Onlar Mərkəzi Asiyada evlərini tərk edib, Almaniya ordusuna qarşı vuruşmaq üçün yollanmışdılar.
Sonra isə əyinlərinə əski parçası geydirilmiş halda məhbus qismində holland konslagerinə aparıldılar.
Onlardan sağ qalan bir neçəsi 101 özbək kişisinin 1942-ci ildə Amersfoort yaxınlığında necə öldürüldüyünü xatırlayır.
Əgər bir holland jurnalisti olmasaydı, hadisə beləcə də unudulub gedəcəkdi.
Hər yaz yüzlərlə holland kişi və qadını, gənci və qocası Utrecht yaxınlığındakı Amersfoort qəsəbəsində toplaşır.
Burada onlar 101 Sovet əsgərinin xatirəsinə şamlar yandırırlar. O əsgərlər faşist əsgərləri tərəfindən güllələniblər və hadisə, yarım əsrdən çox heç kim tərəfindən yada salınmayıb.
Hekayə 18 il əvvəl Remco Reiding adlı jurnalistin Rusiyada bir neçə il işlədikdən sonra, geri qayıtması ilə yenidən aşkarlanıb. Dostlarında biri ona, yaxınlıqda müharibədən qalma Sovet qəbiristanlığı olduğunu deyir.
“Mən bunda təəccübləndim, çünki, əvvəl heç bu haqda eşitməmişdim,” Reiding deyir. “Mən oraya baş çəkdim və arxivləri və şahidləri axtarmağa başladım.”
Tezliklə aydın olur ki, 101 əsgərdən başqa 865 Sovet əsgəri Hollandiya və Almaniyanın müxtəlif hissələrindən gətirilərək burada basdırılıblar.
Bu naməlum 101 nəfər isə Amersfoort-da öldürülüb.
Onlar, almanların Sovet İttifaqını işğal etdiyi ilk həftələrdə Smolensk yaxınlığında tutulmuş və alman işğalında olan Hollandiyaya göndəriliblər.
“Onlar, məhbuslar arasında Asiya görünüşlülərini seçib faşist ideyalarına qarşı çıxan hollandlara göstərmək istəyiblər,” Reiding deyir.
“Onları untermenschen – aşağı səviyyəli insanlar – adlandırır və ümid edirdilər ki, hollandlar Sovet insanının necə olduğunu görüb almanlara qoşulsunlar.”
Almanların Sovet vətəndaşlarını göstərməklə fikrini dəyişməyə ümid etdikləri kommunist hollandlar, Amersfroot konslagerində əsir idilər. Onlar 1941-ci ilin avqustuna kimi burada yerli yəhudilərlə birgə saxlanıblar.
Amma, plan işə yaramır.
91 yaşlı Henk Broekhuizen yaşayan bir neçə şahiddən biridir. O, yeniyetmə kimi Sovet məhbuslarının qəsəbəyə gətirildiyini xatırlayır.
“Gözlərimi yumanda onların üzü canlanır,” o deyir.
“Əskiyə bükülmüş halda, onlar heç əsgərə bənzəmirdilər. Ancaq üzlərini görmək mümkün idi”.
“Faşistlər onları qatar stansiyasından əsas küçə ilə konslagerə gətirdilər. Onlar, zəif və kiçik idilər. Ayaqlarına parça bürünmüşdü. Bəziləri heç gəzə bilmirdi və dostları onlara kömək edirdilər.”
Bəzi məhbuslar baxmağa toplaşan insanlara göz və əl hərəkətləri ilə ac olduqlarını çatdırmağı bacarıb.
“Biz onlara su və çörək gətirdik,” Broekhuizen deyir. “Amma, faşistlər hamısını əlimizdən aldılar. İmkan vermədilər ki, onlara yardım edək.”
O, həmin əsgərləri sonradan nə görüb, nə də başlarına nə gəldiyini eşidib.
Amma, Reiding holland arxivlərindən məlumatlar toplamağı bacarıb.
Onun aşkarladığı şeylərdən biri, həmin əsgərlərin əsasən özbəklərdən ibarət olması faktıdır. Bir rusca danışan SS zabitin onları sorğu-sual edənədək konslager rəsmiləri bundan xəbərsiz olublar.
Əksəriyyəti Səmərqənddən olub, Reiding deyir. “Ola bilsin ki, bəziləri qazax, qırğız və ya başqırd olub, amma, əksəriyyəti özbək olub.”
Reiding həm də müəyyənləşdirib ki, konslagerdə ən pis münasibət görən elə bu Mərkəzi Asiyalı məhbuslar olublar.
“Düşərgədəki ilk üç günü özbəklərə yemək verilməyib və tikanlı məftillərlə əhatələnmiş yerdə saxlanılıblar”, Reiding deyir.
