Vətənin and yeri – Şəhidlər

0
663


   Tarixin tarixi olmayanda əfsanələşir. Tarixin özünə də bəzən tarix yazılır. Elə qüdrətli simalar, saf amallı, igid və mərd şəxsiyyətlər vardır ki, onların təkcə tərcümeyi-halı ilə tarix yaranır. Xoşbəxt o kəslərdir ki, sağlığında adlarını tarixin salnaməsinə yazdırıb ölümlərindən sonra da uca zirvədə qərar tutaraq könüllərdə əbədi sevgiyə çevrilirlər. O zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Hər dəyərdən üstün bir dəyər vardır, lakin şəhidlikdən üstün bir dəyər deyərdim ki, yoxdur.

Bütün kainat göylərin ədalət prinsipi ilə idarə olunduğu halda, şəhidlər də Allah dərgahında ən uca zirvəyə ucalaraq onun məqamında olan göylərində sönməz ulduz kimi daim bərq vururlar – desəm yanılmaram. Şəhidlik – qəhrəmanlıq, mərdlik, vətənpərvərlik missiyasının daşıyıcısı və simvoludur. Məhz bu aspektdən şəhidlər ulu Yaradanın xüsusi missiyası ilə canını vətəninin yolunda fəda edən bəndələridir. Mərdlik, qəhrəmanlıq sonradan əta olunmur, nə də ki, alınmır. Onlar fitridir və bütün bu ali xüsusiyyətlər insanla bir olaraq fitrən dünyaya gəlir. Şəhidlərin ruhu öz cisimləri üçün təməl daşıdır. Onlar bu həyatda cismani olmasalar da, ruhi varlıqları ilə daim yaşayırlar.

   Torpaqlarımızın bütövlüyü uğrunda neçə-neçə mərd oğullarımız öz şirin canlarından keçərək ən uca və ali olan şəhidlik zirvəsinə ucaldılar. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən, haqqında bəhs edəcəyim həmin şəhidlərdən biri də Rüstəmov Cavanşir İsfəndiyar oğludur.   

   Cavanşirgil ailədə 10 uşaq – 7 qardaş və 3 bacı olublar. Ataları cavan ikən dünyasını dəyişdiyindən onları evin böyük oğlu, böyük qardaşları, onlara ata əvəzi olan Valeh saxlayıb. 1959-cu il sentyabrın 17-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olan Cavanşir Rüstəmov 1966-1976-cı illərdə Xanlıq kənd orta məktəbini bitirərək Əlibayramlı (Şirvan) şəhərində 3 il Pedaqoji texnikumda təhsil alır və oranı qırmızı diplomla qurtarır. Bir müddət Xanlıq kənd orta məktəbində müəllim işlədikdən sonra Gəncə şəhər Texnologiya İnstitutunda ali təhsilini davam etdirir və oranı da qırmızı diplomla qurtarır. 2 il hərbi xidmətdə olub qayıdandan sonra yenidən müəllim işləyən Cavanşiri rayon icra hakimiyyətinə işə dəvət edirlər. Beləliklə, Cavanşir Rüstəmov Qubadlı Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin rəisi vəzifəsində işə başlayır. Bu, artıq o zaman idi ki, erməni qəsbkarlarının, separatçılarının təcavüzü nəticəsində Qarabağ uğrunda savaş gedirdi. Cavanşirin 6 qardaşının hamısı ermənilərə qarşı mərdcəsinə döyüşürlər. Cavanşir də hər gün postlarda dayanan döyüşçülərə baş çəkir, söhbət edərək onları döyüşə ruhlandırır. Xanlıq Qubadlının ən böyük kəndi olduğundan Qubadlı özünümüdafiə batalyonunun nəzdində Xanlıq kəndinin mərd və cəsur oğullarından ibarət ayrıca könüllü döyüşçülər rotası yaradılır. O vaxt hər bir kənd özünü güclə müdafiə etdiyi halda, Xanlığın könüllü döyüşçüləri nəinki Xanlığı, hətta 3-4 qonşu kəndləri də ermənilərdən qoruyub müdafiə edirlər. Bütün qəlbi və varlığı ilə vətəninə, torpağına, elinə bağlı olan Cavanşir öz iş otağında rahat otura bilmir. Bu səbəbdən də İcra Hakimiyyətində işlədiyi çox az müddətdən sonra özü ərizə yazaraq işdən çıxır və könüllü olaraq ərazi müdafiə bölüyünə qoşulur, sonra tağım komandiri olur. Qorxmaz və mərd könüllü döyüşçülər bir neçə dəfə ermənilərin ərazisinə keçərək çoxlu erməni öldürür və bir neçə nəfər ermənini də əsir götürərək azərbaycanlı əsirlərlə dəyişmək üçün gətirirlər. Ermənilər heç cür Xanlığa girə bilmirlər. Xanlığın könüllü döyüşçüləri ermənilərin özlərini, tanklarını, BMP-ni vuraraq onlara heç bir imkan vermirlər.

