400 min dollara toy edən vəzifəli məmur haqqında SENSASİON FAKTLAR

0
669

 

Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yeni məlumatlar üzə çıxıb. Musavat.com-un əldə etdiyi məlumata əsasən, idarə içərisində olduqca əzazil və işçilərinin haqqını kəsən adam kimi tanınan Qüdrət Şükürovun dəbdəbəli həyatının mənbəyi onun büdcədən mənimsədiyi, milyonlarla ölçülən vəsaitdən gəlir.

Vaxtilə Bakı Lift İdarəsində çalışmış mötəbər mənbə musavat.com-a bildirib ki, 2013-cü ildə Bakı şəhərində köhnə liftlərin dəyişdirilməsi və əsaslı təmiri üçün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan 7 milyon manat vəsait ayrılıb və həmin vəsaitin mühüm bir hissəsi çırpışdırılıb. (Bundan sonrakı məlumatlar həmin mütəxəssisin təqdim etdiyi faktlar əsasında hazırlanıb – redaksiya).

Bundan başqa, 2013-cü ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan da 50 milyon manat ayrılıb. Bu pullar da heç bir əsaslı iş görülmədən yeyilib və ya başqa məqsədlərlə xərcləndiyi göstərilərək silinib.

Mənbəmiz deyir: “Qüdrət Şükürovun rəhbərlik etdiyi idarə Sankt-Peterburqdan gətirilən və dəyəri 8 min manat olan lifti 54 min manata sənədləşdirdi. Həm də nəzərə alaq ki, həmin vaxt dolların kursu 0,78 manatdan hesablanırdı. Yəni 8 minlik bir liftin alınmasına 54 min manat pul silindi”.

Musavat.com-a verilən məlumata görə, Qüdrət Şükürovun varidatının digər mənbəyi liftlərin quraşdırılması və montajı ilə bağlıdır. Belə ki, iş cədvəlində bir liftin montajı üçün 12400 manat yazıldığı halda, briqadir və fəhlələrə, sadəcə, 1440 manat pul ödənilib. Briqadalara verilən rəqəmlər sonradan lap aşağı, 800 manat səviyyəsinə qədər salınıb. Yəni bir liftin quraşdırılmasından cənab Şükürov ən azı 11 min manat qabağa düşüb.

Mənbəmiz deyir: “Nəticədə Bakı şəhərində dəyişdirilməsi planlanan liftlərin ən azı yarısı dəyişdirilməyib. Cəmi 600 lift dəyişdirildiyi halda isə hökumətə 1000 liftin yenidən montajı barədə saxta hesabat verilib. Beləliklə, 400 liftin pulu dövlətin büdcəsindən çıxarıldı”.

Bununla belə, Bakı Lift İdarəsinin dövlət büdcəsinə 8 milyon manat borcu yaranıb və onun, sadəcə, 2 milyonu ödənilib.

Bundan başqa, Bakı şəhərində dövlət binalarında istifadə olunan 5000 liftin hər birinin lazımi vəziyyətdə saxlanılması və təmirindən ötrü dövlət tərəfindən ayda 35 manat pul ayrılır.

Bu təkcə bir ayda 175 min manat, ildə isə 2 milyon yüz min manat pul deməkdir!

Lakin hər kəsə məlum olduğu kimi, həmin məbləğ nəinki liftlərin lazımi vəziyyətdə saxlanılması və təmiri üçün xərclənmir, hətta sakinlərdən heç bir əsas olmadan “lift pulu” adı altında əlavə ödəniş qəbul olunur.

Bütün bu məlumatları analiz edəndə idarə rəisinin dəbdəbəli həyatı ilə bağlı gedən söz-söhbətlərin motivlərini anlamaq çətin deyil. Bu xüsusda əlavə təfərrüatlar da var.

Belə ki, Qüdrət Şükürovun öz ailəsi, həyat yoldaşı və qızı üçün ayrı -ayrı maşın və sürücü tutduğu iddia olunur. Onların xərcləri isə Bakı Lift İdarəsinə tabe olan 5 müəssisənin rəhbərləri tərəfindən ödənilir. Bu da könüllülük əsasında deyil. Bu cür ödəmələrə etiraz edən vəzifəli şəxslərə büdcəyə olan borcları xatırladılır və onlar həbs olunacaqları ilə hədələnirlər.

Qüdrət Şükürovun öz qızına “Alov qüllələri”ndə 160 kv-lik ev aldığı, həmin mənzili isə müxtəlif vaxtlarda 3 dəfə təmir etdirdiyi də iddialar arasındadır. Məlumatlı mənbə bildirir ki, idarə rəisinin qızının həmin evi üçün Türkiyədən 180 min manatlıq saat sifariş edilib.

Qüdrət Şükürovla bağlı digər maraqlı məlumat onun vaxtilə özünün idarə rəisi işlədiyi vaxt tros və tros çarxı oğurluğuna görə həbs edilməsidir. Lakin hansısa səbəblərdən həbsdən canı qurtulan bu adam sonradan bütün idarələrin rəisi postuna gətirilib.

Bundan başqa, əvvəl də xəbər verildiyi kimi, Akif Çovdarovla da əlaqələri ortaya çıxan Qüdrət Şükürov həmin vaxt MTN təmizləmələrində işdən azad edilən bir qohumunu Bakı Lift İdarəsinin bazasına müdir təyin edibmiş. Əvvəllər, sadəcə, təhlükəsizlik xidmətində çalışan həmin adamın heç bir istehsalat təcrübəsi ümumiyyətlə olmayıb.

Verilən məlumatlara görə, Qüdrət Şükürov bütün yaxın qohumlarını, bacısı, qardaşı qızlarını, gəlinlərini ixtisaslarına uyğun olmadığı halda Bakı Lift İdarəsinin müəssisələrində yerləşdirib. Həmin adamlara 400 manat maaş kəsilib. Həmin 400 manatın 250-si idarədən aldıqları rəsmi maaş, qalan 150 manat isə idarələrin öz “cib”indən bu şəxslərə ödənilir. Hər ayın axırlarında həmin xanımların yoldaşları idarəyə gəlir, “maaş”larını alıb gedirlər. Halbuki Bakı Lift İdarəsinin 250 manat maaşa möhtac olan əsl işçiləri 2 ildir əmək haqqı üzü görmürlər.

Sadəcə, qocalıqlarında cüzi pensiya almamaq qorxusu ilə yaşayan həmin insanlar bütün bu olanlar qarşısında səslərini çıxarmırlar.

Mövzu, əlavə faktların təqdimatı ilə davam etdiriləcək.

BIR CAVAB BURAXIN