Yenə sağ olsun…

0
242

Bu demokratiya çox gözəl şeymiş. Sən demə, məhz onun sayəsində adamlar fil qulağından çıxaraq bəzi mətləbləri çəkinmədən ortaya qoyurlar. Sizi bilmirəm, indi mən belə mətləbləri özündə ehtiva edən yazıları qəzet səhifələrindən səliqə ilə kəsib pencəyimin astarına tikməyə başlamışam. Çünki çox təsirli “dua”lardır. Bu sətirləri yazdıqca içimdən gələn bir səs dedi ki, lağlağı sözlərdir ki, yenə yazırsan. Qoy o böyük nəsnələrdən yenə bizim tanınmışlarımız danışsınlar. Məsələn, adi bir dövlət məmuru. Bu məqamda qeyrətim mıqqıldadı. Doğrudan da, axı mən kiməm ki, belə şeylərdən söz açam?

Elə yenicə susub internetə girmişdim ki, bir məmurun fikirləri diqqətimi cəlb etdi. Daha doğrusu, onun: “Bu gün israfçılıq baş alıb gedir, insanlar ayaqlarını yorğanlarına görə uzatmırlar” sözləri orta əsrlərin oxuna çevrilib sancıldı ürəyimə. Çox hörmətli millət vəkilimizin bu fikrini kasıbların fonunda açıqlaması məni, üstəlik, lap cin atına mindirdi. Odur ki, payıma düşən demokratiyadan bəhrələnməklə bəzi mətləblərə aydınlıq gətirmək istədim. Bəli, çox hörmətli məmurumuz, doğrudan da, bu gün israfçılıq baş alıb gedir. Bu israfçılıq aşağıdan yuxarıya baxanda daha aydın görünür. Deyirsiniz ki, vaxtilə ata-analarımız 200 qram ətlə necə xörəklər bişirirdilər? İndi isə…

Bəs niyə demirsiniz ki, vaxtilə bir milyon pulla kilometrlərlə yol çəkərdilər, indi isə həmin vəsaitlə 100-200 metrlik yolu başa çatdırmırlar. Məgər bu, israfçılıq deyil? Bəs niyə demirsiniz ki, bu və ya digər tədbirdə milyonlarla manatı fişəngə çevirib havaya atırıq? Niyə demirsiniz ki, bir vaxtlar hər şəhər, hər rayon fontan quraşdırma yarışına qoşulurdu. Halbuki quraşdırılmış həmin fontanların əksəriyyəti artıq gözdağına çevrilib. Son vaxtlar onların fontan vurduqlarını görən varmı? Məgər bu, israfçılıq deyil? Bəs niyə demirsiniz ki, bu və digər məmur öz oğlunun, yaxud qızının toyuna əcnəbi estrada ulduzu çağırmaqla haradan qazanması hələ də bəlli olmayan milyonları onların başlarına səpir? Məgər bu, israfçılıq deyil? Niyə demirsiniz ki, dövlət qulluğunda çalışan, maaşı o qədər də yüksək olmayan məmur gündə 3-4 maşını paltar kimi dəyişir? Məgər bu israfçılıq deyil? Hansını deyim e…

Sonra da məmurumuz ərz edir ki, bəs indi ölkəmizdə iş tapmaq heç də problem deyil, sadəcə, insanlar hər işi bəyənmirlər. Halbuki bu bəyənməzliyin səbəbi hamıya gün kimi aydındır: həmin iş yerlərində verilən maaşla ailə saxlamaq mümkün deyil. Bax, əsl problem budur, ay mənim məmurum. Çox hörmətli məmurumuz testlə işə qəbuldan da danışıb. Lakin nədənsə testdən keçənlərin sonrakı mərhələdə “söhbət”ə çəlb olunmasının nəyə xidmət etdiyini açıqlamayıb… Onun bu kimi fikirlərindən də söz açmaqla əsas mətləbdən yayınmaq niyyətində deyiləm. Sadəcə, bu kimi məsələlərdə də gəldiyi qənaətləri diqqətə çatdırmaq istədim.

Bəli, mən də qənaətcilliyin tərəfdarıyam. Yəqin deyəcəksiniz ki, elə isə bu şəkildə atılıb-düşməyin nədir? Buna, lətifəsi həmin məmurdan uzaq, bir rəvayətlə cavab vermək istərdim. Bir kişi evlənəndən sonra arvadının ev işlərini bacarmadığına görə heyifslənir. Bir gün arvad süfrə açıb xörək gətirir və xörəkdən bir qaşıq ağzına qoyanda gözləri yaşarır. Əri soruşur ki, niyə ağlayırsan? Arvad həqiqəti gizlədərək rəhmətlik anasının yadına düşdüyünü söyləyir. Sonra kişi xörəkdən bir qaşıq götürüb ağzına qoyur. Xörəyin şorluğundan onun da gözləri yaşarır. Arvad ərindən nə üçün ağladığını soruşanda kişi deyir: “Mənim də yadıma rəhmətlik anan düşdü. Əgər o sənə xörək bişirməyi öyrədə bilsəydi, biz də göz yaşlarımızla onun ruhunu narahat etməzdik”. İndi onun sözü olmasın, məmurumuzun fikirləri də bu mətləbləri mənim yadıma saldı. Yenə sağ olsun!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × five =