Ənvər paşanı kim öldürüb? — ŞOK TARİXİ FAKTLAR

0
920

Erməni yalanlarının ifşası - Ənvər paşanı kim öldürüb?
Bir çox məlumata əsasən, Qızıl Ordunun əsgərləri Ənvər paşanın meyitini tapa bilməyiblər.

Onlar hətta paşanın 1922-ci ilin 4 avqust tarixində qətlə yetirildiyini də bilməyiblər. Erməni tarixçilərinin uydurmasından fərqli olaraq əslində Akop Melkumyanla Ənvər paşa arasında əlbayaxa döyüş olmayıb. Paşanın sinəsinə düşmən tərəfindən 5 güllə vurulub. Onun başını və qolunu heç kəs kəsməyib. Ənvər paşanın meyiti vətənində dəfn edilmədən əvvəl eksqumasiya keçirilib. Bu dəfə növbəti erməni yalanının üstünü açacağıq.
Arazinfo.com “Ölkə.Az” -a istinadən tarixi şəxsiyyət Ənvər paşanın ölümü və həyatı haqqında araşdırma yazını təqdim edir. Yazıda özbək tarixçisi Şuxret Barlasın bu məsələ ilə bağlı tədqiqatı əsas götürülüb.

Ənvərin ölümsüzlüyü

Türk general Ənvər paşanın həyat və fəaliyyəti sirrlərlə doludur. Onun şərəfli həyatı və ölümü ətrafında siyasi və tarixi spekulyasiyalar yığılıb.

Ənvər paşa Türkistanın müstəqilliyi uğrunda mübarizə aparan qəhrəmanlıq etalonudur.

Qevork Pambukçyan  Qayk Ayrapetyanın xatirələrini 1958-ci ildə Akop Melkumyandan şifahi eşidib və bu məlumatlar əsasında 1985-ci ilin 4 fevral tarixində Kanadanın L’Horizon” qəzetində məqalə dərc edir. Məqalədə bildirilir ki, Qızıl Ordu komandiri erməni Qayk Ayrapetyan Ənvər paşanı əlbayaxa döyüşdə məğlub edir və beləcə 1915-ci ildə baş verən “erməni soyqırımı”nın əsas ideoloq və iştirakçılarından birindən qisas alır.

Bu erməni nağıılna əsasən yalan rəy formalaşmışdı. Guya Qızıl Ordu komandiri, milliyətcə erməni olan Yakov Melkumov (Melkumyan Akop Arşakoviç) şəxsən Ənvər paşanın ölümü haqqında bunları deyib:

“Moskva onu canlı ələ keçirmək istəyirdi. Gah Leninin, gah da Trotskinin imzası ilə teleqramlar gəlirdi. Dzerjinski də bu işə qarışmışdı. Onların hamısının xahişi və tələbi eyni idi-Ənvəri ancaq sağ ələ keçirmək. Heç vaxt! Xalqımın bu “düşməni”nə heç bir aman verməzdim! “Əfsanəvi” Qaspar Karapetoviç Voskanov o günlərdə Türkistan cəbhəsinin ordusuna rəhbərlik edirdi. O, Semyon Budennını əvəz edirdi. Qaspar qısa teleqram göndərdi: “Mənə ölü Ənvər lazımdır. Oxu. Düşün. Həmən yandır”. Sağol Qaspar Karapetoviç, bu əmr ürəyimdən oldu.

Ənvər və onun dəstəsinin məhv edilməsi barədə detalları danışmayacam. Bir onu deyim ki, sübh vaxtı namazdan əvvəl mənim alayım Kofruna soxuldu. Qəddar qətllər başladı. Basmaçlar bizim zərbəmizə dözə bilmədilər. Ənvər xalatsız və çəkməsiz halda yataqdan qalxaraq dağlara üz tutdu. Amma mənim əlimdən qaça bilmədi. Onun dalınca 25 verst çapdım. Onu Çaqan qışlasında yaxaladım. Qanlı əlbayaxa döyüşdə onun bütün dəstəsini məhv etdim. Ənvəri şəxsən doğradım. Qalib kimi onun şəxsi möhürünü-üzərində “İslamın bütün ordusunun ali baş komandanı” yazısı olan böyük, gümüş möhürü özümə götürdüm. Onun şəxsi Quran kitabı və qızılı sapla işlənmiş xalatını Moskvaya göndərdim”.

