“10 milyon əhalisi olan Azərbaycanda 27, 3,7 milyon əhalisi olanGürcüstanda 47 teatr fəaliyyət göstərir”

0
666

 

2009-cu ildən Bakı Kamera və Dövlət Gənclər Teatrının Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilməsi prosesi həyata keçirildi. Həmin teatrlar əvvəlki güclərində fəaliyyət göstərə bilirlərmi? Bu birləşmədə teatr aləmimiz nələr qazandı, nələr itirdi? “Yeniavaz.com” bu və ya digər suallarla bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının müəllimi, teatrşünas Elçin Cəfərova müraciət edib.

– Elçin müəllim, 2009-cu ildən Bakı Kamera və Dövlət Gənclər Teatrının Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilməsi prosesi həyata keçirildi. O vaxtdan 8 il ötüb. Bu birləşmədə teatr aləmimiz nələr qazandı, nələr itirdi?

– 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, Dövlət Gənclər Teatrı və Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildi. Burada söhbət daha çox üç teatrın birləşdirilməsindən çox iki teatrın ləğvindən gedir. Onu da deyimki, hər ikisi teatr mədəniyyətimizdə özünəməxsus yeri olan, bir qədər obrazlı desək, tarix yazmış teatrlar idi. Sözsüz ki, bu teatrların fəaliyyətini dayandırması o zaman bütün teatr adamları kimi məni də çox məyus etmişdi. Çünki tələbəlik illərim bu iki teatrın tamaşalarını izləməklə keçmişdi və hər iki kollektiv mənim üçün çox doğma və dəyərli idi. Ancaq bu gün müəyyən zaman məsafəsindən, “soyuq başla” sözügedən hadisəni dəyərləndirərkən bu gedişə müəyyən qədər haqq qazandıra bilirəm. Məsələ burasındadır ki, həm Gənclər Teatrı, həm də Bakı Kamera Teatrı məhv olmaq təhlükəsi ilə üz-üzə idi.

– Bəlkə, sonuncu cümlənizdəki fikri bir qədər açıqlayasınız?

– Azərbaycan rejissurasının ən böyük nümayəndələrindən olan Hüseynağa Atakişiyevin 1989-cu ildə yaratdığı Dövlət Gənclər Teatrının milli mədəniyyətimizə verdiyi töhfələr inkarolunmazdır. Bəlkə də bu qədər qısa müddət ərzində Azərbaycan teatrına bu qədər dramaturq və aktyor bəxş edən ikinci bir teatr yoxdur. B. Brextin epik teatr konsepsiyası ilə meydan teatrının elementlərini birləşdirərək özünəmxəsus estetika yaradan, Dövlət Gənclər Teatrında hazırladığı biri-birindən maraqlı tamaşalarla Azərbaycan teatrına misilsiz töhfələr verən H. Atakişiyevin vəfatından sonra teatra sahib çıxan olmadı. Nə teatr icması, nə tamaşaçılar, nə də dövlət Gənclər Teatrına dəstək olmaq, onu yaşatmaq üçün heç bir addım atmadı. Teatrın kollektivi yaradıcı boşluğa düşdü. Təəssüf ki, H. Atakişiyevin rejissurasını davam etdirə biləcək tələbəsi yox idi. Rəhman Əlizadənin, SərvərƏliyevin və aktyorların bütün cəhdlərinə baxmayaraq, Gənclər Teatrı əvvəlki yaradıcı qüdrətini bərpa edə bilmədi. Fəaliyyətinin son dönəmi üçün xarakerik olan yaradıcı və maddi aşınma Dövlət Gənclər Teatrını sənət məkanından silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Teatrın yerləşdiyi binanın (Teatr Xadimləri İttifaqının səhnəsi) bərbad vəziyyətdə olması, maddi-texniki təminatsızlıq da H. Atakişiyevin yetirmələrini çıxılmaz vəziyyətə salmışdı.

Belə olan halda Gənc Tamaşaçılar teatrına birləşdirmə bəlkə də optimal çıxış yolu kimi görünürdü və dövlət məhz bu addımı atdı. Gənc Tamaşaçılar Teatrına birləşdirilməklə kollektiv, ən azı, maddi-texniki şəraitsizlikdə işləmək məcburiyyətindən qismən də olsa, xilas oldu. Yaradıcı heyətin üzvləri işsiz və məvacibsiz qalmaq təhlükəsindən qurtuldular. Ancaq fakt ondan ibarətdir ki, Gənclər Teatrı yaradıcılıq yolunun sonuna gəldi. Yəni bu qərar faktiki olaraq teatrların birləşdirilməsini yox, bir teatrın aktyor truppasının başqa bir teatra transferini nəzərdə tuturdu.

