2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi açıqlanıb

0
656

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyasının müvafiq qərarı ilə 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

ƏƏSMN-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən, 2020-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir: 1, 2 yanvar – Yeni il bayramı; 20 Yanvar – Ümumxalq Hüzn günü; 8 Mart – Qadınlar günü; 20, 21, 22, 23, 24 mart – Novruz bayramı; 9 May – Faşizm üzərində Qələbə günü; 24,25 may – Ramazan bayramı; 28 May – Respublika günü; 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü; 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü; 31 iyul,1 avqust – Qurban bayramı; 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.

Məlumatda bildirilir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən, 2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 6 yanvar, 9, 25, 26 mart, 11, 26 may, 3 avqust tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 9, 25 mart, 26 may tarixləri istirahət günləridir. 2020-ci ilin fevral ayı 29 təqvim günündən, il isə 366 təqvim günündən ibarətdir. Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən, Milli Məclis deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.REKLAM

Daha ətraflı

“Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

2020-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 6-sı bayramqabağı iş günüdür), iş günü hesab edilməyən 112 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri, 1-i səsvermə günü ilə üst-üstə düşən və 2 günü ötən ilin istirahət günü ilə yeri dəyişdirilən), iş günü hesab edilməyən 18 bayram (6-sı istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və 1 Ümumxalq Hüzn günü vardır (241+112+18+1-6= 366).

Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən, Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 2020-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. Qanunvericiliyə uyğun olaraq 2020-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir (235×8 + 6×7 = 1922 saat). Məlumatda qeyd edilir ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2020-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir. İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.