Yuxarıdakı yazının cəfəngiyyat, erməni uydurması olduğunu sübut etmək çox asandır. Bunun üçün Ənvərin ölümü haqqında alternativ mənbələrin məlumatını analiz etmək kifayət edir. İndi isə Ənvər paşanın ölümü haqqında digər məlumatları oxucularımıza çatdıraq.

Ənvər paşanın öldürülməsi barədə “qəhrəmanlığı” Yakov Melkumovdan başqa keçmiş çekist Georgiy Sergeyeviç Aqabekov (Aratyunov) da öz adına çıxır. Georgiy 1930-cu ildə İstanbulda ingilis dili müəlliməsi ilə eşq macərası yaşadıqdan sonra Fransaya qaçıb. Daha dəqiq desək, ingilis kəşfiyyatı tərəfindən istifadə edilib. Qaçışdan sonra o, “OGPU: The Russian Secret Terror” kitabını nəşr edib. İngilis dilində nəşr edilən kitab “Rus gizli terroru” adlanır. Kitab işıq üzü gördükdən sonra İran və Yaxın Şərqin digər ölkələrində yüzlərlə sovet agentinin həbsinə, SSRİ-nin İran şahı Rza Pəhləvi ilə münasibətlərinin pisləşməsinə səbəb oldu. Aqabekov 1937-ci ilin avqust ayında Fransada NKVD-nin (xalq daxili işlər komissarlığı) xüsusi qrupu tərəfindən öldürüldü.
Məhz bu iki sərsəm erməninin heç bir əsası olmayan sərsəmləmələri nəticəsində Ənvər paşanın “erməni soyqırımı”na görə ermənilər tərəfindən öldürüldüyünə inanılır.

Qayk Ayrapetyan Akop Melkumyan haqqındakı uydurma və sərsəm məqaləsində Melkumyanın dilindən cəfəngiyyat yaymaqda davam edir:
“Ötən günləri xatırlayanda mən niyəsə həmişə dilxor oluram. Mənim dövrümün insanları bir çox səhvə imza atıblar. Ümid edirəm siz bizdən ağıllı olarsınız. Tələsməyin, mən sizə Ənvərdən, daha doğrusu onun ölümündən danışacam. Erməni millətini satan Amayak Aramyans və Arşavir Yesayanın edam edilməsindən danışılmır. Məhz bu iki nəfər İstanbuldakı erməni intelligentlərinin siyahısını və 20 erməni döyüşçüsünü türklərə satıblar. Türklər isə onları asdılar”.

Erməni nağılı və uydurmasının dağılması.

Yuxarıda da qeyd etmişdim, ermənilərin bu yalanını hissə-hissə üzə çıxarmaq mümkündür. İndi oxucularımızı bu yalanlarla tanış edək:
1. Uzun müddət Mərkəzi Komitədə işləyən hərbi komandir, Stalin düşərgələrində həbsdə yatan keçmiş “zek” Melkumyan Akop Arşakoviç dünən tanış olduğu adama, erməni də olsa bunu danışa bilməzdi. NKVD işçisi Melkumyan başa düşürdü ki, “Qnçak” partiyası və “Daşnaksütyun” sovet rəhbərliyi və ümumiyyətlə, dövlət sistemi tərəfindən terror təşkilatı kimi qəbul edilir. Qarşısına çıxan ilk adama Stalin düşərgələrindən çıxan adam döyüşçü qnçakçıların arasında qohumunun olduğunu deyə bilməzdi. Bunu ancaq ədəbiyyat romanlarındakı kitab qəhrəmanı edə bilərdi. Yox əgər belə bir şeyi deyibsə, deməli 1937-ci ildə onu boş yerə həbs etməyiblər. Melkumyan hərbi-faşist sui-qəsdində iştirak ittihamı ilə həbs edilib və əmlakı müsadirə edilib. O, 17 il, 1937-ci ildən 1954-cü ilə qədər Kolımda, QULAQ hərbi əsir düşərgəsində cəza çəkib.

