31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

0
1594

Bu gün, dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Hazırda dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı bu gündə bir araya gələrək həmrəylik gününü bayram edirlər.

Bu bayram eyni zamanda ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır və onlarda doğma Azərbaycana məhəbbət və sevgi formalaşdırır.

Onu da xatırladaq ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. O vaxt azadlıq eşqi ilə aşıb-daşan minlərlə azərbaycanlı tikanlı məftilləri qıraraq Azərbaycanı İranla ayıran sərhədə çıxdılar və o taylı azərbaycanlı qardaşları ilə həmrəy olduqlarını nümayiş etdirdilər.

1989-cu il dekabr ayının sonlarında İstanbuld keçirilən Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin azərbaycanlıların həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verilib.

Bundan iki il sonra 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib.

Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.

Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanı idarə etməyə başlamasından sonra isə Dünya Azərbacanlılarının Həmrəylik Günü dövlət səviyyəsində daha geniş və təntənəli şəkildə qeyd edilir. Bunu Azərbaycan rəhbərliyinin hər il Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə verdiyi təbriklər də bir daha sübut edir.

Onu da deyək ki, Azərbaycan Respublikasının Milli Məclisi dekabrın 28-də keçirilmiş iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul edib.

Müraciətdə deyilir ki, tarixin gedişi və taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş Azərbaycan xalqının övladlarını öz milli varlığı, ölkəsinin və soydaşlarının taleyi haqqında düşünməyə səsləyən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi səmimi qəlbdən salamlayırıq.

Bununla əlaqədar müraciətdə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 28 il öncə milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcının qoyulması yeni dövrün salnaməsinin ən mühüm siyasi hadisələrindən biri olub. Dövlət müstəqilliyimizlə yaşıd olan bu hərəkat sonrakı dövrdə geniş vüsət alıb, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Ulu Öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilməkdədir. Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və dünya azərbaycanlılarının qürur yerinə çevrilib.

Bu əziz gündə  Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təbrik edir, onlara uğurlar, polad kimi birlik arzulayırıq.

Əziz Mustafa