22 iyun 1941-ci il… Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər

0
858

Kuntsevodan Kremlə uzunan yolda bir-birini əvəzləyən mənzərələr, şəhərin gecə ponaraması, istirahət günü mürgüləyən Moskva, arxa oturacağında əyləşdiyi avtomobilin mühərrikinin səsi, bütövlükdə o anın, o dəqiqələrin hər bir saniyəsi onun dəmir iradəsini əzirdi. Müharibə başlanmışdı, alman qoşunları sərhəd dirəklərini aşırıb SSRİ-nin ərazisinə soxulmuşdular, şəhərlər bombalanırdı. O, buna inanmaq istəmirdi və yolboyu özünü aldadırdı ki, bu provokasiyadır, yolboyu arzulayırdı ki, bir-neçə dəqiqə əvvəl aldığı xəbər doğru olmasın. Bəlkə də Stalin heç vaxt belə narahat olmamışdı, heç vaxt belə həyəcan keçirməmişdi…

 

Müharibə başlanan gün Stalinin bu xəbəri necə qarşılaması, hansı reaksiya verməsi ilə bağlı müxtəlif fikirlər söylənilib, bu haqda fərqli versiyalar irəli sürülüb. Ancaq zaman keçdikcə, arxiv materialları açıldıqca, məxfi qovluqlardakı sənədlər üzə çıxdıqca əsl həqiqətlər bəyan olub.

Böyük Vətən müharibəsi sovet dərsliklərində yazıldığı kimi 22 iyun gecə saat 4-də deyil, 4-ə 15 dəqiqə işləmiş almanlar tərəfindən Sevastopola ilk bombaların atıldığı andan başlanıb. Bu haqda ilk olaraq Hərbi Dəniz Qüvvələri komissarı Kuznetsov müdafiə komissarı (müdafiə naziri) Timoşenkoya məruzə edib. Gecə 4-ün yarısında alman artilleriya qoşunları bütün sərhəd boyu SSRİ ərazilərini atəşə tutublar. Ukraynanın, Belarusiyanın, Pribaltikanın iri şəhərləri, o cümlədən hərbi aerodromlar bombalanıb.

İlk dəfə müharibənin başlanması ilə bağlı məlumatı Stalinə kim verib? Və onun reaksiyası necə olub?

Əgər Xruşovun yazdığı xatirələrə inansaq, Stalin müharibə başlananda hətta rəhbərlikdən də imtina edib. Xruşovun xatirələrində bu fikirlərə rast gəlirik:


“Müharibə xəbərini alan Stalin dəhşətli sarsıntı keçirmişdi. Bu xəbər sanki onu iflic vəziyyətinə salmışdı, o iş qabiliyyətini də itirmişdi. Üzünün cizgilərindən açıq-aydın süstlük, əsəbilik, qeyri-müəyyənlik hiss olunurdu. Stalin nə hökumətin, nə də şəxsən öz adından bəyanat vermək fikrində deyildi. Mən sonralar bildim ki, Stalin bunu etmək iqtidarında deyildi, fikirlərini cəmləməyi bacarmırdı. O bütün qətiyyətini itirmişdi və o, müharibə haqqında fikrini bir neçə cümlə ilə yalnız Siyasi Büronun üzvləri qarşısında  ifadə etmişdi:

– Almanlar müharibəyə başladılar. Hitler SSRİ-yə hücum etdi. Hadisələr bizi fəlakətə sürüyəcək şəkildə cərəyan edir. Lenin bizim üçün proletar sovet dövləti yaradıb getdi, biz isə onun içini … batırdıq. Mən rəhbərlikdən imtina edirəm.

Stalin bu sözləri dedikdən sonra Kremli tərk edib, Kuntsevoya öz bağına yollanıb. Sonradan Siyasi Büronun üzvləri Stalinlə görüşüb onu işinə qayıtmaq üçün bağa gedəndə hətta Stalin qorxub, elə düşünüb ki, onu həbs etməyə gəliblər…”.

Maraqlıdır, Xruşov həmin ərəfədə, müharibənin başlandığı günlərdə bir saniyə də olsun belə, Stalinlə ünsiyyətdə olmayıb, onun üz cizgilərinin dəqiqliklə ifadələrini görməyib, ümumiyyətlə həmin ərəfədə ayağı Kremlə dəymədiyi halda bu fikirləri necə qələmə ala bilib? Öz dediyinə görə, o bu fikirlərini Beriya və Mikoyanın danışdıqları əsasında yazıb.