Moskvadan Trotski, Lenin və Dzerjinskinin imzası olan teleqram dəniz səviyyəsindən 1500 metr hündürlükdə olan dağ rayonuna göndərilə bilməzdi. “Əfsanəvi” Qaspar Karapetoviç Voskanov da belə bir teleqram göndərə bilməzdi.  Çünki Qaspar Qafqazda idi və 47-ci dağ-atıcı diviziyası adlı Gürcüstan briqadasında xidmət edirdi. O illərin əməliyyat dövründə sovetin bütün hərbi elitası hadisələrin mərkəzində idi və Ənvər paşanın zərərsizləşdirilməsi barədə məqsəd və tapşırıqları yox idi.

2. Ənvər paşanın şəxsi əşyaları, yəni qızılı sapla işlənmiş xalatı, çəkmələri, Quran kitabı, məktub və “Bütün İslam ordusunun ali baş komandanı, xəlifənin kürəkəni və Məhəmmədin canişini” yazılı möhür-üzüyü Korfun qışlağındakı qərargaha hücum zamanı Qızıl Ordu əsgərlərinin əlinə keçib. Bu hadisə 1922-ci ilin iyun ayında baş verib. Ənvər paşa qərargaha hücum ediləndə şəxsi əşyalarını qoyaraq Qızıl Ordu əsgərlərindən qaça bilərdi. Paşanın şəxsi əşyaları və siyahısı Moskvada Silahlı Qüvvələr Muzeyində saxlanılır.

3. Qaspar Karapetoviç Voskanyan heç vaxt Semyon Budyonnının postunu əvəz etməyib. Çünki Budyonnı 1921-1923-cü illər ərzində RVS üzvü olub və sonra Şimali-Qafqaz hərbi dairəsi komandanının müavini təyin edilib. Semyon Budyonnı və Qaspar Karapetoviç Voskanyan heç vaxt Türkistan cəbhəsinin ordusuna komandanlıq etməyiblər. 1925-1926-cı illər arasında Qaspar Karapetoviç çox qısa müddətə Türkistan cəbhəsinin komandanı Konstantin Alekseyeviç Avksentyevskinin köməkçisi olub.

4.Semyon Budyonnı həyatında cəmi bir dəfə Türkistanda olub. Bu hadisə 1926-cı ildə baş verib və Semyon Türkistan cəbhəsinin komandanı Konstantin Alekseyeviçlə birlikdə cəmi bir neçə gün Türkistanda olub. Komandan Budyonnını özü ilə aparmaq istəməsə də, Semyon təkidləri ilə Alekseyeviçi dilə tuta bildi.

5. Budyonnı 1926-cı ildə Türkistandan Moskvaya qayıtmaq ərəfəsində  Hərbi Şuranın iclasında iştirak edib. Geniş tərkibdə keçirilən iclasda hərbi qoşun birləşmələrinin komandirləri iştirak edib və basmaçılara qarşı mübarizəni aktivləşdirmə məsələsi müzakirə edilib. Bu iclasda torpağın yandırılması kimi üsullara razılıq verildi. Bu üsul buğda tarlası və meyvə bağlarını məhv etmək idi. Bununla da basmaçılar kənd təsərrüfatı ərzaqlarından məhrum olurdular. Budyonnının fikrinə əsasən bu üsul basmaçılara qarşı mübarizənin effektivliyini artırmalı idi. Türkistana bir dəfə səfər etmək Budyonnıya basmaçıların məhv edildiyini bəyan etməyə şans verir. Amma basmaçıların tam ləğv edilməsinə hələ 10 il var idi.

6. 1922-ci ilin 11 fevralından 18 oktyabrına qədər birbaşa Ənvər paşanın dəstələri ilə məşğul olan Türkistan cəbhəsinin komandanı Vasiliy İvanoviç Şorin olub. 1922-ci ilin 8 mart tarixində basmaçılara qarşı mübarizə cəbhəsi quruldu. Qərargah Kaqan şəhərində idi. Türkistan cəbhəsinin nəzdində 1922-ci ilin mart ayından sentyabr ayına qədər Buxara-Fərqanə rayonlarında basmaçıları zərərsizləşdirmək üçün ordu komandiri Nikolay Yevgenyeviç Kakurin təyin edilib. 1922-ci ilin iyul-noyabr ayları arasında Lissovskiy Buxara qrupuna komandan təyin edilir. 1922-ci ildə Pavel Andreyeviç Pavlov köməkçi qismində təyin edilir. Sonradan isə Türkistan cəbhəsinin Buxara ordu qrupu Ənvər Paşaya qarşı hərbi əməliyyatlara rəhbərlik edir.

