Əhmədiyyə ilə Şarl de Qollun dostluğu necə yarandı?

0
701


 

Axar.az Şərq.aza istinadla Azərbaycanın tarixi şəxsiyyəti olan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun həyatı, keçdiyi döyüş yolu və fransız generalı Şarl de Qolla dostluq münasibətlərinin yaranmasına dair faktları təqdim edir.

Belə ki, Ə.Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəki rayonunun Oxut kəndində anadan olub. Fransada Müqavimət hərəkatının iştirakçısı, partizan, “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda vuruşmalarda iştirak edib. Fransanın orden və medalları ilə təltif edilib. Bu ölkənin Milli qəhrəmanı adına layiq görülüb və Fransanın Fəxri Legion Ordeni ilə təltif olunub.

Ə.Cəbrayılov 1934-cü ildə Komsomolun – Gənc Kommunistlər Birliyinin – üzvü olur. 1935-ci ildə Şəkidə Kənd Təsərrüfatı Texnikumuna, Zootexnika və Aqronomiya Fakültəsinə daxil olur. 1938-ci ildə Aqronomiya ixtisası üzrə ixtisaslaşır. 1939 -cu ildə Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləyir. 1940 -cı ildə Kommunist Partiyasına daxil olur.

Kiçik leytenant rütbəsi alır

1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda könüllü olaraq Respublika səfərbərlik mərkəzinin sərəncamına ezam olunur. Nevinomısk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alır və Moskva yaxınlığında yerləşən 35-ci divizyonun 350-ci bombardmançı eskadrilyasına, texniki xidmət sahəsinə təyin olunur.

1942 -ci ilin aprelində Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir. Baş leytenant rütbəsi alır.

Ağır yaralanır və almanlara əsir düşür

1942-ci ilin aprel-may ayında onun təyyarəsi Ukraynadakı əməliyyat zamanı, Kursk rayonunda vurulur. Həmin dövrdə 350-ci polk Şimali Donets çayının sahilində, İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür, Barbinka və Lvov yaxınlığındakı həbs düşərgəsinə göndərilir. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün təxminən 60 km yol piyada qət olunur.

Nişanlısının bağışladığı qırağı naxışlı cib dəsmalı onun həyatını xilas edir.

1942 -ci ilin sentyabr-noyabr aylarında və 1943-cü ildə Daxau ölüm düşərgəsinə göndərilir (Ölüm qatarı) və birinci dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluz şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. Hər əsirin öz nömrəsi var. Əhmədiyyəninki 4167-dir. SS-çi həkimlərin (Schutz Staffel – mühafizə dəstəsi) əsrlər üzərində apardıqları təcrübələrə məruz qalır. Müharibəyə gedərkən nişanlısının bağışladığı qırağı naxışlı sehrli cib dəsmalı onun həyatını xilas edir. Bir qrup əsirlərlə birgə ondan soyunmağı tələb edirlər. Həmin vaxt ömrünün son anlarının yaxınlaşdığını duyaraq cib dəsmalını ağzına qoyur. Onlar qapalı bir otaqda keçirilən qaz sınağının qurbanı olurlar. Sınaq başa çatdıqdan sonra qarovulçular meyitləri çıxardırlar: yalnız biri sağ qalır. Xəbəri SS-çi (mühafizə dəstəsi) həkimə verdikdə, o da cavabında “Narahat olmayın, tezliklə öləcək” deyir. (Bu hadisə haqqında Armedə qarovulçulardan biri danışıb). 1943-cü ilin sonunda konvoyun tərkibində Rodezdəki Bürlup kazarmasına göndərilir.