“Alman film ekipajı “barbar insanabənzər məxluqların” yemək uğrunda mübarizəsini ekranlaşdırmağa hazırlaşır – məncə, öz təbliğatları üçün bu səhnəni lentə ala bilərlər
“Faşistlər ac özbəklərə bir çörək atıblar.
“Gördükləri isə onları təəccübləndirib. Məhbuslardan biri sakitcə çörəyi əlinə alıb və qaşıqla onu bərabər hissələrə bölməyə başlayıb. Hər kəs səbirlə gözləyir və heç kim dava etməyib. Sonra isə çörək tikələrini paylamağa başlayıblar. Bu, faşistləri qəzəbləndirib.”
Amma, məhbusları bundan pisi gözləyirmiş.
“Özbəklərə düşərgədəki digər məhbuslarla müqayisədə daha az yemək verilirdi və məhbuslardan kimsə onlara kömək etmək istəsə idi, cəza olaraq bütün düşərgəyə yemək verilmirdi,” Gouda yaxınlığında yaşayan özbək tarixçisi Bahadır Uzaqov deyir.
O da, Amersfoort düşərgəsindəki hekayəni araşdırır.
“Onlar, kartof qabığı kimi qida artığını yedikdə faşistlər tərəfində donuzların yeməyinə əl uzatmaq səbəbi ilə döyülürdülər.”
Arxivlərdən topladığı düşərgə gözətçilərinin etirafları və məhbusların xatirələri – bunların əsasında o, 2015-ci ildə Şərəf Meydanının Uşağı adlı kitabını nəşr etdirib – sayəsində Reiding müəyyənləşdirib ki, özbəklər tez-tez döyülür və ağır dəmir, torpaq və ya daş daşımaq kimi çətin işlərə məcbur edilirdilər.
Onun tapdığı ən dəhşətli hekayələrdən biri, düşərgənin həkimi Nikolaas Van Nieuwenhuysen adlı holland həkimi ilə bağlıdır.
O, ölən iki özbəyin başının kəsilib və kəllə sümükləri təmizlənənə qədər qaynadılmasını başqa məhbuslardan istəyib, Reiding deyir.
“Həkim həmin özbəklərin kəllə sümüklərini iş otağında saxlayırmış. Dəlilik!”
Aclıqdan ölməmək üçün özbəklər siçovul, siçan və bitkiləri yeməyə başlayıblar. Onlardan 24-ü 1941-ci ilin dəhşətli qışından sağ çıxmayıb. Qalan 77 nəfər isə zəif düşdüklərindən onlara iş verilməyib.
Beləliklə 1942-ci ilin aprelində bir səhər sübhdən faşistlərə onlara Fransanın cənubuna aparılacaqlarını deyir.
Əslində isə düşərgə yaxınlığındakı meşəyə aparılırlar. Burada onlar güllələnir və kütləvi şəkildə basdırılırlar.
“Təsəvvür edin evinizidən 5000 km uzaqdasınız, nə onların dilini başa düşürsünüz, nə də onlar sizi. Və bu insanların səninlə heyvan kimi davranışını heç vaxt anlaya bilmirsən.”
Bu məhbusların kimliyini müəyyənləşdirə bilmək üçün çox az məlumat var. Faşistlər 1945-ci ildə düşərgədən getməmişdən öncə arxivləri yandırıblar.
İki kişinin üzünün göründüyü yalnız bir foto qalıb ki, onların da adları bilinmir.
Holland məhbus tərəfindən çəkilən doqquz portretdən yalnız ikisinin adı var.
“Adlar səhv yazılsalar da, özbək adlarına oxşayırlar,” Reiding deyir.
“Biri Qədiri Hətəm və digəri Muradov Zayir. Yəqin ki, birincisi Qədirov Hətəmdir və ikincisi Muradov Zayirdir.”
Mən dərhal özbək adları və özbək simalarını tanıyıram. Çatmaqaşlar, incə gözlər və qarışıq üz cizgiləri – bunlar ölkəmdə gözəlliyi xarakterizə edir.
Onlar erkən iyirmi yaşlarında və ya daha gəncdirlər.
Bəlkə də mənim itkin düşən ulu əmim və xanımımın babası da olub.
Reiding düşünür ki, o, özbək arxivlərində adları tapa bilər.
“Ölən və ya ölümü Sovet hökumətinə göndərilməyən Sovet əsgərinin sənədləri və kimlikləri yəqin ki, Özbəkistandadır,” Reiding deyir.
“Əgər onlara baxmaq imkanım olsa, 101 özbəyin bəzilərini tapa bilərəm”.