400 məşuqəsinə şəhərcik tikdirən prezidentliyə namizəd – İnanılmaz “Milyonçu”

0
709

11

Bir zamanlar o “Forbes”in siyahısında dünyanın ən varlı 7-ci adamı idi. Kasıb ailədən gələn bu şəxs uşaqlığında quldurlar haqqında nağılları dinləməklə dövrünün ən böyük qulduruna çevrilir. Ona “narkobaron”, “kokain kralı” adı belə verirlər. Söhbət Pablo Eskobardan gedir.

Anası müəllimə, atası fermer

Pablo Eskobar 1949-cu ildə Kolumbiyanın Rioneqro şəhərində anadan olub. O, fermer Hesusa Dari Eskobarın ailəsində 3-cü övlad idi. Qəribə də olsa, narkobaronun anası məktəb müəlliməsi imiş. O ki qaldı sadə bir ailənin övladının necə quldura çevrilməsinə, Pablo uşaq yaşlarından varlıları soyub, kasıblara əl tutan quldurlar haqqında Kolumbiya nağıllarına qulaq asmağı sevirdi. 12 yaşı olanda ailəsinin kasıb qəsəbə olan Medelinə köçməsi ilə onun “Robin Qud” karyerası başlayır.

Orada marixuana çəkməyə başlayan Pablo 16 yaşında orta məktəbdən qovulur. Həmin gündən də quldurluğa start verir. Yeraltı dünyadakı ilk işi qəbirstanlıqdakı məzar daşlarının üzərindəki yazıları təmizləyib onları satmaq olur. Daha sonra marixuana, siqaret, saxta lotareya biletlərinin biznesi ilə məşğul olmağa başlayır. Vaxt keçdikcə “işi”ni böyüdür. Özünə kiçik qrup yaradaraq, bahalı avtomobillərə hücum edib onların hissələrini söküb satır. 21 yaşında artıq başına kifayət qədər adam toplaya bilir. Hətta dəstəsinin cinayətləri daha genişmiqyaslı, zorakı olmağa başlayır. Belə ki, Pablo maşın sahiblərinə maşınlarının oğurlanmaması üçün ona pul ödəməsini təklif edir.

1971-ci ildə dəstəsi Kolumbiyada böyük torpaq sahibi olan sənayeçi Diyeqo Eçevarionu qaçırır. Uzun çəkən işgəncələrdən sonra Diyeqo dünyasını dəyişir. Pablonun dəstəsinin bu özbaşınalığı Diyeqo Eçevariondan zəhləsi gedən yerli əhali, kəndlilər tərəfindən rəğbətlə qarşılanır.

Narkobaron olur

Xırda oğruluğun təhlükəli və az qazanclı olması səbəbindən Eskobar 1970-ci illərdə narkotika biznesinə başlayır. Burdan əldə edilən gəlirlər hesabına qısa zamanda varlanan Eskobar 1975-ci ildə Medellin şəhərində bütün narkokartellərinin tabe olduğu və baş narkobaron kimi tanınan Fabio Restreponu öldürməyi göstəriş verir.

Fabio Restreponun ölümündən sonra Kolumbiyada olan bütün narkotik transferi Eskobarın nəzarətinə keçir. 1976-cı ildə ABŞ-da satılan narkotikin 80% gəliri Eskobarın hesabına yazılır. 1980-cı illərin əvvələrində Eskobar özünün böyük narkotik imperiyasını yaradır. ABŞ, Meksika, Puerto Riko Pakistan və Tayland kimi ölkələrə narkotik satışı ilə məhz onun karteli məşğul olurdu. Pablo Eskobarın vardatı durmadan artır. Belə ki, gün ərzində 20-40 kiloqram narkotik satışı ilə məşğul olan Eskobarın karteli, narkotikin qramını ən ucuz halda 150 dollara satırdı.

Bu şəkildə gün ərzində milyonlar qazanırdı. 1983-cü ildə öz biznesini daha təhlükəsiz idarə etmək məqsədilə millət vəkilliyinə namizədliyini irəli sürür. Həmin il keçirilən parlamet seçiklərində parlamentə deputat kimi daxil olur. Pablo Eskobarın deputat seçilməsi yerli qəzetlərdə qanunun Eskobar tərəfindən satın alınması kimi təqdim edilir. Çünki Eskobarın yüksək vəzifəli dövlət məmurları ilə yaxşı münasibətləri var idi.

Eskobar 1984-cü ildə prezident də olmaq istəyir. Namizədliyini irəli sürür. Lakin Kolumbiya Ədliyyə Nazirliyinin rəhbəri narkobaron əleyhinə kampaniya yaradır.

400 məşuqə üçün düzənldilmiş şəhərcik

Eskobarın 24 yaşı olanda o, 13 yaşlı Mariya Viktoriya adlı qızla görüşməyə başlayır. Qızın valideynləri məsələyə qarışdıqda Mariya Pabloya qoşulub qaçır. 1976-cı ildə gənclər evlənirlər. Həmin ərəfədə Mariyanın heç 15 yaşı belə olmur. Narkobaronun bu evlilikdən Xuan Pablo adlı oğlu və Manuella adlı qızı dünyaya gəlir.

Yeri gəlmişkən, Eskobar ömürünün sonuna qədər həyat yoldaşına xəyanət edir. O xüsusilə azyaşlı, bakirə qızlarla sevgili olduğundan pedofil kimi ad çıxarır. Yazılanlara inansaq, Pablonun təxminən 400 məşuqəsi olur. Onlar arasında aktrisalar, fotomodellər, gözəllik yarışmalarının qaliblərinə rast gəlinirdi. Narkobaron məşuqələri ilə onların şərəfinə saldırdığı şəhərcikdə görüşürdü. Deyilənə görə, orada hər məşuqənin ayrıca korteji varmış.

