Zəhərli sui-qəsdin daha bir qurbanı – Türkeş

0
545

 

Milliyyətçi Hərəkat Partiyasının sədri Alparslan Türkeşin də zəhər verilərək öldürülməsi ilə bağlı müxtəlif şayiələr bu gün də mətbuat səhifələrində özünə yer almaqdadır. Ərzurumdan olan keçmiş millət vəkili Rıza Müftüoğlu “Milliyyətçi hərəkatın geniş tərəfləri” adlı kitabında yazır: “Mən Başbuğ Alparslanın zəhərlənərək öldürüldüyünü istisna etmirəm. Niyə? Ona görə ki, mən əvvəldən bu işin içindəydim. Bununla bağlı bir hadisəni sizə danışmaq istəyirəm. 1997-ci ilin mart ayında Başbuğ Almaniyaya getmişdi. Orada həkim onun ürəyini yoxladı və təəccüblə bildirdi ki, bu yaşda olan bir insanın – Türkeşin ürəyi saat kimi vurur. Həkim belə bir ürəklə Türkeşin uzun illər rahatcasına yaşaya biləcəyini söylədi. Amma alman həkimin bu açıqlamasından bir il sonra Alparslan Türkeş ürək çatışmazlığından vəfat etdi. Bunu eşidən alman həkim heyrətlə: “Belə iş ola bilməz. Onun ürəyində ölməsinə səbəb ola biləcək heç nə yox idi,” – demişdi. Türkeşin ölümündən sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində işləyən bir türk bizə belə bir mesaj göndərdi: Özal və Türkeş zəhərlənərək öldürülüblər. Öldürücü kimyəvi maddədən istifadə etməklə istənilən adamı heç bir iz buraxmadan öldürmək mümkündür. Bütün bunlar da Türkeşin də Özal kimi zəhərlənərək öldürüldüyünü irəli sürməyə imkan verir”. Bizə elə gəlir ki, Müftüoğlunun söyləmələrində həqiqətə uyğun faktlar kifayət qədərdir. Bəs niyə Özal və Türkeş öldürüldülər? Axı onlar bir-birilərinin əksi olan adamlar idilər. Özal Avropa və dünya birliyi ilə sıx inteqrasiya yolunu tutmuşdu və Türkiyəni inkişaf etmiş bir Avropa dövləti kimi görmək istəyirdi. Türkeş isə Türkiyəyə qarşı çevrilən beynəlxalq terrorun qarşısını almağın və buna eyni tərzdə cavab verməyin tərəfdarı idi. Məsələ ilə bağlı bir çox Qərb tədqiqatçılarının özünəməxsus fərziyyələri var. Qərbdə belə hesab edirlər ki, Özalın dövründə ortaya atılan “21-ci əsr türk və türk dünyasının əsri olacaq” sözləri istər Avropada, istərsə də Rusiyada həyəcanla qarşılanmışdı. Ona görə də bunu istəməyən hansısa bir xarici ölkə kəşfiyyatının adı çəkilən şəxslərə qarşı sui-qəsdə baş vurması mümkündür. Yeri gəlmişkən xatırladaq ki, Özalın məhz Bolqarıstan səfirliyində keçirilən tədbirdə limonad içməsindən sonra özünü pis hiss etməsi və bunun ardınca dünyasını dəyişməsi Qərb tədqiqatçılarının fikirlərində də öz əksini tapıb. Alparslana gəlincə, onun ölümündən əvvəl harada olduğu və nə etdiyi geniş şəkildə araşdırılmayıb. Türkiyədə zəhərlənməyə məruz qalan yalnız Özal və Türkeş olmayıblar. Digər yüksək səviyyəli dövlət məmurlarına qarşı da analoji hərəkətlərə baş vurulub. Məsələn, Türkiyə Baş Qərargah İdarəsinin keçmiş rəhbəri Doğan Güreş əsgərlərlə görüşündən sonra onlarla süfrə arxasında oturmuş və çörək yemişdi. Bu zaman PKK tərəfdarı olan bir əsgər dərhal fürsətdən istifadə etməyə çalışmışdı. O, Güreşin yeməyinə zəhər qatmışdı. Amma təsadüfən bu hadisənin üstü açılmış və Güreş onu gözləyən ölümdən qurtara bilmişdi. Baş Qərargah rəisinə zəhər verməyə çalışan əsgər isə tutularaq cəzalandırılmışdı.

Osmanlı çini sinilərinin sirri

Osmanlı dönəmində ölkəni idarə edən sultanların ən böyük qorxusu zəhərdən idi. Ona görə də Osmanlı sultanları onları gözləyən zəhər təhlükəsindən özlərini xilas etmək məqsədilə o dövr üçün çox mükəmməl və orijinal sayılan təhlükəsizlik tədbirinə əl atmışdılar. Onlar yeməkdə zəhərin olub-olmamasını aşkar edən çini sinilər istehsalına nail olmuşdular. Bu, o vaxt dünya təcrübəsində ən böyük elmi kəşf hesab edilirdi. Bu çini sinilərin çox həssaslıqla və dəqiqliklə zəhəri aşkar etmək xüsusiyyəti vardı. Əgər yeməyə zəhər qatılırdısa, onda dərhal çini sininin rəngi dəyişirdi. Həmin çini sinilərdən bu günümüzdə də istifadə etmək mümkündür. Bu sinilərin hazırlanma texnologiyası Qərbin ən məşhur kimyaçı alimlərini və fiziklərini heyrətə salmaqdadır. Belə ki, elm və texnikanın ən yüksək səviyyədə inkişaf etməsinə baxmayaraq, onları əvəz edə biləcək bir vasitəni günümüzdə belə, tapmaq mümkün olmur. Onu da deyək ki, belə bir çini sinilərin istehsallına yüz illərlə vaxt lazım gəlib. Yalnız orta əsrlərin son illərində Osmanlı zəhəri aşkar edə biləcək çini sinilərin istehsalına nail olub. Hazırda vaxtilə Osmanlı sarayında sultanların zəhərin aşkar edilməsi üçün istifadə etdikləri çini sinilər Topqapı muzeyində saxlanılır. Təəssüf ki, günümüzdə ortaya çıxan bəzi reallıqlar nəticəsində həmin sinilərdən ancaq məhdud dairədə istifadə etmək olur. Çünki əgər əvvəllər hər hansı bir görkəmli dövlət adamını və ya şəxsiyyəti aradan götürmək məqsədilə ona yalnız yeməkdə zəhər verirdilərsə, hazırda bunun üçün digər vasitələrdən də istifadə edirlər. Nəticədə, bu gün də zəhər dünyanın əsas silahı kimi qalmaqda davam edir…

Əziz Mustafa

BIR CAVAB BURAXIN