7.Buxara qoşun qrupunun 4500 süngüsü, 3000 qılıncı və 20 topu var idi. Qrupun əsasını  Türkistan briqadasının 1-ci və 2-ci bölmələri, 3-cü Türkistan atıcı diviziyası, Vernen kaveleriya komandanlıq kurslarının iki eskadronu təşkil edirdi. May ayının sonu, iyunun əvvəli Buxara qrupunun əsas ordu birləşməsi Quzara rayonuna cəmləşdi. 1-ci briqada Dərbənd istiqamətində hərəkətə başladı.

8.İyun ayının əvvəlində Türkistanda hərbi-siyasi vəziyyətin gərginləşməsini nəzərə alan Trotski, RSFSR silahlı qüvvələrinin baş komandanı Sergey Kamenev əraziyə təşrif buyururlar. Kamenev Ənvər Paşanın məğlubiyyəti üçün əməliyyata rəhbərliyi öz əlinə alır. İyun ayında Buxara qoşun qruplaşması hücuma keçir və Ənvər Paşanın dəstələrinə iki istiqamətdə zərbə endirir.

9. Sol qanada Alay və Qissar alayları, eyni zamanda 5-ci atıcı polkun iki batalyonu daxil idi və rəhbərlik Melkumova məxsus idi. Onlar 10 iyun tarixində Korfun qışlaqı ətrafında Ənvər paşanın hissələrinə hücum etdilər. Alay kavaler polkunun hücumu ilə yanaşı sol cinahdan, Bandıxan dərəsindən Qissar kavaler polku da hücuma keçdi. Bununla da Ənvər paşanın şərqə çəkilməsinin qarşısı alındı. 15 iyun səhəri Alay kavaler alayının hücumu nəticəsində Kofrun qışlağı ələ keçirildi. Ənvər paşanın 2 minlik dəstəsi qaçmağa üz qoydu. Onlardan iki yüzü öldü, 200 nəfər də əsir düşdü. Qissar kavaler alayı Ənvər paşanın dəstələrinin Şerabad və Denayu araba yolunda qarşısını kəsdiyi üçün hərbçilər Tanqi-Muş dərəsinin keçilməz yolları ilə hərəkət etmək məcburiyyətində qaldılar.

10. Sağ qanadda isə Buxara Qızıl Ordunun 8-ci kavaler briqadası var idi və komandan M.Nikitin idi. 1922-ci ilin 15 iyun tarixində Termezdən hərəkət edən qoşun Kabadian və Kurqan-Tyube yaxınlığında bir neçə döyüşdən sonra Ənvər paşanın ordusuna böyük zərbə vurur. Cilikulem, Kurqan-Tyube, Kulyab sonra isə Pancı ələ keçirərək Ənvər paşanın Əfqanıstan yolunu kəsir.

11.Ənvər paşanın geri çəkilən ordusunu təqib edən Buxara qrupunun sol qanadı 22 iyun tarixində Denau ərazisinə çıxır və Surxandardan keçən keçidi ələ keçirir. Ağır döyüşlərdən sonra 26-27 iyun tarixində Ənvər paşa Denau və Sariasidən geri çəkilərək dəstələrini Reqaru və Karatal istiqamətində aparır.

12. 1922-ci ilin 15 iyun tarixində Sovet qoşunlarının Ənvər paşa və basmaçılara qarşı hücuma keçməsi, Barinovun 5-ci Türkistan atıcı polkunun Ənvərin əsas qüvvələrinə hücum edərək qışlaqı ələ keçirməsi barədə istefada olan general-leytenant V.İ.Uranovun xatirələrində də yer alıb. Maraqlananlar “Leninçi” qəzeti, 152-ci nömrəsinə (19.09.1976) baxa bilərlər.

