Bu gün mərhum Azərbaycan şairi Əli Kərimin doğum günüdür.
Kult.az xatırladır ki, o, 1931-ci il martın 18-də Azərbaycanın Göyçay şəhərində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Əli burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir.
III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra “Azərbaycan” jurnalının redaksiyasında işləyir, şeir şöbəsinin müdiri olur.
1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında Əli Kərimin “İlk simfoniya” poeması mükafata layiq görülür.
Şairin “İki sevgi” (1960), “Həmişə səfərdə” (1963), “Qızıl qanad” (1965), “Qaytar ana borcunu” (1970), “Uşaqlar və ulduzlar” (1971) “Səfərdən sonra” (1972), “Qayıt” (1983), “Pillələr” (1987) və başqa kitabları bu gün də Azərbaycan poeziyasının dəyərli incilərindəndir.
Əli Kərim gözəl şair olmaqla yanaşı, yüksək yumor hissinə malik idi. Həyat yoldaşı Elza xanım onunla bağlı xatirələrinin birində deyir:
“Bir gün Əli Osman Sarıvəllinin şeirini itirir. Osman Sarıvəllinin şeiri itdiyinə görə Yazıçılar Birliyində Rəyasət Heyəti toplanılır. Rəsul Rza da orada iştirak edirdi. Bundan qabaq da onlar – Əli Kərim, Osman Sarıvəlli, Rəsul Rza Moskvada dekadada olublar. Kremldə Xruşşov bunlara qonaqlıq verib. Orada kimlərinsə sağlığına içirdilər. Osman da içən adam deyildi. Amma qorxusundan bütün sağlıqları içir. Olur lül-qənbər və yediklərini Kremldə qaytarır. Əli bunu alıb dalına qaldıqları yerə gətirib. İndi Yazıçılar İttifaqında həmin şeir itkisinə görə Rəyasət Heyəti yığılanda Əli söz alan kimi bunu deyib: “Osman müəllim, mən hələ “Baksovet”ə qaytarmamışam, amma sən Kremlə qaytarmısan”. Rəsul Rzaya bu ləzzət edib, deyib ki, Osman, di cavab ver! Bununla da Rəyasət Heyəti dağılıb. Məsələ bağlanıb”.
“Eh! Bu gün nə qədər xəyala daldım,
Eh! Qəlbim nə qədər alışdı, dindi.
Sən mənim qədrimi biləsən deyə
Bu cavan yaşımda ölümmü indi?”- deyən Əli Kərim 1969-cu ildə 38 yaşında vəfat edib.