5 rayonun qaytarılması: Bakı niyə bu plana qarşıdır?

0
653


 

Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələr, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu York görüşünün nəticəsi və bu fonda iki il aradan sonra prezidentlərin gözlənilən görüşü ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsini təqdim edirik:

– Sankt-Peterburq görüşündən sonra artıq ikinci ildir ki, Azərbaycan və Ermənistan prezidentləri bir araya gələ bilmirlər. Bu il BMT-də xarici işlər nazirləri səviyyəsində baş tutan görüşdə prezidentlərin ilin sonuna kimi görüşəcəyi ehtimal edilir. Ümumiyyətlə, nazirlərin son görüşündən hansı nəticəyə gəlmək olar?

– Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu York görüşünə diqqət yetirsək, görərik ki, bu barədə açıqlamalar çox az verildi. Hətta bu danışıqların hansı baza əsasında baş tutmasıyla bağlı sadə bir suala da cavab almamışıq. Bu danışıqlar Hoqlandın məşhur bəyanatından irəli gələn mövqeyi və “Lavrov planı” deyilən bir bazanın üzərində baş tutub. Hər halda mən o fikirdəyəmdəm ki, orada ciddi müzakirə olunan məsələlər mövcud deyildi. Çünki bundan öncə Ermənistan tərəfindən səslənən fikirlər onu göstərir ki, İrəvan nəinki güzəştə getmək, hətta öz mövqeyini belə dəyişmək niyyətində deyil.

O ki qaldı qarşıda prezidentlərin görüşünə, biz başa düşməliyik ki, artıq bu cür görüşlər daha çox daxili siyasətə xidmət kimi qəbul olunmalıdır. Çünki bildiyiniz ki, gələn ilin əvvəlində Ermənistanda Konstitusiya islahatları yekunlaşacaq və prezidentlik səlahiyyətləri baş nazirə veriləcək. Serj Sərkisyan yenidən baş nazir kimi dövlətin başçısı olmaq istəyir. Bu baxımdan da hesab edirəm ki, Sərkisyan bu görüşə nail olmaqla daxili auditoriyada mövqeyini gücləndirmək istəyir. Çünki Sərkisyan öz daxili auditoriyası üçün işğalçı ritorikadan əl çəkən deyil və o, bununla Azərbaycan tərəfinin danışıqlara getdiyini göstərmək istəyir. Yəni bir növ danışıqlara getməklə bu və ya digər şəkildə işğalçı ritorikanı qəbul olunmuş kimi vurğulayılar. İstisna etmirəm ki, Rusiya tərəfi də öz monopoliyasını davam etdirmək üçün bu görüşü təkidlə təkşil etmək niyyətində olacaq. Bu görüşdən Azərbaycanın xeyri yoxdur. Çünki məsələnin həllində heç bir irəliləyiş gözləmək mümkün deyil.

– ABŞ-da son zamanlar həmsədrlik postunun ixtisara düşməsindən danışılır. Bu, açıq şəkildə ABŞ-ın Qarabağ məsələsində öz mövqeyindən Rusiya və Fransanın xeyrinə geri çəkilməsi kimi xarakterizə edilir. Bunlar həqiqəti nə dərəcədə əks etdirir?

– İnanmıram ki, bu cür müzakirələr doğurdan da mümkündür. Çünki ABŞ bu regionla maraqlanır. Cənubi Qafqaz böyük maraq kəsb edən regionlara yaxındır. Belə olan halda Qarabağ məsələsi bu regionda aktiv siyasət yürütmək üçün mühüm vasitələrdən biri sayılmalıdır. Ona görə də ABŞ-ın Dağlıq Qarabağ danışıqlarından uzaqlaşacağına inanmıram.

– Tofiq müəllim, baxmayaraq ki, nə sülh, nə də müharibə vəziyyətidir, 5 rayonun qaytarılması ara-sıra gündəmə gətirilir. Həqiqtənmi fövqəl qüvvələr Dağlıq Qarabağ məsələsinə artıq bir siyasi oyun kimi baxırlar?

