Ərdoğanın çılğın layihəsi: 83 illik razılaşma məhv edilir?

0
415

“İstanbul Kanalı” layihəsinin ictimaiyyət üçün hansısa bir xeyiri yoxdur. Bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Əbdüllətif Şənər “Cümhuriyyət” qəzetinə açıqlamasında deyib.

“İqtidar uzun müddətdir ki, İstanbulda ikinci boğaz yaratmaq istəyir. Bu, xalqın yararlanacağı kanal deyil. Bu, ölkə mənfəətlərinə uyğun deyil, 10 milyardlarla dollar xərc tələb edir. Bunu həyata keçirmənin heç bir məntiqi və gərəkliliyi yoxdur”, – deyə o bildirib .

Şənər bu layihənin, həmçinin, Montrö razılaşması ilə bağlı olduğunu deyib:

“Montrö razılaşmasına əsasən, Qara dəniz sahilində yerləşməyən ölkələrin gəmiləri müəyyən edilmiş tonun üzərindədirlərsə, Qara dənizə girə bilmirlər. Bu göstəricidən aşağı olan gəmilər isə Qara dənizə daxil olduqda oradan 21 gün sonra çıxması gərəkir. Bu, əvvəldən ABŞ-ın narahatlığına səbəb olub və onu necə dəlib keçəcəyini hesablayıb. ABŞ-ın hərbi donanma formalaşdıra bilmədiyi yeganə yer Qara dənizdir. Bu layihə gerçəkləşsə, o zaman Montrö mübahisəli hala gəlmiş olacaq”.

Qeyd edək ki, Montrö Boğazlar Müqaviləsi 1936-cı ildə 10 ölkə tərəfindən imzalanmışdı. Sözləşmə Türkiyənin boğazlar üzərində hakimiyyətini təsdiqləyirdi.