Ev Gündəm 20 yaşlı azərbaycanlı qızın ABŞ-da uğur hekayəsi

20 yaşlı azərbaycanlı qızın ABŞ-da uğur hekayəsi

0
647
20 yaşlı azərbaycanlı qızın ABŞ-da uğur hekayəsi

Əminə Əmirxanlı – 20 yaşı olmasına rəğmən xeyli uğura imza atıb. IX sinifdə AMEA-nın 2 elmi institutu -Radiasiya Problemləri və Zoologiya İnstitutları ilə əməkdaşlıq edərək hazırladığı elmi proyektlə “Sabahın Alimləri” Respublika Müsabiqəsində I yerə və qızıl medala layiq görülüb.

Həmin il İngilis dili Fənn Olimpiadasında da I yeri qazanan gənc, ABŞ səfirliyinin təşkil etdiyi “Youth Leadership Program (YLP) with Azerbaijan” seçimlərinin də qalibi olub. ABŞ-ın Arizona Universitetində liderlik dərsləri alıb.

X sinifdə oxuyarkən yenidən İngilis Dili Fənn Olimpiadasında I yeri qazanıb, həmçinin AMEA-nın Fizika İnstitutu ilə əməkdaşlıq edərək hazırladığı elmi proyektlə “Sabahın Alimləri” Respublika Müsabiqəsində I yerə və qızıl medala layiq görülüb.

Eyni zamanda, “Siqaretə Yox Deyək!” adlı müsabiqədə “Siqaretsiz Gələcək “adlı layihəsi ilə I yeri qazanıb və Türkiyənin İstanbul şəhərində keçirilən 22-ci “MEF” Dünya Olimpiadasında elmi proyekti qəbul olan yeganə azərbaycanlıdır.

XI sinifdə “Siqaretə Yox Deyək!” adlı müsabiqədə yeni “Saglam Həyat” adlı layihəsi ilə iştirak edib, təkrar I yerə layiq görülüb.

Gənc mütəxəssis Amerika Təhsilli Azərbaycanlı Tələbələr Assosiasiyasının elan etdiyi “Korrupsiyaya Qarşı Ən Yaxşı Videobloq” müsabiqəsində də I yeri qazanıb. Həmin il o, VIII Beynəlxalq “İNEPO-Avrasiya” və “Sabahın Alimləri” III Respublika müsabiqələrində elmi proyektlə iştirak edib.

Təəssüf ki, BDU və Lissabon Texniki Universiteti ilə qurduğu əməkdaşlıq (Elmi Rəhbəri kimya elmləri doktoru Kamran Mahmudov) nəticəsində hazırladığı elmi layihəsi münsiflərin səhlənkarlığı səbəbindən plagiat adlandırılıb. Onun təhsil naziri Mikayıl Cabbarova müraciətindən sonra araşdırılaraq ictimaiyyətə layihənin plagiat olmadığı elan edilib.

2010-cu ildən “İti Qələm” Fəxri Diplomçusu, 2014-cü ildən isə Dövlət ”Gənclər Mükafatçısı”dır.

“Europian Youth Parlament Azerbaijan”ın 2014 və 2015-ci illərdə tədbir koordinatoru olan Əminə Əmirxanlı, Bolqarıstan və Norveçdə müxtəlif layihələrlə Azərbaycanı təmsil edib. Hazırda Amerikanın Graceland Universitetində 3 ixtisas üzrə təhsil alır.

“Qaynarinfo” publika.az-a istinadən uğurlu gənc Əminə Əmirxanlı ilə müahibəni təqdim edir:

– Amerikada univrsitetə necə qəbul oldunuz?

