Yaqub Mahmudov: “Müstəqil Azərbaycan Respublikası Ulu Öndərin şah əsəri və doğma xalqına müqəddəs əmanətidir”

0
75

XX əsr Azərbaycan tarixinin əlli ildən çox dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu, xalqımızın qurtuluş mübarizəsinin qalibidir. Azərbaycanın ən kütləvi və ən müasir siyasi partiyasını – Yeni Azərbaycan Partiyasını O yaradıb. Ümummilli lider Heydər Əliyev doğma xalqı üçün ən müasir, demokratik, hüquqi və dünyəvi dövlət qurub. Müstəqil Azərbaycan Respublikası Ulu Öndərin şah əsəri və doğma xalqına müqəddəs əmanətidir.

Arazinfo.comxəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, Heydər Əliyev sovet imperiyasında xalqımızın qədim dövlətçilik mədəniyyətini qoruyub saxlaya bilib. Bu, dünyanın heç bir dahi şəxsiyyətinin fəaliyyətində rast gəlinməyən misilsiz dövlət idarəçiliyi uğurudur.

1969-cu ildə Azərbaycanda həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi. Bununla respublikanın tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək, həm də sovet rejiminin bütün eybəcərliklərini – korrupsiyanı, süründürməçiliyi, rüşvətxorluğu cəsarətlə tənqid edərək Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və həyata keçirdi. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri, o cümlədən Kremldəki erməni qruplaşmasının törətdiyi əngəlləri dəf edərək sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən çox mühüm qərarlar qəbul etməsinə nail oldu. O, eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Nəticədə 1970-1985-ci illər Azərbaycanın tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə bütövlükdə əvvəlki 50 ildəki nəticələrə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirmiş, dünyada tanıtmışdı…

Heydər Əliyev sovet rəhbərliyində olarkən də doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi. Xalqımızın böyük oğlu o zaman, həm də Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçilərinin qarşısında qüdrətli maneə, keçilməz sədd idi. Elə buna görə də hələ Stavropoldan başlayaraq erməni mafiyasının əlində itaətkar alət olan Qorbaçov, nəhayət, öz fitnəkar niyyətinə nail ola bildi: xalqımızın dahi oğlu Moskvada Siyasi bürodan uzaqlaşdırıldı. Bu, əslində bütün sovet hakimiyyəti illəri ərzində xalqımıza vurulan ən ağır zərbə idi. Həmin hadisədən cəmi 15 gün sonra Qorbaçovlar ailəsinin yaxın dostu olan qatı erməni millətçisi Aqanbekyan Dağlıq Qarabağın tezliklə Ermənistana veriləcəyini elan etdi. Bununla Qorbaçovun və onun “yenidənqurma siyasəti”nin iç üzü açıldı. Xalqımızın fəlakətli günləri başlandı. Ermənistanda silahsız həmvətənlərimizə qarşı hücumlar, soyqırımları başlandı. Çox keçmədən Ermənistanda, öz ata-baba torpaqlarında yaşayan azərbaycanlılar öz doğma yurdlarından qovuldular. Dağlıq Qarabağ erməniləri və dünyanın hər yerində onları müdafiə edən erməni millətçiləri də Azərbaycana qarşı düşmənçilik hərəkətinə başladılar.

1990-1993-cü illər Heydər Əliyevin Vətən naminə mübarizə yolunda xüsusi yer tutur. Həmin dövr Azərbaycanın tarixində “olum, ya ölüm” mübarizəsi dövrü idi. Moskvanın idarə etdiyi xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi.

90-cı illərin əvvəlində Zaqatalada, bütün Şəki bölgəsində, o cümlədən doğulduğum Baş Göynük kəndində, Qaxda, Balakəndə, Lənkəranda, Füzulidə, ölkəmizin bütün bölgələrində Azərbaycan dövlətçiliyindən söhbət düşəndə hamı əllərini açaraq tribunaya yaxınlaşıb deyirdi: “Tale Heydər Əliyevi yaşatsın, ona cansağlığı versin, bizi o xilas edəcəkdir”. Mən bütün bunların şəxsən şahidiyəm…

1993-cü ilin iyununda – Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq ayrı-ayrı silahlı dəstələr hökmranlıq edirdilər. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı – dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluş mübarizəsində həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planları puça çıxdı.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın düşdüyü ağır vəziyyəti düzgün qiymətləndirdi, dərindən ölçüb-biçdi. Ağır vəziyyəti nəzərə alaraq cəbhədə atəşin kəsilməsinə nail oldu. Böyük rəhbərin səyi nəticəsində Azərbaycanda əmin-amanlıq yarandı.

1994-cü il sentyabrın 20-də xarici dövlətlərin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu, tarixi nailiyyət idi. Çünki Xəzərin təkinin və səthinin bölüşdürülməsi ilə bağlı sahilyanı dövlətlər arasında problemlərin həll olunmadığı tarixi şəraitdə Ulu Öndər dünyanın nəhəng neft şirkətlərini Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsinə cəlb edə bildi. Bu tarixi nailiyyətin ardınca digər müqavilələr də bağlandı. Müstəqilliyimiz möhkəmləndi. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı.

Azərbaycan xalqı on ildən sonra 2003-cü ildə ikinci dəfə yenidən daha bir ağır sınaq qarşısında qaldı. Ulu Öndərin xəstəliyindən istifadə edən radikal müxalifət, onların xaricdəki havadarları “bəlkə də qaytardılar” xülyası ilə yenidən fəallaşdılar. Xalq yenə seçim qarşısında qaldı və yenə də 1993-cü ildə olduğu kimi ayağa qalxaraq yekdilliklə və qətiyyətlə ölkəni anarxiya və hərc-mərclik dövrünə qaytarmaq istəyənlərə yenidən “YOX!” dedi. Millətimiz bu dəfə ölkənin ali rəhbərliyini İlham Əliyevə etibar etdi. Bununla xalqımız həm özünə yeni Prezident seçdi, həm də müstəqillik tariximizdə qəti şəkildə və birdəfəlik hakimiyyəti zorakılıqla ələ keçirmək düşüncəsinə son qoydu və bugünkü uğurlarımızın əsası qoyuldu…

Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkəsi, Cənubi Qafqazın lider dövlətidir. Artıq vətənimiz dünyanın kosmik araşdırmalar aparan dövlətləri sırasına qoşulub. Yurdumuzun əldə etdiyi bütün böyük tarixi nailiyyətlər zəmanəmizin böyük dövlət xadimi Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursunu dönmədən həyata keçirməsi nəticəsində əldə olunub.

Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını sürətlə dəyişən tarixi şəraitə uyğun olaraq zənginləşdirir, çevik, qətiyyətli və müdrik siyasəti ilə yurdumuzu yeni qələbələrə qovuşdurur.

Arazinfo.com