“2 milyon türkün nənəsi ermənidir…”

0
753

Tanınmış jurnalist Robert Fisk “The Independent” qəzetində yazır ki, yalnız Türkiyədə vətəndaşın kimliyi milli təhlükəsizlik məsələsidir. Buna görə də indiyədək Türkiyədə əhalinin qeydiyyatı qapalı kitab, dövlət sirri hesab olunur.

Mustafa Kemal Atatürkün “türklük” anlayışı Türkiyə dövlətinə vətəndaşlıqla bağlı olan hər bir kəsə şamil edilirdi. Bu nəzəriyyəyə görə saf etnik türklər başqa irqi azlıqların və şübhəli əcdadların qarışığı olmayan insanlar hesab edilirdilər. Fisk yazır ki, məhz bu səbəbə görə, nasistlər Atatürkün respublikasını mədh edib göylərə qaldırırdılar və o vəfat edən gün portretini qara çərçivədə qəzetlərinin birincə səhifəsində çap etmişdilər.

Belə bir hadisədən də danışılır ki, guya Hitler Polşaya hücumdan əvvəl generallarına deyibmiş: “İndi erməniləri yada salan varmı?” Atatürkə, ehtimalən, ermənilərsiz Türkiyə miras qalmışdı, Hitler isə öz davamçılarına yəhudilərsiz Avropadan danışırdı. Fisk yazır ki, bəzi iddialara görə, 1915-ci ildə erməni qətlləri faktiki olaraq, Osmanlı imperiyasının xristian əhalisinin 1,5 milyonunun qırğını ilə nəticələnib.

Amma indi Erdoğanın əhalinin qeydiyyatı arxivlərini açması və hər bir kəsə öz əcdadlarının kimliyini hətta internetdə öyrənmək imkanının verilməsi elə böyük bir təəccüblə qarşılanıb ki, sözü gedən sayt bir neçə saatın içində çöküb.

“Öldürülənlərin” çoxu sağ imiş

Qeydiyyat kitablarının açılması nəticəsində məlum olub ki, çox sayda türk əslində erməni və ya qismən erməniymiş. Qismən yəhudi və qismən yunan olanlar da çoxdur. Fisk yazır ki, bu, tamamilə başqa bir həqiqətə də işıq salıb. Məlum olub ki, “soyqırım” adlandırılan hadisə vaxtı öldükləri güman edilənlərin böyük bir qismi sağ qalıbmış.

Fisk yazır ki, son 20 ildə, “ən azı Sultan Erdoğanın çevriliş sonrası avtokratiyasına qədər olan müddətdə bir çox türklər, şəxsi söhbətlərində olsa da, açıq şəkildə öz əcdadları barədə danışırdılar. Onlar bildirirdilər ki, bir çox ermənilər və xristianlar kütləvi zorlama və qətllərdən İslamı qəbul etməklə və ya türk və kürd kişilərə ərə getməklə xilas ola biliblər.

Onların uşaqları müsəlman kimi böyüyüblər, özlərini türk hesab ediblər, amma bunu da biliblər ki, yarı ermənidirlər. On minlərlə yetim erməni uşaqları müsəlman məktəblərinə verilib, türkcə danışmağa, adlarını dəyişdirməyə məcbur ediliblər. Belə məktəblərin ən böyüklərindən biri də Beyrutda olub. Bu barədə aparıcı Türkiyə feministlərindən biri yazıb. Bu qadın ömrünü Amerikada başa vurub.

Buna görə də Ermənistandan və Türkiyədən kənarda yaşayan və köklərini 1915-ci il qətllərindən sağ çıxanlara bağlayan 11 milyon erməni Türkiyədə əhali qeydiyyatı kitablarının açılmasının əhəmiyyətini dərhal başa düşüb. Onlar deyirlər ki, bəzi qeydiyyat sənədləri 1800-cü illərin əvvəllərinə gedib çıxır.

Bu da deyilir ki, arxivlərin açılması xəbərindən keçən 48 saat ərzində 4 milyon türk öz ailə şəcərəsinə giriş istəyib. Elə buna görə də sistem çöküb. Erməni demoqrafı George Ağcayan deyir ki, 8 milyon türk əcdadları barədə sorğu verib. Bu, bütün Türkiyə əhalsinin 10 faizidir.

Bununla belə sənədlər yayğın ola bilər. Bəzi hallarda erməni kimi tanınan əcdadlar sənədlərdə mənşələrinə istinad edilmədən müsəlman kimi qeydiyyata alınıblar. Bəzi hallarda isə adları dəyişdirilmiş ermənilərin əcdadlarının erməni adları sənədlərdə olduğu kimi göstərilib.

Xeyir ola, bu sənədləri açırlar?