Qeyd: Əgər həmin ərəfədə Xanlığın könüllü döyüşçüləri olmasaydı, heç şübhəsiz ki, Xanlıq da Xocalı faciəsini yaşayacaqdı. Çünki ermənilər Xanlıq kəndinin körpüsünü dağıtsa və ya körpünün yolunu kəsə bilsəydilər, kənd camaatının hamısı köməksiz vəziyyətdə çıxa bilməyib orada qalacaqdılar. Və bununla da ermənilər Xocalıda etdikləri vəhşilikləri Xanlıqda da edəcəkdilər. Ancaq Xanlığın qorxmaz və cəsur könüllü döyüşçüləri heç bir yerdən kömək olmadan axıra kimi mərd döyüşərək kənd əhalisini qoruyurlar. Lakin ətraf rayonlar erməni qəsbkarları tərəfindən işğal olunduqca Qubadlının və Xanlığın da müdafiə baxımından vəziyyəti ağırlaşır.

  Bütün mənəvi epitetlərlə zəngin olan Cavanşir Rüstəmovun həyat və döyüş   yoluna baxdıqca onun əsl vətənpərvər, intellektual, olduqca savadlı, dövlətini və millətini, el-obasını sevən bir şəxsiyyət olduğunu görürük. De-fakto bütün bunlar onun ömür bioqrafiyasında öz əksini tapır. Cavanşir Xanlıq uğrunda gedən döyüşlərdə mərdcəsinə döyüşə-döyüşə kənd əhalisinin 60-70 faizini, o cümlədən qadınları, yaşlıları, uşaqları tank, motosiklet və digər texnika ilə kənddən çıxardaraq ermənilərə əsir düşməyə qoymur. Döyüş yoldaşları ilə söhbət əsnasında Cavanşir deyirmiş ki, hər dəfə ermənilərlə savaşda bizim ailə şəhid verir. 1918-ci ildə də ermənilərlə savaşda babam şəhid olub. Lakin o sözləri deyən vaxt hələ bilməyirdi ki, çox keçməyəcək, özü də şəhid olacaq.

Haşiyə: Kim bilir, bəlkə də Cavanşir bu qədər el-obaya bağlı olduğundan tarixən hər dəfə ermənilərin azərbaycanlılarla savaşında şəhid verən ailələrinin adət-ənənəsini pozmayıb,  özüylə döyüşən 6 qardaşının heç birinə qıymayaraq bu dəfə özünü qurban verərək şəhid getdi?! Çünki Cavanşir əvvəlcədən qarşısına məqsəd qoymuşdu ki, kənddən çıxmayacaq. Özü də bu barədə qardaşlarına demişdi ki, ermənilər kəndə hücum etsələr mən kənddən çıxmayacağam. Uşaqlarımdan muğayat olarsınız. Məni tapmaq istəsəniz, atamın qəbri üstə axtararsınız. Belə də oldu, Cavanşir qarşısına qoyduğu məqsədinə doğru çəkinmədən, mərdcəsinə döyüşərək şəhid oldu. 45 gün şiddətli döyüşdə ermənilərin Xanlığa girməyinə imkan vermədilər. Zəngilan işğal olunana qədər müqavimət göstərdilər. 1993-cü il avqustun 31-də saat 3-ə 15 dəqiqə qalmış Qubadlı, o cümlədən Xanlıq işğal olundu. Çox təəssüflər ki, bu döyüşdə qəhrəmancasına həlak olan Cavanşir Rüstəmovun meyiti ermənilərin tutduqları mövqedə qaldığından onun meyitini götürmək mümkün olmur.

   Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə sentyabrın 27-də Binəqədi rayonunda fəaliyyət göstərən Kərəm Mirzəyev adına Xanlıq kənd 1 saylı tam orta məktəbdə şəhid Cavanşir Rüstəmovun 60 illik yubileyi və şəhidliyinin 26-cı ildönümü qeyd olundu. Tədbirin açılışında Azərbaycan Dövlət Himni səsləndikdən sonra aparıcılar – məktəbin 9-cu sinif şagirdləri Ağəmmədova Aydan və Yusifov Rəvan tədbirə qatılan qonaqları salamlayaraq həmin məktəbin məzunu və müəllimi  olmuş, şəhid Cavanşir Rüstəmovun həyat yolundan qısa məlumat verdikdən sonra Qubadlı rayonu və Cavanşir Rüstəmovun haqqında ekranda süjet göstərildi. Sonra tribunaya qalxan şəhidin böyük qardaşı və ata əvəzi olan, Xanlıq icra nümayəndəsi Valeh Rüstəmov çıxışında təkcə qardaşı Cavanşir Rüstəmov haqqında deyil, həmin vaxtlar Qubadlıda baş verən hadisələr, itkilər və Qarabağ müharibəsində canlarından keçən digər şəhidlər haqqında da ətraflı məlumat verdi. Sonra isə ailələri adından Qubadlı Rayon İcra Hakimiyyətinə və tədbirə qatılan bütün iştirakçılara öz minnətdarlığını bildirdi. Sonra Qubadlı Rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə müavini Xoşqədəm Abıyeva və icranın informasiya məsələlər üzrə müavini Novruz Abdullayev Qubadlı uğrunda gedən döyüşlər və Cavanşir Rüstəmov haqqında geniş çıxış etdilər. Daha sonra Şuşa özünümüdafiə batalyonunun komandiri Fəxrəddin Səfərov, Laçın özünümüdafiə batalyonunun komandiri Arif Paşayev, Qubadlı özünümüdafiə batalyonunun komandir müavini Asif Talıboğlu, sabiq icra nümayəndəsi Mürvət Məcnunov, şəhidin döyüşçü qardaşları Nadir Rüstəmov və Kamil Rüstəmov, Xanlıq uğrunda gedən döyüşlərdə könüllü iştirak etmiş kənd sakinləri Asif Səmədov, Sarvan Hacıyev, Qarabağ qaziləri – Xanlıq rotasının komandiri Əliş Dünyamalıyev və baş gizir olmuş Hüseyn Dünyamalıyev qardaşları, Xanlıq kənd orta məktəbinin direktoru Akifə Abdullayeva, tarix müəllimi Asim Mehdiyev, məktəbin hərbi təlim üzrə rəhbəri Zaur Sadıqlı, direktor müavini Zita Məmmədova və digər kənd sakinləri Cavanşir Rüstəmov haqqında danışaraq xatirələrini bölüşdülər. Çıxış edən Qarabağ qaziləri, Cavanşir Rüstəmovun döyüş yoldaşları və digər komandirlər bildirdilər ki, Ali Baş Komandanlığın əmri ilə hər zaman torpaqlarımızın azadlığı uğrunda döyüşə hazırdırlar.  

Rəsmi hissə bitdikdən sonra şəhid Cavanşir Rüstəmovun xatirəsinə həsr olunmuş bədii hissə başladı. Xanlıq kənd orta məktəb şagirdlərinin ifasında Xanlıq haqqında kompozisiya, vətənpərvərlik haqqında şeirlər, şəhidin adını daşıyan qardaşı oğlu kiçik Cavanşir Rüstəmovun söylədiyi şeir parçası, “Şəhid anası” adlı səhnəcik, tanınmış aktyor, istedadlı qiraət ustası Şirzad Pirallahın çıxışı və qiraət ifası tədbirdə iştirak edənlərdə böyük coşqu yaratdı. Sonra Xanlıq kənd orta məktəbinin məzunu olmuş və hazırda musiqi məktəbində təhsil alan muğam ifaçısı Əşrəf Bünyadzadənin ifasında “Qarabağ şikəstəsi”, “Qaçaq Nəbi” və digər vətənpərvər mahnılar səsləndi. Sonda yenə də qiraət ustası, tanınmış aktyor Şirzad Pirallahın böyük ruh yüksəkliyi ilə söylədiyi Azərbaycan bayrağı şeiri ilə tədbir sona çatdı.        

Son söz əvəzi: Tədbirdə iştirak edən qonaqlar, ziyalılar, Qarabağ qaziləri və döyüş komandirləri Təhsil nazirliyinə müraciət edərək şəhid Cavanşir Rüstəmovun uzun illər müəllim işlədiyini nəzərə alaraq onun da adına məktəb verilməsini xahiş etdilər. 

İsa Ravan

Arazinfo.com