– Ermənistan tərəfi beş rayonun geri qaytarılmasını heç cür qəbul etmir. İkincisi, Lavrovun bəyanatı təsdiqləyir ki, guya bu beş rayon Dağlıq Qarabağın statusunu dəyişməlidir. Əgər statusu dəyişirsə, deməli, açıq başa düşməliyik ki, Ermənistan birmənalı Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin bir qismini qaytarır və Dağlıq Qarabağ, Laçın, Kələbəcər ya Ermənistana birləşdirir, ya da Dağlıq Qarabağda “müstəqil” dövlət yaradılır. Azərbaycan belə bir təklifi heç bir halda qəbul etməyəcək. Artıq həmsədrlər 6 dəfə bu və ya digər şəkildə Madrid prinsiplərini açıqlayıblar. Hesab edirəm ki, bu baza üzərində görüşlərə qatılmağın doğru olub-olmaması qənatinə gəlmək üçün Azərbaycan ictimaiyyətinə bu plan tam şəkildə bildirilməlidir. Bundan sonra qərar gəlmək olar ki, Lavrov bazası üzərində danışıqları davam etmək lazımdır, yoxsa yox.

– Belə bir gedişat nə vaxta qədər davam edəcək?

– Açıq şəkildə bəyan edirəm ki, danışıqların bu bazanın üzərində davam etdirilməsi Azərbaycanın xeyrinə deyil. Hətta bunu sübut etməyə də hazıram. Bilirsiniz, Azərbaycanın ölkə prezidentinin simasında qəti mövqeyi tam fərqli format diqtə edir, Lavrov bazası üzərində danışıqların davamını inkar edir.

– Parlament respublikası olması Ermənistanın Dağlıq Qarabağ məsələsindəki mövqeyində hansısa dəyişikliklərə gətirib çıxara bilərmi?

– Ermənistanın siyasətində ən əsas rol oynayan Rusiyadır. Son baş verənlərdən belə nəticəyə gəlmək olar ki, Rusiya Sərkisyanı dəstəkləyir və Moskva Konstitusiya transformasiyasından sonra Sərkisyanın hakim Respublika Partiyasının qalib gəlməsinin və yenidən baş nazir simasında ölkəni idarə etməsinin tərəfdarıdır. Bu fonda İrəvanın mövqeyində hansısa yenilik gözləmək təbii ki, mümkün deyil. İlin sonuna kimi nəzərdə tutulan prezidentlərin görüşü də məhz Rusiyanın Sərkisyana və onun imicinə dəstəyin elementlərdən biri olmalıdır. Yəni biz danışıqları aparırıq, işğalçı siyasəti davam edəcəyik və sizi bu “qələbəyə” aparan Sərksiyan və onun partiyasıdır. Hazırkı və bundan sonrakı situasiyanın cizgiləri bundan ibarətdir.

– Qərbin dünyanın müxtəlif ölkələrində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etnizasızlıq göstərilməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi artıq öz fəsadlarını verir. Kataloniyanın ardınca Polşanın Sileziya, Çexiyanın Moraviya kimi dominat etnosla eyni dildə danışıb, eyni tarixi bölüşən vialyətlərində də separatizm meyilləri müşahidə olunur. Necə düşünürsüz, bütün bu baş verənlərin səbəbini, eyni zamanda, Dağlıq Qarabağda başlayan separatizmə dünyanın laqeydliyində axtarmaq mümkündürmü?

– Ümumiyyətlə, beynəlxalq aləmdə prinspilər, qayda və qanunlar işləmir. Biz açıq şəkildə görürük ki, dünyanı idarə edən fövqəldövlətlər öz qərarlarını prinsip və qanunlar üzərində deyil, maraqlar üzərində qəbul edirlər. Bu baxımdan müxtəlif yerlərdə bir-birinə bənzəyən problemlərə fövqəldövlətlərin və beynəlxalq ictimaiyyətin münasibəti ortadadır. Kataloniya və İspaniyada olan böhrana gəldikdə, inanmıram ki, İspaniyanın bir dövlət kimi dağılması hansısa fövqəldövlətin marağındadır. Bu və ya digər şəkildə bu böhranın çözüm varinatı tapılacaq. Əgər ayrı bir ölkədən söhbət getsə, təbii ki, ssenarilər müxtəlif olacaq. Ancaq ümumi prinsipi əsasında götürsək, təbii ki, bir qərar – ərazi bütövülüyü hər şeydən üstün olmalıdır. Zənnimcə, fövqəldövlətlərin marağı İsaniyada dövlətçiliyin dağılmasından ibarət deyil. Hər halda mən bunun əlamətlərini görürəm. İspaniya böhranı hansısa bir ssenari əsasında həll ediləcək.

 

BIR CAVAB BURAXIN