“Truppanın komplektləşdirilməsi işi hələ uzun müddət davam edəcək”

– Amma Gənclər Teatrı ilə müqayisədə Bakı Kamera Teatrında bir alayı ab-hava vardı…

– Bəli, Cənnət Səlimovanın tələbələri ilə yaratdığı Bakı Kamera Teatrı ilə bağlı məsələ bir qədər başqa cür idi. Belə ki, istedadlı rejissorun tələbələri ilə birgə yaratdığı və illər boyu yaşatdığı teatr, bir növ, laboratoriya xarakteri daşıyırdı. Bakı Kamera Teatrında C. Səlimovanın və mərhum rejissor İ. Perlovanın rəhbərliyi ilə Mədəniyyət və İncəsənət Universitetinin məzunları (daha dəqiq desək, C. Səlimovanın tələbələri) peşəkar sənətçilər kimi yetişdirilirdi. Bu teatr Azərbaycanda “kamera teatrı” estetikası ilə fəaliyyət göstərən yeganə yaradıcı kollektiv idi. Kamera teatrında hazırlanan tamaşaların əksəriyyəti Azərbaycan teatr məkanında mikrohadisəyə çevrilə bilirdi. Teatrın “Qodo intizarında”, “Albalı bağı”, “Axırıncı qatar” (“İtlər”), “Ezop”, “Şeyx Sənan”, “Skapenin kələkləri”, “Otello” kimi tamaşaları hələ də şəxsən mənim (inanıram ki, bu tamaşaları görən tamaşaçıların da) yaddaşımdadır. Cənnət xanım təcrübəsiz tələbələrlə peşəkar və çox maraqlı bir teatr yarada bilmişdi. Ş. Hüseynov, N. Vəliyev, L. Vəliyeva, İ. Cahangir, K. Hadızadə, S. Məmmədov, G. Nəbiyeva, İ. Həsənov, İ. Rəşidova kimi aktyorlara görə Azərbaycan teatrı məhz Bakı Kamera Teatrına minnətdar olmalıdır.

Şəxsi qənaətimə görə, C. Səlimovanın yaratdığı Bakı Kamera Teatrının fəaliyyəti milli teatr tariximizin çox əhəmiyyətli səhifələrindən birini təşkil edir. Heç şəksiz, C. Səlimovanın bir rejissor kimi sənətdə xidmətləri az deyil. Ancaq mən Bakı Kamera Teatrını C. Səlimovanın milli teatr sənətimizdə ən böyük uğuru hesab edirəm. Bəzən C.Səlimovanı öz teatrını “ataraq”, baş rejissor vəzifəsinə qurban verməkdə ittiham edirlər. Düşünürəm ki, bu məsələyə birtərəfli yanaşmaq düzgün deyil. Bakı Kamera Teatrı Mədəniyyət və Turizm Nazirliyinə yox, Bakı şəhər İcra Hakimiyyətinə tabe idi. Artıq teatrın maddi və texniki resursları da tükənmək üzrə idi. Yarandığı gündən Bakı Kamera Teatrının öz binası yox idi və kollektiv M. Şəhriyar adına Mədəniyyət Evinin uçulub-dağılan binasında “kirayə” yaşamağa məcbur olmuşdu. Bakı şəhər İcra Hakimiyyəti Bakı Kamera Teatrına münasibətdə “nə yardan doyur, nə əldən qoyur” prinsipindən çıxış edirdi. Uzun illər boyu rəhbərlik teatrın bu durumdan çıxması, maddi-texniki bazasının təkmilləşdirilməsi üçün heç bir konkret addım atmır, poliativ (yarıçarə) üsullar isə artıq işə yaramırdı. Teatrın yarandığı və özünü təsdiq etməyə çalışdığı 90-cı illər artıq çoxdan geridə qalmışdı. Kamera Teatrı yaradıcılıq baxımından peşəkar teatr kimi formalaşsa da, maddi-texniki baxımdan çökməyə doğru gedirdi.

