Əli Kafkasyalının “Qafqaz qaçaqları” romanı işıq üzü görüb

0
552

Ərzurum Atatürk Universitetinin professoru Əli Kafkasyalının “Qafqaz qaçaqları” romanı işıq üzü görüb.

Arazinfo.com-un verdiyi xəbərə görə, kitabı türkcədən çevirən Məti Osmanoğludur. Roman müəllifi tərəfindən bolşevik çevrilişi ilə başlayan zülmün 100-cü ilində babası Məmməd Babanın, atası Aloy Hacının və bütün Qafqaz qaçaqlarının əziz xatirələrinə ithaf edib. Professor Əli Kafkasyalı kitabında qeyd edib ki,  “qəhrəmanların dastanları yazılmasa, xalq satqınların yalanlarını oxuyar”.

Qeyd edək ki, Qarsda doğulub Ərzurumda yaşayan professor Əli Kafkasyalı Azərbaycan kökənlidir: atası Qazaxın II Şıxlı kəndindəndir. Müəllifin babası Məmməd Baba Milli ordunun sərhəd mühafizə dəstəsinin başçısı olub. O, XI Qırmızı ordu ilə vuruşmada şəhid olub. Var-dövlətləri əllərindən alınmış şəhid ailəsi sovet rejiminin yaratdığı çıxılmaz vəziyyətlə bağlı məcburən Türkiyəyə köçüb. Əli Kafkasyalının atası 56 yaşında evlənib və 3 oğlu olub.

Lətif Mustafayev