixtiyari qaralır. Özümdən asılı deyil…

 

Gecə qara, beçə qara…

 

Biz tərəflərdə erkək cinsindən olan cücələrə beçə deyirlər. Bilmirəm, saat ikiyə işləmiş bu söz hardan yadıma düşdü amma ayaqlarım ağrıdı. Ayaqlarım dincini alsın deyə, nəfəs dərməyə yer axtarıram. Axır ki, skamyaların birində ərəb xanımların yanında əyləşirəm. Bir siqaret yandırıram. Gənc ərəb xanımlardan birinin üzü, ümumiyyətlə, görünmür. Hətta çadranın altındakının kişi və ya qadın olduğunu bilməyəcək dərəcədə seçilmir. Açıqda qalan hissədən bir cüt göz baxır amma o da qara… O birisi isə üz-gözünə o qədər pudra yaxıb ki, hətta işıq dirəklərinin altında da üz cizgilərini seçmək olmur.

 

Elə bu dəm iki ərəbin iki cinsi azlıqla yanımızdan keçdiyini görürəm. Əli çantalı bu “xanımlar” “kişmişi gülüşlərlə” ərəbləri yoldan çıxarmağa çalışırdı. Ən azından mən belə hiss etdim. Amma ərəblər də onlara qarşı biganə deyildilər. Yaxınlıqdakı tini burulub, gözdən itdilər. Siqaretimi zibil qutusuna atıb mən də yoluma davam edirəm.

 

50 dollar, 3 bakal pivə, bir qızılgül… və şüt tamam…

 

Rəsul Rza küçəsindəki barlardan birinin qapısını döyürəm. Artıq Bakı da, mən də hətta ərəblər də sərxoş olub. İçəridəki uğultudan, “xameleon” işıqlardan gözüm alacalanır, yəni görmə qabiliyyətim sözümə baxmır. Bir ədəd balaca “Bizon” sifariş verib 5 manatımdan keçirəm. Təkayaq stolların arxasında pivə içən kim, tekila vuran kim… Yerli oğlanlar, qızlar da var, ərəblər də, avropalılar da… Öz aramızdı, xidmət də pis deyil. Elə yenicə yerimə oturmuşdum ki, bir xanım yaxınlaşdı. Mənə bir qızılgül ala bilərsinizmi –deyə soruşdu. Əli ilə küncdə güldanların içindəki gülləri göstərdi. Gülümsəyib, yola verdim. Heç nə olmamış kimi ingilislərin oturduğu masaya yaxınlaşdı. Onların ən ağsaqqalı qızı yanına çağırıb dizinin üstündə otuzdurdu. Əli ilə gülsatan oğlana sifariş verdi ki, bir ədəd qızılgül gətirsin. Satıcı gülü xanıma verib, yerinə qayıtdı. Əl hərəkətlərindən anladım ki, ingilis xanımla romantik gecəni bölüşməyi təklif edir. Buruqsaç, göbəyi açıq partnyor isə nazla “50 dollar xərci var” – deyir. İngilis ağız büzür. Və xanım oturduğu yerdən qalxır. Bir qədər sonra sevdiyim “Tunak-tunak” musiqisi səslənir. Dinləməyənlər üçün məsləhətlidir. Sümük idmanı üçün əla reseptdir.

 

Yanımda oturan ərəb əli ilə sarışın bir xanımı dəvət edir. Söhbətə qulaq kəsilirəm. Xanım gələn kimi ərəbin qalın saqqalından “ustufca” öpür. Ərəb qaqaş hövsələsiz şəkildə qiymət danışır. Bu da “əlli dollar” deyir. Razılaşırlar. Qız geyinib çıxmağa hazırlaşarkən yanımdakı məndən otel ünvanı və ya hostel soruşur. Çiyinlərimi çəkirəm. Sonra əlavə edir ki, burada ailəsi ilə qalır. Ona görə də kirayələdiyi evə apara bilmədiyini söyləyir.

 

Başqa bir ərəb masamıza yaxınlaşır. Canıyammış suyuşirin oğlandı. Ünsiyyətcil olduğunu təbəssümlərindən hiss etmək olur. Fürsəti əldən verməyib, Bakı haqqında fikirlərini soruşuram:

 

– Assalamu aleykum!

– Aleykum… (başını yelləyir).

– Keyfə halukə? (kefini soruşuram).

– Bi xayri şukran.

 

Ərəbcə dialoq limitim burada bitdiyindən (üz vurmayın) ingiliscəyə keçirəm.

 

– Bilirsən, tez kəşf olunan şəhərdir. Bir həftədir ki, buradayıq. Hər yeri gəzmişəm. Ləzzət almağa yer tapmıram. Görməli yerlər məhduddur. Qızlar isə tez yola gələndir. Naz etməyi sevmirlər. Taksilər isə bərbaddır. Elə yollarınız da. Komfort yoxdur. Yeməklər isə möhtəşəmdir. Ağız dadınıza heyran qalmışıq. Hətta balaca oğlum kababı çox sevir. Hər gün onun xatirinə kabab bişirilən restoran axtarırıq ki, fərqli dadlardan həzz alaq.