– Amerikada oxumaq uşaqlıq arzum idi. Orada oxumaq üçün ingiliscə “Toefl”, “SAT” və “SAT subject tests”imtahanları verdim. Topladığım nəticələri 5 universitetə göndərdim. Sənəd göndərdiyim universitetlərin hər birinə qəbul olsam da, mənə daha çox təqaüd verən universiteti seçdim. Nəticələrimə görə, universitetə Fəxri Tələbə (Honors student) kimi qəbul olsam da, təhsil müddətində adımı universitetin Prezident Siyahısına yazdıra bildim. Bu siyahıya bütün göstəriciləri mükəmməl olan və 4.0 GPA-lə oxuyanlar düşə bilir.

– Amerikada 11 sentyabr hadisələrindən sonra müsəlmanlara münasibət necədir?

– Artıq 2 ildir Amerikadayam.Təhsil aldıgım ilk ildən universitetin Müsəlman Tələbələr Assosiasiyasının Prezidenti, eyni zamanda, universitetin bütün tədbirlərinin təşkilatçısıyam. Burada istər müsəlman, istərsə də digər dinlərin nümayəndələrinə hədsiz qayğı və hörmətlə yanaşılır. İstər universitetdə, istərsə də universitetdən kənar yerlərdə nə özümə, nə də digərlərinə qarşı ayrı-seçkilik hiss etmişəm. Dini tədbirlərimizə bütün dinlərin nümayəndələri həvəslə qatılırlar.

Bir fakt deyim ki, bu il yay təcrübə proqramında çalışdığım şirkətdə oruc tutduğum üçün nahar fasilələrinə çıxmırdım. Daha çox öyrənmək üçün iş otağımdan ayrılmır və işimi davam etdirirdim. Ayın sonunda gözləmədiyim halda müəyyən etdim ki, çalışdığım əlavə saatlar məvacibimdə nəzərə alınıb və mükafatlandırılmışam. Ayrı-seçkiliyin olmadığına öz timsalımda daha bir neçə nümunə göstərə bilərəm. Məsələn, universitetdə Xarici Tələbələrin Hesabat Yığıncağı idi. Mən başqa tədbirdə idim. Universitet rəhbərliyindən elktron məktub aldım. Məni təbrik edib bildirirdilər ki, tələbələr 2017-2018-ci il üçün Xarici Tələbələrin Prezidentini seçərkən mənim də namizədliyimi irəli sürüblər. Tələbələr məni prezident seçmişdi. Belə faktlar az deyil. Məsələn, universitetin rəqs və akrobatika komandasındayam. Komandada məndən başqa hamı amerikalıdır. İlin sonunda 2017-2018-ci dərs ili üçün komandada tədbirlərin təşkilatçı liderini seçirdik. Səsimi yaxın rəfiqəmə vermişdim. Amma səslər sayılarkən gözləmədiyim halda, komanda məni lider seçdi.

– Amerika dünyanın ən bahalı təhsil sisteminə malik ölkəsi sayılir. Oxuculara təhsil haqqı məsələləri barədə məlumat verməyinizi istərdik.

– Hər hansı universitetin saytında gördüyünüz təhsil haqqı qiymətləri vergi ödəyicisi olan amerikalılar üçün nəzərdə tutulub. Beynəlxalq tələbələr üçün qiymətlər olduqca fərqlidir. Yaşama, gediş-qayıdış biletləri, alış-veriş, gəzinti, əyləncə xərcləri və qidalanma nəzərə alınanda, bu məbləğ xeyli artır. Amma oxucuları bu faktlar heç də qorxutmasın. Əgər kimsə qarşısına Amerikada təhsil almağı məqsəd qoyursa, bilsin ki, burada tələbələrin özlərini və təhsil xərclərini təmin etmək imkanları kifayət qədərdir. Təqaüdlə oxuduğum üçün universitetə yalnız yataqxana və qidalanma xərclərini ödəyirəm.

