Ərdoğan və Pompeo Liviya üzrə Berlin konfransını tərk ediblər

0
163

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət katibi Maykl Pompeo bu gün Almaniyanın paytaxtı Berlində keçirilən Liviya üzrə beynəlxalq konfransı tərk ediblər.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən DPA agentliyi bildirib.

Qeyd edilir ki, Ərdoğan Türkiyə nümayəndə heyətinin üzvləri ilə Almaniya Federal Kansleri İdarəsini tərk edib. 

DPA-nın məlumatına görə, onun danışıqlara qayıdacağı gözlənilmir. 

“Türkiyə tərəfi sammitdə konstruktiv rol oynayırdı”, – mənbə agentliyə deyib.

Almaniyanın paytaxtı Berlində keçirilən Liviya üzrə beynəlxalq konfransın iştirakçıları ölkədə barışığın olmasını razılaşdırıblar.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Konfransda BMT baş katibi Antoniu Quttereş, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ dövlət katibi Maykl Pompeo, Liviya münaqişəsi tərəflərinin rəsmiləri, habelə Rusiya, Fransa, Misir, BƏƏ və digər ölkələrin dövlət və hökumət üzvləri iştirak ediblər.   

Berlində keçirilən Liviya ilə bağlı konfransın iştirakçısı olan ölkələr münaqişə tərəflərinə silah tədarükü ilə bağlı embarqo, habelə belə bir qərarın icrasına nəzarətin gücləndirilməsi barədə razılığa gəliblər. Bu barədə Almaniya kansleri Angela Merkel açıqlama verib.

“Embarqoya hörmətlə yanaşırıq və əvvəlkindən daha çox nəzarət edilməli olması ilə razıyıq”, – deyə Merkel bildirib.

Merkelin fikrincə, bu münaqişə “yalnız siyasi yolla həll edilə bilər”. O, danışıqların “ciddi və gərgin” olduğunu qeyd edib.