Qəzetdən bir parçanı oxucularımıza tərcümə edirik:

1922-ci ilin iyun ayında bizim 5-ci atıcı və 2-ci kavaler alaylarımız Kofrun (Tacikistan) qışlağında müdafiə mövqeyi tutan Ənvər paşanın dəstəsinə çatdı. Bizim kəşfiyyat dəstəmiz kışlaq ətrafındakı böyük bağda üzərində qızıl hilal olan yaşıl bayrağı görüb. Bayrağın yanında qırmızı çalmalı gözətçilər dayanmışdı. Bu Ənvər paşanın atributu idi. Yaxınlıqda isə Ənvərin şəxsi qvardiyası-seçmə döyüşçülərdən ibarət dəstə var idi. Kofrun qışlağının qarşısında bir neçə cərgə səngər qazılmışdı. Bu səngərlərdə piyada basmaçılar mövqe tutmuşdular. Bizim atıcı və kavaleriya dəstələrimiz qəflətən gecə vaxtı hücuma keçərək basmaçıları səngərlərdən çıxardılar. Sonra isə qışlağa soxuldular, bağa və Ənvərin yaşadığı evə daxil oldular. Ənvər paşanın şəxsi qvardiyası tamamilə məhv edildi. Amma onun özü bizim əlimizdən qurtula bildi. Əsir düşən basmaçılar bildirir ki, Ənvər etibarlı şəkildə mühafizə olunduğuna və qoşunu tərəfindən qorunduğuna əmin idi. İlk atəş səslərini eşidən Ənvər hətta yataqdan da durmayıb. Amma vəziyyətin təhlükəli olduğunu anlayanda atına tullanaraq ərazini tərk edib. Evi ələ keçirən bizim döyüşçülər Ənvər paşanın xələtini və çəkmələrini tapıblar.

İki ay sonra Ənvər paşa və qoşunundan qalan döyüşçülər Balcuanın 25 km-liyində, Çaqan qışlaqında ələ keçirilir. 16-cı kavaleriya alayının eskadron komandiri İvan Savkonun döyüşçüləri ilə ilk olaraq qışlaq ərazisinə çatır və Ənvərin dəstəsi ilə döyüşə girir. Sonradan döyüşə girən digər eskadronlar savaşın taleyini həll etdilər. Atışma nəticəsində Ənvər paşa öldürüldü. Onun üzərindən çıxan məktub İstanbul və Londonla əlaqəli olduğunu sübut edir. Beləcə türk dünyasının böyük sərkərdəsi, Ənvər paşa qətlə yetirildi”.

13.Sovetin rəsmi versiyasına əsasən Ənvər paşa və qoşununun məhvi 8-ci Başqırd kavaleriya briqadasının 16-cı alayının 3-cü eskadronunun komandanı Nikitinə məxsusdur. Ənvər paşa sinəsinə açılan 5 güllədən dünyasını dəyişib.
14.Keçmiş çekist Aqabekov xatirələrində Ənvər paşanın yerinin tapılması əməliyyatını təsvir edir və Ənvər paşanın qərargahına hücum edən atlı divizyonun komandirinin raportundan sitat gətirir:

“Ənvər paşanın basmaçılardan ibarət qoşunu dağlara üz tutdu. Amma oraya göndərilən eskadronla üz-üzə gəldiyi üçün döyüşə atıldı. Nəticədə bütün qərargah məhv edildi. Cəmi üç nəfər xilas oldu. Döyüş meydanında 28 meyit var idi. Onlar arasında Ənvər paşanın meyiti tanındı. Süngü zərbəsi onun başını və bədəninin bir hissəsini qoparmışdı. Onun yanında Quran kitabı var idi”.

Bu yazının dəqiqliyinə şübhə edənlər Georgiy Aqabekovun “QPU.Çekistin qeydləri”, 1930-cu il Berlində nəşr edilmiş kitabın 55-ci səhifəsinə baxa bilərlər.

15.O dövrün hərbi məlumatına əsasən Ənvər paşa bir daha Qızıl Ordunu məğlub etmək üçün cəhd etdi. O, özü dəstələrini süvari hücumuna apardı. Amma beş yerindən yaralanaraq döyüş meydanında həlak oldu. Onun dəstələri isə panikada qaçmağa başladılar və paşanın meyitini də özləri ilə götürmədilər.