– Birləşdirilməklə bu teatrın bir çox problemləri yoluna qoyuldu, amma…

– Bəli, Nazirlər Kabinetinin 30 sentyabr 2009-cu il tarixli 158 nömrəli qərarına əsasən Gənc Tamaşaçılar teatrına birləşdirilməklə Kamera Teatrı mərhumiyyətlərdən, şəraitsizlikdən qurtulsa da, yaradıcı kollektiv kimi yox oldu. Buna isə ancaq təəssüflənmək olar. Çünki Cənnət xanım və “onun övladı” Kamera Teatrı yaradıcılıq baxımından tükənməmişdi. Teatrı bağlamaq, tamam fərqli estetika ilə işləyən Gənc Tamaşaçılar Teatrına birləşdirmək əvəzinə onun maddi-texniki bazasının təkmilləşdirilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin balansından çıxarılaraq, Mədəniyyət və Turizm Nazirliyin tabeliyinə verilməsi daha səmərəli nəticələr verə bilərdi. Kamera Teatrını yaşatmaq olardı.

– Amma bu bir fakt ki, bu birləşmədən sonra Gənc Tamaşaçılar Teatrı da, əgər belə demək mümkünsə, sanki özünü itirdi.

– Deməzdim özünü itirdi, amma birləşdirmədən sonra GəncTamaşaçılar Teatrı uzunmüddət öz vahid fəaliyyət xəttini müəyyənləşdirə bilmədi. Elə indinin özündə də Kamera və Gənclər Teatrından gələn aktyorlar bir teatrın içində ayrı-ayrı truppalar təsirini bağışlayır ki, bu da anlaşılandır. Truppanın komplektləşdirilməsi işi hələ uzun müddət davam edəcək.

“Mən həyatımda ikinci bir insan tanımıram ki, ona “müəllim” sözü Vaqif İbrahimoğluna yaraşdığı qədər yaraşsın”

– Elçin müəllim, daha sonra “Yuğ”un “Azrdama”ya birləşdirilməsi məsələsi də ortaya atıldı…

– YUĞ Dövlət Teatrının Akademik Milli Dram Teatrına birləşdirilməsi məsələsi dezinformasiyadan, dedi-qodudan, “çayxana söhbəti”ndən başqa bir şey deyildi. Məsələ burasındadır ki, Yuğ və Akademik Milli Dram Teatrı estetika baxımından bir-birindən ciddi surətdə fərqlənən iki müxtəlif teatrdır. Vaqif İbrahimoğlunun yaratdığı “Yuğ” Teatrı Azərbaycan teatr məkanında xüsusi yerə və özəl çəkiyə malik bir sənət müəssisəsidir. Yeri gəlmişkən, faktiki olaraq, bu gün Azərbaycanda özəl poetikası olan iki teatr mövcuddur: “Yuğ” və Pantomim teatrları. Sözügedən teatrların qorunub saxlanması və inkişaf etdirilməsi üçün həm dövlət, həm teatr ictimaiyyəti, həm media, həm də cəmiyyət məsuliyyət daşıyır. Özəl poetikası olan və fərqli metodikaya əsasən işləyən “Yuğ” teatrı milli sənət düşüncəmizə, xalq oyun-tamaşa mədəniyyətindən qaynaqlanan teatr ənənələrinə müraciət edərək, bu ənənələri dünya teatr prosesinin qabaqcıl təcrübələri ilə birləşdirir. Teatrın fərqli, bənzərsiz yaradıcılıq yolunun olduğu heç kəs üçün sirr deyil.

– Bayaq H. Atakişiyevin vəfatından sonra teatra sahib çıxan olmadı dediniz… Amma görünür, Vaqif İbrahimoğlu “Yuğ”da elə bir mühit formalaşdırmışdı ki, onun vəfatından sonra da işlər öz axarınca getdi….