Əslində həqiqət necə olub? Hansı konkret faktlar Stalinin müharibəyə ilk reaksiyasını həqiqət kimi üzə çıxarıb? Stalin müharibənin başlandığı günlər harada olub, kimlərlə görüşüb?

Bu haqda Jukov öz xatirələrində yazır:


“Müdafiə komissarı Timoşenko mənə göstəriş verdi ki, təcili Stalinə zəng vurum. Nömrəni yığdım. Heç kim cavab vermədi. Bir neçə dəfə təkrar etdim. Nəhayət xəttin o başından Mühafizə İdarəsinin rəisi general Vlasikin yuxulu səsi eşidildi:

–         Danışan kimdir?

–         Baş Qərərgah rəisi Jukov. Xahiş edirəm məni təcili yoldaş Stalinlə calaşdırın.

Vlasik təəcüblü səslə soruşdu:

– Necə? İndi bu saat? Yoldaş Stalin yatır.

– Ləngimədən yoldaş Stalini yuxudan oyadın, almanlar şəhərlərimizi bombalayır, müharibə başlanıb.

Araya bir neçə saniyəlik sükut çökdükdən sonra Vlasik telefonda gözləməyimi xahiş etdi. Təxminən 2-3 dəqiqədən sonra Stalin dəstəyi götürdü. Mən vəziyyəti məruzə etdim və alman qoşunlarına cavab vermək üçün hərbi əməliyyata başlamaq üçün icazə istədim. Stalin susurdu, mən yalnız onun ağır nəfəsini eşidirdim.

– Yoldaş Stalin, siz məni anladınız? Hansı göstərişiniz olacaq?

Sükut davam edirdi. Nəhayət Stalin ayılmış kimi ağır səslə soruşdu:

– Narkom hardadır? (Timoşenko nəzərdə tutulurdu)

– Hazırda o, Ukrayna dairəsinin hərbi hissələri ilə rabitə əlaqəsindədir.

– Təcili hər ikiniz Kremlə yollanın, Poskerbışevə deyin Siyasi Büronun üzvlərini də Kremlə yığsın…”.

Beləliklə, Stalin müharibənin başlanması ilə bağlı xəbəri eşidən kimi dərhal Kremlə yollanıb. Saat 5.45-də Siyasi Büronun iclası keçirilib. 3 saat davam edən iclasdan sonra da Stalin Xruşovun yazdığı kimi Kremli tərk etməyib.

Bunu bir çox sənədlər də sübut edir. Kremlin katibliyində qeydlər aparan Georgi Dimitrovun gündəliyindəki sətirlərə nəzər yetirək:

“22 iyun 1941-ci il.

–         Molotov, Voroşilov, Kaqanoviç, Malenkov yoldaş Stalinin kabinetində müzakirə aparırlar;

–         Yoldaş Stalin və onun kabinetində olan şəxslər yüksək təmkin, inam və möhkəmlik nümayiş etdirirlər;

–         Hazırda yoldaş Stalinin kabinetində müharibənin başlanması ilə bağlı xalqa müraciət hazırlanır;

–         Ordu hissələrinə göstərişlər verilir;

–         Səfərbərliklə bağlı tədbirlər planı hazırlanır və s.”

Göründüyü kimi, müharibənin başlandığı gün Xruşovun yazdığı kimi Stalin təmkinini və iş qabiliyyətini itirmədən lazımi, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə məşğul olub. Həmin gün müxtəlif direktivlər hazırlanıb.

Daha bir fakt isə 22-23 iyun tarixlərində Stalinin qəbil otağında onun kabinetinə giriş və çıxışların dəqiq vaxtı ilə göstərilən cədvəldir. Bu cədvələ nəzər salmaqla həmin çətin anlarda Stalinin gərgin iş rejimini və kimlərlə müzakirələr apardığını aydın görmək olar.

Bəzi tarixçilərin söylədiklərinə görə müharibə başlanan gün Stalin çox yorğun və əsəbi görünüb. Bu isə təbii haldır. Çünki qarşıda onu nə az, nə çox, 1418 gün davam edəcək Böyük Vətən müharibəsi gözləyirdi və onun bu əsəbiliyi, yorğunluğu da düz 1418 gündən sonra Böyük Kreml Sarayının Georgievsk zalında Böyük Qələbənin şərəfinə qaldırdığı qədəhlə çıxacaqdı…

İlham Cəmiloğlu/Modern.az 

BIR CAVAB BURAXIN