Bu informasiyaya əsasən Qızıl Ordunun əsgəri süngü zərbəsi ilə Ənvərin başını və çiyninin bir hissəsini doğrayıb. Türk generalın meyiti və sənədlər Buxara qoşun qruplaşmasının xüsusi bölməsinə verilir. Sənədlər arasında türk, fars, özbək dilində məktublar, sənədlər, eyni zamanda Ənvər paşanın həyat yoldaşından və  övladlarından məktublar da var.

16. 1931-ci ilin 23 iyun tarixində İbrahim bəy könüllü şəkildə sovet hakimiyyətinə təslim oldu. Onunla birlikdə 15 nəfər də həbs edildi. Onların hamısı 1932-ci ilin 13 aprel tarixində qəbul edilən qərarla güllələnmə hökmünə məruz qaldı. 10 avqust 1932-ci ildə İbrahim bəy haqqında hökmün icra edilməsi əmri verildi. İbrahim bəy 31 avqustda güllələndi.

Daşkənd Mərkəzi Komitəsində keçirilən istintaq zamanı şahidlik edən Abdukayum Parvonaçi (İbrahim bəyin qaynatası) bildirir ki, Ənvər paşanın sonuncu savaşı Qurban Bayramına təsadüf edib. Ənvər və Davlatmand Yap ərazisində 30 igidi saxlayaraq digərlərini bayrama buraxdılar. Bu zaman isə Qızıl ordu yaxınlaşdı və baş verən savaşda Ənvər Paşa və Davlatmand qətlə yetirildi.

O dövrdə baş verən savaş ağızdan-ağıza ötürülüb və belə yadda qalıb:
“Balcuvon, Çaqan yaxınlığında döyüş başladı. Döyüşün qızğın vaxtı Qızıl Ordunun komandiri Ənvərə ölümcül yara vurdu. Geri çəkilən Davlatmand Qızıl Ordu komandirini ələ keçirdi və onu boğaraq yəhərinə atdı. Amma hərəkət zamanı rus zabiti özünə gəldi və tapançasını çıxararaq Davlatmandı güllələdi. Güllə sinədən girib kürəyindən çıxdı. Təhlükəsiz yerə çatdıqdan sonra gücünü itirən Davlatmand komandiri yerə ataraq “bu köpəyi öldürün”-deyə əmr etdi. Ölümündən əvvəl o, Ənvər Paşanın meyitini döyüş meydanından çıxarmaq barədə əmr verdi.

Sonra isə Davlatmand və Ənvər dəfn edildi. Geri çəkilmə başladı. Müsəlman ordusuna Mullo Əli Moşina rəhbərlik edirdi. Tezliklə rəqabətə görə Davlatmandın qardaşı oğlu Abdukadır Toksabo Moşinanı güllələdi. Taciklər və lokaylar arasında ədavət bərpa edildi.
Abdukayum Parvonaçi şahidlik edir ki, Ənvər və Davlatmandın ölümündən sonra onların dəyərli əşyalarını Osman Əfəndi, Buri Bataş və Karşidən olan bir ləzgi götürərək Fuzayl Maksumun yanına Karateginə getdilər.

Olaf Kerou və Zaki Validi Toqan Ənvərin ölümü və köməyə gələ Davlatmand barədə məlumat verirlər. Kerou və Kastanye eyni zamanda bildirirlər ki, döyüşdən bir gün sonra hər iki qəhrəman Çaqanda dəfn edildi. Ənvərin dəfn mərasiminə 20 mindən çox insan toplaşmışdı. Bir çoxları meyitin əlini və ayağını öpür, saqqal və saçının tüklərini xatirə kimi götürürdülər (Olaf Caroe, “Soviet Empire, the Turks of Central Asia and Stalinism. London, 1953).

Məşhur özbək tədqiqatçısı Nəbican Bakiyin “Ənvər paşanın vəsiyyətnaməsi” adlı əsərində Ənvər paşanın həyat və fəaliyyətindən bəhs edilir. Kitabda o dövrdə baş verən hadisə şahidlərinin ifadələrinə yer verilib. Qızıl Ordunun əsgərləri əvvəlcə Ənvər Paşanın ölümündən xəbərsiz idilər. 4 avqust tarixində baş verən silahlı toqquşmada Ənvər paşa şəhid olur və onu dəfn edirlər. Amma bir müddət sonra Qızıl Ordu əsgərləri qəbirsanlığı qazaraq onun meyitini axtarırdılar. Yerli sakinlər hadisədən xəbər tutan kimi Ənvər paşanın meyitini başqa yerə aparıb orada dəfn edirlər.

