“Əsmər Oktaya yox, ilk sevgisinə qayıtmışdı…” – “Gün keçdi” haqqında bilmədikləriniz-video

0
1765

Arazinfo.com A24.az-a istinadən t “Gün keçdi” filmi haqqında maraqlı məlumatları təqdim edir.

Anarın “Gürcü Familyası” əsərinin motivləri əsasında çəkilmiş “Gün Keçdi” filmi tamaşaçı auditoriyasına 1971-ci il 12 fevral tarixində təqdim olundu. Arif Babayevin rejissoru olduğu filmdə baş qəhrəman Oktay roluna Həsən Məmmədov dərhal təsdiq olunsa da, Əsmər rolunun seçimində bir sıra fikir ayrılıqları meydana gəlir. Ssenari müəllifi Anar bu obraz üçün Şəfiqə Məmmədovanı, kinorejissor Arif Babayev isə Amaliya Pənahovanı çəkmək istəyirdi. Bu məsələyə görə hətta aralarında küskünlük də yaranır. Nəhayət, Mərkəzi Komitədən verilən tapşırıq əsasında filmə Leyla Şıxlinskaya təyin olunur.
Filmdə səsləndirilən musiqilərin mətni Vaqif Səmədoğluna, ifalar isə Flora Kərimova və Mirzə Babayevə məxsusdur. O vaxt “Qaya” qrupu çox məşhur idi deyə Arif Babayev filmdə onlardan da istifadə edir.
Hələ də kədərli olmasına rəğmən sevilərək izlənilən bu filmdə aktyor işi o qədər güclüdür ki, kino mütəxəssisləri bu filmi “iki nəfərlik rejissor işi” adlandırır.
Film dahi kinorejissor Arif Babayevin o günə qədər mütəmadi tətbiq olunan “lentə alınmış teatr” estetikasına yeni nəfəs gətirir, dekorların yerinə audiovizuallardan istifadə edilməsi ilə fərqlənir.
Filminin ikinci rejisoru Fikrət Əliyev deyir ki, o dövrdə rejissor ssenarisinin yazılması, çəkiliş, montaj və tamamalama işlərinə görə filmə 1 il vaxt verilirdi. Film çəkilişi üçün hara üz tuturduqsa, kimsə “gözün üstə qaşın var” deməzdi. Rayona çəkilişə gedirdiksə, rayonun girişinə yazıb vururdular: “Azərbaycan kino işçilərinə salamlar olsun”. Hava limanındakı çəkilişdə təyyarə üçün heç bir qəpik də ödənilmədi.
Filmdə keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi öz əksini tapıb. Bu keçmiş və gələcək “məkan” arayışında təqdim edilən, keçmişdən gələn bir məhəbbət hekayəsidir. Əsmər keçmişdən gələn bir qonaq, Oqtay isə mövcud zamandaki ev sahibi. Ancaq Oqtayın düşüncələrində daimi olaraq müqayisə olunan Bakı və onun simasına edilən dəyişikliklərə qarşı keçirdiyi təəssüf əks olunur…
Əslində Materyalizmin ifrat həddə çatdığı bir dövrdə, insanların hislərinə belə toxuna bilmək üçün filmdə yüz ölçüb bir biçmək lazım idi.
Xüsusi çərçivələrlə verilən geniş “geridönüş” səhnələrindən ibarət olan bu müəllif filmi insanda bir nostalgiya duyğusu da oyadır.
Yazıçı Anar ssenarini yazanda İçərişəhər “sökülsün”, yoxsa “qalsın” problemi ilə üz-üzəydi. Arif Babayevin evi Şirvanşahlar sarayının yaxınlığında yerləşirdiyindən bu yer ona doğma idi. Burdan çıxış edən Anar həmin problemə toxunaraq ssenarini yazır, Arif Babayev də filmi çəkir. Rasim İsmayılovun peşəkar operatorluğu ilə “Gün Keçdi” filminin çəkilişləri İçərişəhərdə, Bakının mərkəzi küçələrində, Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda həyata keçirilir. Filmində Oqtayın iş yeri Arif Babayev tərəfindən indiki Dövlət Statistika Komitəsinin binası, iş otağı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının 5-ci mərtəbəsindəki otaqlardan biri seçilir. Oqtayın iş yerindən şəhər görüntüsünü rejisor Arif Babayev həmin binanın 17-ci mərtəbəsindən lentə alır.
Bakıda ilk dəfə yeraltı keçid Azərbaycan kinoteatrından bulvara tərəf gedən yerdə olub. Söhbət indiki “Torqovı” ilə bulvarı birləşdirən keçiddən gedir. Əsmərin “klas-klas” oynadığı yer də, sevgililərin pilləkəndə oturub söhbət etdiyi səhnə də orada ekranlaşdırılıb.
Həyatını ancaq işdən ibarət görən, idealları uğrunda mübarizə aparan və Əsmərə olan sevgisini də bu fikirlərin arasında gizlədən Oqtay.
Filmdə ssenaridə olmayan təsadüfi kadrlar da çoxdur. Əsmərlə Oqtayın qartopu oynaması, sevgililərin aeroportdan evə gedərkən şəhər gəzintilərində fondakı motosikletli adamlar həmin kadrlardandır.
Çəkilişlər zamanı “Gün Keçdi”nin ssenarisi olduğu kimi lentə alınmır. Belə ki, ssenarinin sonluğunu Həsən Məmmədov qəbul etmir və nəticədə müəlliflər ssenariyə dəyişiklik etməyə məcbur olurlar. Filmin ssenarisində Oqtay Əsməri öz evinə dəvət etməli və cütlüyün arasında yaşanan eşq səhnələrini əks etdirən kadr olmalı idi. Həsən Məmmədov isə həmin kadra qəti etirazını bildirir, əks halda çəkilişdən imtina edəcyini deyir. Nəticədə də film gördüyümüz sonluqla bitir. Həsən Məmmədov sağlığında həmin səhnələrdən imtina etməsini belə əsaslandırırdı: “Əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu….”
İlk baxışdan romantik film olsa da, böyük yazıçı rollara fərqli prizmalardan yanaşıb. Bir tərəfdən saf, təmiz ilk məhəbbət təbliğ olunur, digər tərəfdənsə ailəli gənc qadın ərindən xəbərsiz bir neçə saatlığa olsa belə doğma şəhərinə, ilk sevgilisinin yanına qayıtması…
Bəziləri filmin nikbin sonluqla bitdiyini vurğulayır. Əslində isə bir tərəfdən gənclik illərinin səhvi, digər tərəfdən də heç də xoşbəxt qadın olmayan Əsməri Bakıya gətirməyə məcbur edən ülvi hissləri bunun əksini deyir.
Əsmər Moskvada yaşayır, oranın mədəniyyətinə alışıb, bu tip görüşlər onun üçün normaldı, elə əri Camalın da adi qəbul edəcəyini düşünür. Ancaq ailəsindən gizlin etdiyi bu fədakarlıq üzə çıxsa, xoşagəlməz nəticələri olacağını da bilir. O dövrün Azərbaycan kişisi prizmasindan baxsaq, hardasa Əsməri qınamaq olar. Amma filmdə əslində simvolik məna var: Əsmər Oktaya yox, ilk sevgisinə qayıdır…

BIR CAVAB BURAXIN