Eskobarın jurnalist Virxiniya Valexo ilə sevgi məcərası isə 5 il davam edir. Buna səbəb də narkobaronla jurnalistin bir-birinə aşiq olması olur. Bunu Virxiniya Valexonun 2007-ci ildə yazdığı “Eskobara nifrət edərək Pablonu sevmək” adlı öz memuarı da təsdiqləyir.

O ki qaldı Mariya Viktoriyaya, o bütün xəyanətlərə baxmayaraq, ərinin yanında dik dayanır. Xəyanətlərə görə heç vaxt söz-söhbət salmır. Nəticədə Mariya həyat yoldaşına xəyanət edən digər narkobaronlar üçün örnəyə çevrilir.

Narkobaron haqqında maraqlı faktlar

Eskobarın 400 nəfər məşuqəsi olmasına baxmayaraq, həyat tərzinin sadə olduğu irəli sürülür. Məsələn, Narkobaron övladlarının çox pul xərləməsinə və siqaret çəkməsinə icazə vermirmiş. O, Medellində məktəb, xəstəxana, kilsə və uşaq evlərinin tikilməsinə milyonlarla dollar pul ayırdığından müsbət şəxs kimi tanınırmış. Narkotik ticarətinə nəzarət etməsinə baxmayaraq, özü heç vaxt kokaindən istifadə etmirdi.

Karyerasının pik dövründə pullarını bağlamaq üçün hər ay rezin iplərə 2500 dollar xərcləyirdi. Lakin milyarderin illik gəlirinin 10 faizi itkiyə gedirdi. Çünki siçovullar gizli anbarda saxlanan pulları yeyirdi. Başqa bir fakt Pablonin pullarını bir yerdən başqa yerə daşımaq üçün özünə şəxsi təyyarə alması, ilk ticarət məqsədli istifadə etdiyi təyyarəsini evinin qapısına yerləşdirməsidir.

Onun haqqında maraqlı faktlardan biri də bir qış günü qaçarkən gizləndiyi dağ evində üşüyən qızını soyuqdan qorumaq üçün 2 milyon dollar yandırmasıdır. Pablo Eskobarın ən böyük xəyalı Kolumbiyanın prezidenti olmaq imiş. O ali təhsil ala bilmədiyi üçün peşman olduğunu dilə gətirərək belə deyirdi “oxuya bilmədim, amma onları zəhərləyə biləcək gücə sahibəm”.

Polislərə nifrət edirmiş

P.Eskobar 1989-cu ildə əlində onu həbs etdirəcək qədər dəlil olduğunu açıqlayan jurnalisti qətlə yetirməklə başına bəla açır. Belə ki, dəlilləri polisə gətirmək ücün təyyarəyə minən zaman təyyarə havada partladılır. Hadisə nəticəsində jurnalist də daxil olmaqla, 110 nəfər həlak olur. 1990-cı ildən etibarən Pablo Eskobar təqib olunmağa başlayır. Mətbuata verdiyi bir açıqlamasında polis tərəfindən rahat fəaliyyət göstərməsinə şərait yaradılarsa, Kolumbiyanın bütün xarici borcunu ödəməyə hazır olduğunu bildirir.

Eskobarın həbs olunmasını ən çox yerli polislər istəyir. Çünki o, polislərə nifrət edirdi. Hər bir polisin öldürülməsinə görə 3 min dollar vəd edirdi. Təkcə 1970 – 1980-cı illərdə 400 nəfər polisin ölümünə səbəb olmuşdu.1992-ci ildə onun haqqında rəsmi axtarış verilir.1993-cü ildən etibarən Eskobar gizlənməyə başlayır. Polis onun Medellində gizlənməsinə dair ətraflı məlumata sahib olsa da, yerinin müəyyən edilməsi ücün aparılmış əməliyyat prosesi 6 ay çəkir. Sonda Eskobarın ələ keçməsinə oğlu Xuan Pablo ilə saatlarla telefon danışıqları aparması səbəb olur. Polis tərəfindən yerinin müəyyən olduğunu anlayan Eskobar gizləndiyi evin damına çıxır. Polisin çardağa atəş açması nəticəsində ağır yaralanaraq hündürlükdən yıxılıb ölür.

Ölümündən sonra

Narkobaronun dəfn mərasiminə 20 min insan toplaşır. Media yazır ki, onlar tabutun qapağını açaraq kumirlərinə son dəfə də olsa, toxunmaq istəyirlərmiş. O ki qaldı Pablo Eskobarın sərvətinə, onun 34 əmlakı, yarım milyon hektar ərazisi, bir adası, sualtı qayıqları, hava limanı, təyyarələri, 40 əntiq avtomobili, içərisində nadir heyvanlar olan zooparkı var idi. Bundan əlavə qeyd etdiyimiz kimi baron öz 400-ə yaxın sevgilisi üçün müxtəlif gözəllik salonlu və incə təchizat əşyaları ilə zənginləşdirilmiş şəhər inşa etdirmişdi. Eskobarın ölümündən sonra onun bütün bu əmlakı oğurlanır, zooparkdakı heyvanlar qidasızlıqdan tələf olur, sevgililərinin isə yarı faizi zavoda işləməyə göndərilir, yarı faizi isə fahişəyə çevrilir.

L.Əliyeva

Publika.az

BIR CAVAB BURAXIN