Fransız dilini öyrənir

1943-cü ildə Vərəm xəstəliyinə tutulduğundan döyülür və çoxlu qan itirir, düşərgənin həyətində huşunu itirir. Almanlara onun öldüyü xəbər verilir və onu zirzəmiyə atırlar. Gecə yarısı, madam Janın köməyi ilə fransız vətənpərvərləri, almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Janın evindəki zirzəmiyə gətirirlər (madam Jan komendantın ev qulluqçusu idi, 65 yaşı var idi, qızı Sara ilə birlikdə ərini və oğlunu asmış faşistlərin əlindən qaçıb Fransaya gəlmişdilər, Əhmədiyyə, Janın vəfat etmiş oğluna çox oxşayırmış). Əhmədiyyə tez sağalır, Faşistlərdən qisas almaq üçün qəti qərara gəlir və özünü buna hazır hesab edir. Madam Janın sayəsində fransız dilini öyrənir, onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, müqavimət hərəkatının kapitan Delplankın (ləqəbi Düma) rəhbərlik etdiyi Tarn və Qaron departamentində 4-cü eskadronun üzvü olur. Əhmədiyyə Cəbrayılovun gizli fəaliyyət ləqəbləri : “Xarqo”, “Fraji”, “Qoçaq”, “Rus Əhməd” və s. olub.

Alman hakimiyyət orqanları onun başına iri məbləğdə pul qoyublar

İşğalçı alman hakimiyyət orqanları onun başına iri məbləğdə mükafat təyin ediblər. (10 min alman markası, 2 yeni avtomobil və s.).

1944-cü ilin 22 mayında Əhmədiyyəni əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər, Əhmədiyyə bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. 1944-cü ilin 20 iyun Kaberta (Neqröpölis və Monklar arasında meşəlik) 6-cı Gizli Ordu, Düma Gizli Ordusu və işğalçı dəstələr arasında döyüş. Düşmənlər 8 fermaya od vurub yandırırlar. 1944-cü ilin 17 avqustunda Montobanın şimalının 18 kilometrliyində yerləşən “La Tangin” adlı yerdə, Kossad və Realvil arasında, 6-cı briqada və Dümanın 5 qrupu Montobanın üzərinə yeriyən alman zirehli birləşmələrinə bir kilometrdən də uzun pusqu qururlar. 1944 -cü ilin 19 avqustda Montoban azad edilir. 1944 -cü ilin 20 avqust tarixində azad edilmiş Parisdə General Şarl de Qoll Əhmədiyyə Cəbrayılov ilə görüşür. Bu görüşü foto-şəkil təsdiq edir, həmin dövrdə Müvəqqəti Fransa hökumətinin Prezidenti olan Şarl de Qollun iştirak etdiyi banketdə Əhmədiyyəni görmək olar. Əhmədiyyəyə ehtiram göstərən və onun Fransanın azadlığı üçün göstərdiyi xidmətləri qiymətləndirən de Qoll ona köməyini təklif edir. Əhmədiyyə yalnız bir şeyi, Vətəninə qayıtmağı arzulayır.

Əhmədiyyə Cəbrayılovla Şarl de Qollun dostluğu belə başlayır

Şarl de Qollun azərbaycanlı silahdaşı Əhmədiyyə Cəbrayılov o dövrü belə xatırlayırdı:

“Mən bəstəboy, arıq bir oğlan idim. Partizanlara qoşulandan sonra aylarla onlar məni sınadılar. Saysız-hesabsız əməliyyat tapşırıqlarına gedərək, get-gedə partizanların rəğbətini qazanmağa nail oldum. Həmişə başıma fransız kepkası qoyardım ki, sadə fransızlardan seçilməyim. Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. de Qoll hansısa bir ərəfədə qabağa keçərkən ona dedim ki, sən keç arxaya və özüm qabağa getdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar bütün Fransa partizanları, müqavimət hərakatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur. De Qoll Əhmədiyyənin bu sədaqətindən, cəsarətindən vəcdə gəlir və onların birgə əməliyyatları həmin gün uğurla başa çatır. Lakin əsl dostluqlarının təməli elə o gün qoyulur

1944-cü ilin 28 avqustunda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Alzasdakı döyüşlərdə iştirak edir. Daxili Fransız hərbi birləşmələri Qrav yüksəkliyində, daha sonra isə Vozj və Alzasda hərbi əməliyyatlar keçirir. 1944 -cü ilin 7 noyabrından – 19 dekabrına qədər o, xəstəxanaya düşür.

Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır.

1945-ci ilin 1 martında O, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. 1945 -ci ilin 13 martında Ə. Cəbrayılova verilən və Montoban şəhər bələdiyyə idarəsinin başçısı cənab Trankunun təsdiqlədiyi sənəddə onun fransız müqavimət hərəkatında fəal iştirak etdiyi təsdiqlənir. Bir sıra tapşırıqlarla yanaşı, Ə. Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almanyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olub. O, körpüləri sıradan çıxarır, alman ambarlarını, və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında günün günorta çağında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.

“Fransanın Milli Qəhrəmanı” adı verilir

1945 -ci ilin 16 martında O, 3-cü briqadadan tərxis olunur. 1945 -ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində Vozj və Alzasdakı döyüşlərdə iştirak edir. 1946 -cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və ona “Fransanın Milli Qəhrəmanı” adı verir. O, Fəxri Legion ordeni, digər medal və ordenlərlə təltif olunur, hərbi rəsmi keçidlərdə sırada generallardan əvvəl durmaq hüququ verən, Fransa ərazisində hər hansı bir nəqliyyat vasitəsində pulsuz getmək hüququ verən hərbi medalla da təltif olunur.

Bu Azərbaycan oğluna görə, SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim

1946 -cı ilin 25 noyabrında Şarl Dö Qolun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır, burada ona vətən xaini kimi baxırlar və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

1947-ci ildə Sürəyya xanımla ailə qurur, 1948-1962 – ci illərdə bu nikahdan 7 uşaq dünyaya gəlir. 1964 Gəncə Kənd Təsərrüfatı İnstitutunda yarımçıq qalmış təhsilini davam etdirir. 1966 Fransa Prezidenti vəzifəsinə seçilmiş Şarl de Qollun SSRİ-yə səfəri zamanı sovet hökumətinin başçıları Əhmədiyyə Cəbrayılovu Moskvaya dəvət edirlər. 1968 -ci iləd Sovet hökuməti tərəfindən “vətən xaini” adı üstündən götürülür və bəraət qazanır. belə ki, Şarl de Qoll Sovet rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldırır. Sağlıq söyləyərkən qeyd edir ki, partizanlıq etdikləri vaxtı Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim əyyamların adət-ənənəsinə uyğun qanlarını birləşdirib qan qardaşı olublar. Əhd-peyman bağlayıblar ki, heç bir zaman bir-birini unutmayacaqlar.

General son cümləsində, sovet rəhbərlərini riqqətə gətirəcək bir söz də deyir:

“Mən bu Azərbaycan oğluna görə, SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim”.

1970 -ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurandan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971 -cı ildə yaxşı işinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur. 1972, 1975, 1982 -ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir: Montoban, Rodez, Tuluz, Albi şəhərlərini gəzir. Həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marselə baş çəkir. 1975-ci ildə Parisdə, Senatda, Əhmədiyyə Cəbrayılovu Jak Düklo qəbul edir və və ona bu görüşdən xatirə medalı təqdim edir. 1976-cı ildə müharibədəki iştirakına görə “Oktyabr İnqilabı Ordeni” ilə təltif olunur. 1977 -ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Röne Şambar ilə görüşür.1986-cı ildə Ə. Cəbrayılov 5 fransız mükafatına layiq görülüb: Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal. 1990 -cı ildə General Şarl Dö Qolun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. Bir sıra dövlət başçıları ilə yanaşı ona generalın qəbri üzərinə əklil qoymaq şərəfi verilir. 1994-cü ildə (6 yanvar) Röne Russel Əhmədiyyə Cəbrayılova Fəxri Legion ordenini təqdim edir. 1994-cü ilin 10 oktyabrında Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olur. Yük maşını özünü telefon budkasına vurur, həmin anda Əhmədiyyə budkanın içində olur. O, Oxud kənd qəbristanlığında dəfn olunur.

 

BIR CAVAB BURAXIN