Robert Fisk belə bir maraqlı sual verib: Görəsən, Türkiyə niyə bu sənədləri indi açmaq qərarına gəlib? Erdoğanın özü də arabir gileylənirdi ki, bəzən türkləri “yəhudi, erməni və yunan olmaqda ittiham edirlər”.

“Cumhuriyet” qəzetinin köşə yazarı Tayfun Atay deyir ki, ona əcdadının gürcü olduğunu çox da reklam etməməyi dostcasına məsləhət görmüşdülər.

“İndi erməni əcdadları və ya ermənidən dönmə olduqları üzə çıxanlar nə edəcəklər? Təsəvvür elə ki, sən təmizqanlı türk olduğunu düşündüyün halda, təmizqanlı erməni olduğun üzə çıxır” Atay deyir.

Jurnalist Serdar Korucu “Al-Monitor” saytına deyib ki, hökumət bunu bir neçə il əvvəl, “bizim daha tolerant olduğumuz vaxtlarda etsəydi, yenə də başa düşmək olardı”.

2007-ci ildə qətlə yetirilmiş erməni jurnalist Hrant Dink 2003-cü ildə “Agos” qəzetində yazırdı ki, hökumət gizli olaraq əhalinin qeydiyyati kitablarında əcdadı qeyri-türk olanların adlarını işarələyir. Söhbət yunan, yəhudi və erməni əcdadı olanlardan gedirdi. Yəni sənədlərdə onların əcdadlarının qeyri-türk olması xüsusi sistemlə göstərilirdi.

Korucu xatırlayır ki, Türk Tarixi Cəmiyyətinin sədri 2007-ci ildə azlıqları hədələyərək demişdi: “Məni cin atına mindirməyin. Məndə dönmələrin ünvanlarını göstərən siyahılar var…”

Sonradan bu direktor millətçi MHP-nin siyasətçisinə çevrilmişdi.

İmamın keşiş qardaşı

Etnik erməni jurnalist Hayko Bağdat yazır ki, cəmiyyət hələ bu həqiqətləri bilməyə hazır deyil.

“Təsəvvür edin ki, Türkiyənin dini işlər müdiri vəzifəsini tutmuş Lütfi Doğan erməni patriarxı Sinozk Kalustyanın qardaşı çıxır, -Bağdat deyirdi, – 1961-ci ildə Beyrutdan Türkiyəyə qayıdan Kalustyanı Türkiyə Erməni Patriarxlığında bir müqəddəs kimi xatırlayırdılar. Soyqırım vaxtı onun anası uşaqlarını ölkədən qaçırmış, özü isə İslamı qəbul etmişdi. Sonradan o, Doğan soyadlı kişiyə ərə gedib. Bu kişi yüksək sosial statusa malik adam olub. Qadın bu kişidən iki qız və bir oğlan doğub. Bu oğlan Lütfi Doğan idi. Onun o vaxtlar artıq Milli Hərəkat Partiyasının üzvü olan anası rəhmətə gedəndə, dayısı keşiş qiyafəsində Beyrutdan gələrək yasda iştirak etmişdi. Heç kim də ona heç nə deyə bilməmişdi”.

Buna bənzər başqa bir əhvalat Fethiyye Çetinin nənəsi haqqında xatirələrində də var. Onun nənəsi Türkiyənin Maden şəhərində hörmət-izzətli müsəlman evdar qadın idi. Nənə nəvəsinə erməni olduğunu söyləyibmiş. Onun kəndindəki kişilərin çoxu öldürülmüşdü. Qadının adı Seher idi (əsl erməni adı isə Heranus olub).

Onu bir türk jandarm qızlığa götürmüşdü. İnsan haqları fəalı Fethiyye Çetin (o, sonralar Dinkin vəkili idi) nənəsinin vəfatı xəbərini Dinkin “Agos” qəzetində dərc etdirmişdi.

“Heranus bütün ailəsini itirib və onları bir daha görməyib, – Çetin yazırdı, – Ona yeni ad vermişdilər. Yeni ailəsi vardı. O, ana dilini unutmuşdu, dinini unutmuşdu, amma əsl adını, kəndini, atasını, anasını heç vaxt unutmamışdı…O, 95 yaşa qədər gəlib çıxmışdı…”

Bu yazını Amerikada Heranusun qohumları oxumuşdular. Onlar Çetinə zəng etmişdilər. Sən demə, Heranusun bacısı hələ də sağ idi. Ailə qovuşmuşdu.

Fisk məqaləsinin sonunda yazır: “Bu gün bəlkə də 2 milyon türkün nənəsi ermənidir. Lakin onlar özlərini inandırmalıdırlar ki, soyqırım heç vaxt olmayıb”.

BIR CAVAB BURAXIN