Türkistan cəbhəsinin arxiv sənədlərindən də məlum olduğu kimi Ənvər paşanın ölümü və meyitinin təhqir olunması şahid ifadələri ilə üst-üstə düşmür. Digər mənbələrin məlumatına əsasən Qızıl Ordu əsgərləri bir müddət Ənvər paşanın şəxsiyyətini müəyyən edə bilmirdilər. Ənvəri tanıyan adamlar, məsələn, Feyzulla Xocayev, Qızıl Ordu komandiri Veryovkin, Roxalskiy kimi insanlar dindirilmişdi. Ənvər paşanın ölümündən 11 gün sonra Qızıl Orduya belə bir təsvir verilmişdi: “Orta boydan hündür, dəyirmi sifət, qara gözlər, iri burun və 40 yaşlarında”.

15 avqust tarixinə məxsus məktubda bildirilir ki, məlumat Buxara qrupunun komandanı Pavlova lazımdır. Pavlov bu məlumatla Ənvərin şəxsiyyətini müəyyən etmək istəyir. Çünki onda olan məlumatlar çox köhnədir və qətlə yetiriləni tanımaq üçün yetərsizdir.

Məlumatlara əsasən, Qızıl Ordu əsgərləri Ənvər paşanın meyitini tapa bilməyiblər. Onlar hətta Ənvərin 1922-ci ilin 4 avqust tarixində öldürüldüyündən xəbərsiz idilər. Erməni tarixçilərinin söylədiyi kimi Akop Melkumyanla Paşa arasında heç bir əlbayaxa döyüş olmayıb. Meyiti heç kəs təhqir etməyib. Ənvərin əlini və başını heç kəs kəsməyib. Erməni mənbələri məhz belə yalan və iftira yayıblar.

Ənvər paşa sinəsindən aldığı 5 düşmən gülləsindən vəfat edib. Bu fakt paşanın meyitinin qalıqlarının vətənində dəfn edilmədən əvvəl aparılan ekspertiza nəticələri ilə də təsdiqlənib.

Türkiyə prezidenti Süleyman Dəmirəl 1995-ci ildə Tacikistana səfər edir və Türkiyə ilə Tacikistan arasında müqavilə imzalanır. Müqaviləyə əsasən Ənvər paşanın qəbri tapılmalı, tədqiqat aparılmalı və nəşi vətəninə aparılmalı idi.

1995-ci ilin sentyabr ayında xüsusi arxeoloji ekspedisiya qrupu təşkil edilir. Türk və tacik alimlərdən ibarət qrup 1996-cı ilin 30 iyul tarixində yerli sakinlərin ifadələrinə əsasən Çaqanda Ənvər paşanın qəbrini aşkar edirlər. Qəbir açıldıqdan sonra insan qalıqları tədqiq edilir. Tibbi ekspertlərin rəyinə əsasən sümüklər Ənvər paşaya məxsus idi. Almaniyadan Rusiyaya səfərindən bir müddət əvvəlki dövrə aid Ənvər paşanın tibbi sənədlərinə əsasən o, stomatoloq yanında olub və platin dişlər qoydurub.  Qəbirdəki insan qalıqlarının alt çənə sümüyündə tapılan platin dişlər bu faktı təsdiqlədi. Paşanın qalıqları tibbi sənədin məlumatları ilə eyni idi.

3 avqust tarixində paşanın qalıqları Gümüşsuyu hərbi xəstəxanasına aparılır. Ertəsi gün, 4 avqust, yəni Ənvər paşanın ölüm günündə Şişli məscidində (İstanbul) cənazə namazı qılınır və məşhur türk sərkərdəsi böyük hörmət və ehtiramla Abideyi Hürriyet qəbirsanlığında dəfn edilir…

Hikmət Həsənov

BIR CAVAB BURAXIN