– Vaqif İbrahimoğlu böyük rejissor olmaqla yanaşı, həm də çox güclü pedaqoq idi, sözün əsl mənasında, MÜƏLLİM idi. Mən həyatımda ikinci bir insan tanımıram ki, ona “müəllim” sözü Vaqif İbrahimoğluya yaraşdığı qədər yaraşsın. Ustadın Azərbaycan teatrı qarşısında ən böyük xidmətlərindən biri də onun rejissor yetişdirməsi idi. Təbii ki, bu rejissorlar intellektual səviyyəsinə, yaradıcı potensialına, düşüncə miqyasına, sənət təfəkkürünə görə V. İbrahimoğlu ilə müayisə oluna bilməz. Ancaq fakt ondan ibarətdir ki, bu gün V. İbrahimoğlunun “əlindən su içən” Gümrah Ömər, Mikayıl Mikayılov, İradə Gözəlova, Tural Mustafayev, Mirsahib Ağayev, Günay Səttar, Aytən Məmmədova, Ərtoğrul Kamalov kimi rejissorlar ölkənin müxtəlif teatrlarında, həmçinin Azərbaycandan kənarda fəaliyyət göstərirlər. Bu rejissorların hər birinin müvəffəqiyyətləri də, uğursuzluqları da var. Müəllimin tələbələri arasında maddi problemlərə görə sənətdən uzaqlaşanlar da az deyil. Ancaq fakt ondan ibarətdir ki, Azərbaycan teatr tarixində heç kəs bu qədər rejissor yetişdirməyib. Bu rejissorların əksəriyyəti bu gün teatr prosesimizin tərkib hissəsinə çevriliblər.

Vaqif İbrahimoğlu dünyasını dəyişdikdən sonra da tələbələri onun müəyyən etdiyi yaradıcılıq yolu ilə gedirlər. Maraqlı tamaşaları, cəsarətli işləri ilə tamaşaçıları və mütəxəssisləri təəccübləndirə bilən “Yuğ” teatrı bu gün Kukla Teatrının binasında fəaliyyətini davam etdirir. Düşünürəm ki, bu gün bu teatrın hansısa teatra birləşdirilməsi barədə yox, kollektivin yaradıcı fəaliyyətini tam gücü ilə davam etdirməsi üçün teatrın bina probleminin aradan qaldırılması barədə düşünmək lazımdır.

– Səhv etmirəmsə, bu teatr üçün bina inşa ediləcəyi söylənilirdi…

– Rəhbərlik tezliklə teatr üçün yeni binanın tikiləcəyini vəd edir və heç şübhəsiz, bu, ən doğru addım olar. “Yuğ” teatrı ilə bağlı qəbul edilən qərarlar dövlətin teatr sənətinə münasibətini əks etdirir. Zənnimcə, “milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, ümumbəşəri və milli dəyərlərin təbliğini, dünya mədəniyyətinə inteqrasiyasını” fəaliyyətinin prioritet istiqaməti kimi bəyan edən Azərbaycan dövləti “Yuğ” teatrının yeni bina ilə təmin olunması üçün bütün mümkün vasitələrdən istifadə edəcək.

– Elçin müəllim, söhbətimizin sonunda istərdim ki, belə bir məsələyə də aydınlıq gətirəsiniz: bəzən ölkəmizdə teatrların sayının çoxluğundan söz açırlar. Bununla bağlı nə deyə bilərsiniz?

– Ümumiyyətlə, teatr sənətini inkişaf etdirmək üçün hansısa teatrları bağlamaq və yaxud birləşdirmək yox, əksinə, fərqli estetikalarla işləyən alternativ teatrların sayının artırılmasına çalışmaq lazımdır. Bu gün ölkənin teatr şəbəkəsini daha da genişləndirmək, yeni teatrların yaradılmasını stimullaşdırmaq gərəkdir. Kiçik bir müqayisəli təhlil etsək və qonşu ölkələrin teatr prosesi ilə maraqlansaq, görərik ki, Azərbaycanda teatr-tamaşa müəssisələrinin sayı, heç də iddia olunduğu kimi, çox deyil. Statistik məlumatlar göstərir ki, bu gün 86.6 min km2 ərazisi və 10 milyon əhalisi olan Azərbaycanda cəmi 27 teatr varsa, cəmi 69.7 min km2 ərazisi və 3 729 500 nəfər əhalisi olan Gürcüstanda 47 teatr fəaliyyət göstərir. Ancaq təbii ki, burada əsas məsələ kəmiyyətlə yox, keyfiyyətlə bağlıdır. Mövcud vəziyyəti hamburq hesabı ilə dəyərləndirsək, etiraf etməliyik ki, bu müqayisədə keyfiyyətlə bağlı da vəziyyət bizim xeyrimizə deyil.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN