“Əldə olunan razılaşmalar Yerevanın siyasi ambisiyalarına zərbədir”

0
491

Azərbaycan regionda Ermənistan xaric digər dövlətlərlə geniş əlaqələr qurub. Ölkəmizin strateji tərəfdaşı olan Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti martın 9-da Azərbaycana rəsmi səfər etdi və iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. Bunun ardınca Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 12-da Azərbaycana rəsmi səfərə gəldi. Bu səfər çərçivəsində həyata keçirilən görüşlərdə regional layihələr, iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsi məsələləri diqqət mərkəzində oldu.

Martın 15-də isə Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü olacaq. Qısa vaxt ərzində müşahidə olunan bu fəallıq Ermənistan siyasi dairələrini dilə gətirib. İşğalçı ölkənin ictimaiyyət təmsilçiləri, mediası müxtəlif formalarda narahatlıqlarını ifadə etməyə başlayıb. Maraqlıdır ki, Azərbaycanla Gürcüstan arasındakı bu diplomatik fəallıq hansı səbəbdən Ermənistanı narahat edir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirdi ki, region ölkələri müəyyən təmasda olanda, müxtəlif sazişlər imzalayanda və əməkdaşlığın səviyyəsini qaldıranda, bu, özü-özlüyündə Ermənistanı dalana dirəmiş olmur: “Həm Türkiyə, həm də Azərbaycanın Ermənistanla diplomatik əlaqələri mövcud deyil. Gürcüstanın isə müəyyən münasibətləri olsa da, bu, o qədər də geniş formatda müşahidə olunmur. Əlbəttə ki, bu, Ermənistanı qıcıqlandırır, eyni zamanda narahat edir. Çünki iqtisadi, siyasi və digər məsələlər regionda birgə müzakirə olunur, müəyyən qərarlar çıxarılır, amma Ermənistan faktiki olaraq, bütün layihələrdən kənarda qalır. Bu görüşlər regional səviyyədən üstündür. Azərbaycan, Türkiyə, Gürcüstan arasında əldə olunan razılaşmalar Ermənistanın siyasi ambisiyalarına zərbədir”.

F.Sadıxov əlavə etdi ki, İran Ermənistan üçün yeganə pəncərə, çıxış yoludur: ” Çünki bu ölkənin dünyaya başqa bir çıxış yolu, Rusiya ilə birbaşa sərhədləri yoxdur. Hətta çalışsalar belə, Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri mövcud deyil. Bu halda Ermənistan ancaq İran vasitəsilə özü üçün pəncərə yaradıb. Amma əslində bu da Ermənistana heç bir köməklik göstərmir, fayda vermir. Əlbəttə ki, onların ərazi iddiaları ölkələrini təcrid vəziyyətinə düşməyə məcbur edib. Əslində Ermənistan anlasa, müəyyən güzəştlərə getsə, Azərbaycan torpaqlarını azad etmək fikrinin tərəfdarı olsa, əlbəttə ki, onların müəyyən şansları var və yaranmış vəziyyətdən istifadə edə bilərlər. Amma bunun üçün Ermənistanda sağlam düşüncəli insanlar hakimiyyətə gəlməlidir. Hazırda siyasi rəhbərlikdə belə bir insan və eləcə də siyasətçilər mövcud deyil”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, bu gün Gürcüstana Azərbaycanla əməkdaşlıq lazımdır, nəinki heç nəyi olmayan Ermənistan: “Gürcüstanın baş naziri 10 gün əvvəl Ermənistanda da səfərdə olmuşdu və orada qardaşlıqdan, dostluqdan danışırdı, amma iqtisadiyyatdan danışa bilmirdi. Çünki ortada böyük layihələr yoxdur. Azərbaycanla isə böyük enerji və digər layihələr, hərbi əməkdaşlıq və başqa geniş spektrli münasibətlər mövcuddur. Həmçinin Azərbaycanın təşəbbüsü ilə üçtərəfli formatda görüşlər keçirilir. Eyni zamanda, bir neçə gündən sonra Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin Bakıda görüşü keçiriləcək. Ermənistan bu formatların heç birində iştirak etmir. İqtisadi potensialı da yoxdur ki, hansısa ölkəyə yatırım qoysun, böyük layihələrin iştirakçısı olsun. Təbii ki, Ermənistan regional layihələrdən məhz işğal etdiyi Azərbaycan torpaqlarına görə məhrumdur. Azərbaycanın həyata keçirdiyi böyük layihələr olduğu halda Gürcüstan niyə Ermənistanla əməkdaşlıq etsin ki? Eləcə də digər dövlətlər. Ermənistan Rusiyanın forpostu olsa da, son nəticədə rəsmi Moskva “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycandan çəkilməsinə üstünlük verdi. Ermənistan isə itirə-itirə gedir”.

E.Şahinoğlu əlavə etdi ki, İran da Azərbaycanla əməkdaşlığa maraq göstərir: “Amma çox təəssüflər olsun ki, Ermənistanla təmaslarından da tam əl çəkmirlər. Halbuki İranın Ermənistanla bu təmaslarının heç bir iqtisadi səmərəsi olmayacaq. Əksinə, Azərbaycan səmərəli əməkdaşlıq təklif edir. Hətta rəsmi Bakı Rəşt-Astara dəmiryolunun tikintisinə 500 milyon dollar kredit ayırıb. Bununla da biz istəyirik ki, İran Azərbaycanın tərəfdaşına çevrilsin. Ermənistana da bir xəbərdarlıq ünvanlasın ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyənə qədər vəziyyəti düzəlməyəcək”.

Politoloq qeyd etdi ki, Ermənistan hakimiyyəti gününü yola verməklə məşğuldur: “Lakin sabahı düşünəndə başa düşməlidirlər ki, Ermənistan bu cür mühasirə şəraitində daha nə qədər yaşayacaq? Nə qədər sosial-iqtisadi xaosun içində boğulacaq? Regiondakı bütün layihələr Ermənistandan yan keçir. Bu gün Gürcüstanın qazandığı milyardlarla dolları Ermənistan əldə edə bilərdi. Əslində indi də qazanmaq imkanı var, sadəcə Azərbaycan torpaqlarını azad etməlidir. Torpaqları da azad etmədikcə, onların vəziyyəti getdikcə gərginləşəcək. Çıxış yolu da tapa bilmirlər. Görürlər ki, bütün qonşular Azərbaycanla əməkdaşlıq edir. Ermənistan rəhbərliyi strateji düşünmək istəmir, əgər belə düşüncələri olsa, gərək Azərbaycan torpaqlarını azad edələr. Ona görə də düşünürəm ki, Ermənistanı böyük faciələr gözləyir. Üstəgəl, Azərbaycan ordusu da güclənir və hərbi təzyiqləri günbəgün artırır”.

Bəxtiyar MƏMMƏDLİ

BIR CAVAB BURAXIN