 

Yanımdakı ərəb bayaqkı xanımla durub çıxır. Bizim oğlanlar isə kimlə gəldi oynayır. İçkinin təsirində olduqlarını xumarlanan gözlərindən anlayırsan. Hiss olunur ki, əksəriyyəti tələbədir. Amma özlərinə xanım partnyor tapmaqda ərəblər qədər mahir deyillər.

 

Masanın üzərindəki boş “Bizon” qutusunu əlimdə saxlayıram ki, qarson “nəsə lazımdırmı?” – sualı ilə narahat etməsin. Yerimi dəyişirəm. Yan masadan 7-8 nəfərlik bir qrupun səsi gəlir:

 

– Əəəə, yetim, ərəb Nərgizi apardıye, bizə yaxınlıq vermədi.

 

– Başua kül, ərəbdə olan məndə olsaydı, nərgiz dəstələyirdim indi.

 

Qaqaşın hazırcavablığı xoşuma gəldi. Söhbətlərinə qulaq kəsildim. Məlum olur ki, yerli müştərilər “qiymət”i aşağı salmağa çalışdığı üçün Nərgiz adlı qız ərəb gənclərlə əylənməyi üstün tutub. Üç bakal pivələrini içib, amma razılaşa bilməyiblər.

 

İmtahan öncəsi istirahət…

 

Durub çıxmağa hazırlaşırdım ki, iki nəfərin mənə doğru gəldiyini gördüm. Biri yeniyetməyə bənzəyirdi. O birinin isə sadəcə sifəti tanış gəlirdi:

 

– Ooo, salam qardaş, necəsəəən? (Musiqinin səsindən yüksək tonla danışırdı)

 

Gülümsəyib utanaraq salamladım. Çünki adını bilmirdim, amma o məni öz ismi-şərifimlə çağırırdı:

 

– Nə var, nə yox qardaş? (mızıldandım)

 

– Yaxşlıq, şükür. Tanış ol, əmoğludur. Bu il məzun olur. Türkiyəyə imtahan verəcək. Dedim ki, bir az istirahət eləsin, kefi açılsın. Həm də təcrübə toplasın. Orada nəyi necə etməyi öyrənsin. (Uşaq da əmisi oğlunun sözlərindən utanıb başını aşağı salır. Hiss olunur ki, belə yerlərə ilk dəfədir gəlir). Özün necəsən?

 

– Sağ ol, qardaş.

 

Qısa söhbətdən sonra məlum oldu ki, eyni universiteti oxumuşuq. O, mənim haqqımda bir çox nüansı yadında saxlasa da, mən qarşımdakı göygöz oğlanın adına qədər unutmuşam.

 

Qəfil otaq yoldaşımdan zəng gəlir. Zəngi bəhanə edib onlarla sağollaşıram.

 

Ərəbin biri 20 manat…

 

Gecə klubundakı adamşəkilli günahlardan aralaşıb bayıra çıxıram. Taksi çağırıram. Babək prospektinə altı manat “oxuyur”.  Beş manata razılaşırıq. Orta yaşlı sürücü yolum elə o tərəfədir – deyir. Əyləşən kimi ərəblərdən söhbət salır. Barlarla, gecə klubları ilə əməkdaşlıq etdiyi söyləyir:

 

– Qaqulya, bu küçənin yuxarısında (arxanı göstərir) bir sauna var. Əgər beş ərəb gətirsəm, hərəsinə 20 manat alıram. O da həmişə olmur. Demək olar ki, taksiçilikdən daha çox onlardan qazanıram. Heç olmadım deyəndə bir ərəb “tuturam”. Ərəblər də kefçəkən millətdi. Müsəlman olsalar da, qıza, bara, saunaya pul xərcləyəndilər.

 

– Bəs ərəblərlə neçə manata danışırsınız taksini?

 

– Saunaya aparanda 5-6 manata razılaşırıq ki, qaçmasınlar. Onsuz da pulumuzu oradan verirlər. Amma başqa yerlərə bir az artıq olur(gülür).

 

Evə çataçatda yadıma düşür ki, tünd qəhvəyi “panamamı” gecə klubunda qoyub çıxmışam. Təəssüflənsəm də, taksini geri sürdürməyə ərinirəm. Çünki artıq saat dördə işləyir. İndiyə ərəblər də, “nərgizlər” də gedib. Hətta Nərgizi 20 manata görə ərəbə güzəştə gedən oğlanlar da. Bundan sonra papaq dərdi çəkməyin nə mənası?…

BIR CAVAB BURAXIN