Qəbuldan sonra sənin hansı sahələrdə müəyyən peşəkarlıq və ya bacarıqlarının olduğu müəyyən edilir. Əgər fiziki göstəricilərin imkan verirsə, hansısa idman növündə çıxış edib əmək haqqı qazana bilərsən. Məsələn, mən universitetin rəqs və akrobatika komandasındayam. Bundan əlavə, təhsilə başladığım ilk ildən universitet nəzdində təhsil vizasının mənə verdiyi hüquqla həftədə 10 saatlıq işə başladım. Bununla da alış-veriş və bir sözlə, aylıq cib xərclərimi təmin etdim. Keçən il ailəmdən 50 % maaliyyə dəstəyi alsam da, bu il bütün xərclərimi müstəqil qarşılaya bilirəm.

– Amerikada normal tələbə həyatı yaşayıb tam təqaüdlə oxuyan tələbələrin illik xərcləri təxminən nə qədərdir?

– Bu məbləğ dəyişkəndir. Tələbənin komfort həyat sürüb-sürmədiyi, geyimlərinin brendləri, aksesuarları, yaşadıgı ərazi, səyahətləri, necə qidalanması və əyləncələri xərc göstəricisinə ciddi təsir edir. Əgər tələbə limitli yaşayar, yalnız universitetin təşkil etdiyi əyləncə, tədbir və səyahətlərlə kifayətlənib normal tələbə həyatı sürərsə, yaşadığı ərazi orta bahalıqdadırsa, minimum illik 20-25 min ABŞ dolları xərci olmalıdır.

– Yeri gəlmişkən, qazandığınız məbləğ sizi tam qane edirmi?

– Hələlik tələbə olaraq sözsüz ki, ciddi və bəzən limitli yaşamaq məcburiyyətindəyəm.Yəni, gün rejimi onsuz da inkan vermir ki, əyləncə, istirahət və ya səyahətlərə cəlb olasan. Əyləncələrə sadəcə fiziki olaraq zaman ayırmaq da mümkün deyil. Bəli, o səbəbdən qazandığım məbləğ Amerikada yaşayıb təhsil ala bilmək üçün məni tam qane edir.

– Gündəlik rejiminiz, dərsləriniz barədə danışardınız. Tələbələrin yalnız 1 %-nin düşə bildiyi cəmiyyətə qəbul olunduğunuzu necə bildiniz?

– Biznesin təşkili, İqtisadiyyat və Kompyuter Elmləri ixtisasları üzrə təhsil alıram. Hazırda universiteti 3 ilə bitirmək üzrəyəm. Burda bütün yoxlama və imtahanlar elektron üsulla aparıldığından kimin hansı göstərici ilə oxuduğunu bilib, müəyyən etmək mümkün deyil. Yalnız elektron məktub aldığım vaxt öyrəndim ki, göstəricilərimə görə universitetdə tələbələrin 10%-nin düşə bildiyi “Omicron Delta Epsilon” adlı Fəxri Cəmiyyətə qəbul olunmuşam. Və yenidən universitetin rəhbərliyindən təbrik məktubu alanda çox həyəcanlandım. Məni eyni zamanda iqtisadiyyat fakültəsi üzrə tələbələrin yalnız 1 %-nin düşə bildiyi “Alpha-Chi ”adlanan cəmiyyətə qəbul etmişdilər.

– Bir az da universitet həyatındakı işlərinizdən danışın.

– Gündəlik günorta saat 1-ə, bəzən 2-yə kimi dərslərdə, sonra 2 saat komanda ilə məşqdə oluram. Nahardan sonra müəyyən günlər universitetdə lobarant işimlə əlaqəli seminar mövzularda çətinliyi olan tələbələri hazırlaşdırıram. Hazırda Kampus Nazirliyində Bütün Dinlərin Nümayəndəsi, Xarici Tələbələrin Prezidenti, Beynəlxalq Liderlər Klubunun Prezidenti, Müsəlman Tələbələr Klubunuin Prezidenti, “Alpha-Chi” Cəmiyyətində Prezident köməkçisi, Graceland Mədəniyyətlərarası Əlaqələr Birliyi, Graceland Teatr Departamentinin və Gadets Rəqs Klubunun üzvü və Komanda tədbirlərinin təşkilati lideriyəm.

Qaynarinfo.Az


BIR CAVAB BURAXIN