Yanan bina işi: Neftə hopdurulmuş kəndirlə binanı kim yandırmaq istəyib?

0
569

11

Binəqədidə 16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümünə yol açan yanğından 3 gün öncə – mayın 16-da Nərimanov rayonunda – Veteranlar Şurasının yerləşdiyi binada da yanğın olub.

Araşdırma zamanı üzə çıxıb ki, binanı bilərəkdən yandırmaq istəyiblər. Binaya bitişik tikilidə neftə hopdurulmuş kəndirlər sallayıb, od vurublar. Amma o hadisədə daha cəld tərpənib, yanğının bütün binanı əhatə etməsinə imkan verməyiblər.

Bundan daha öncə – aprelin 10-da isə Xətai rayonunda – Zığ yolunda 9 mərtəbəli yaşayış binasında güclü yanğın olmuşdu. Yarım ildir ki, məhkəmə həmin yanğını araşdırır.

Neft hopdurulan kəndirlə binanı yandırmaq cəhdi

Binəqədi və Nərimanov rayonlarındakı yanğınları birləşdirən ümumi cəhət var – onların hər ikisini poliuretan üzlüklə eyni şirkət – “Global Construction” MMC üzləyib. Bu şirkətin, eləcə də həmin üzlükləri buraxan “Global Stone” MMC-nin təsisçisi, Binəqədi yanğınına görə həbs olunmuş Miryusif Mahmudov iddia edir ki, Nərimanovda binanı yandıranlar istədikləri nəticə almadıqlarından, ardından bu hadisəni törədiblər.

 

Binəqədidəki binanın yanmasına görə suçlanan Miryusif Mahmudov və daha yeddi nəfərin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Dekabrın 5-də məhkəmədə Veteranlar Şurasının binasındakı yanğınla bağlı Nərimanov Rayon Polis İdarəsinin rəisi olmuş İsmayıl Əsədovun məktubu açıqlanıb. Məktubda binanın bilərəkdən yandırıldığına, cinayət işi başlansa da, bu işi görənlərin tapılmadığına diqqət çəkilir.

Fövqəladə Hallar Nazirliyi (FHN) əməliyyat-istintaq idarəsinin rəisi Elçin Əsədovun baş prokurorun birinci müavini Rüstəm Usubova məktubu da elan edilib. Bu məktubdan bəlli olur ki, 2012-ci ilin oktyabrında üzlük vurularkən, Tibb Universitetinin yeni tikilən Cərrahiyyə Korpusunda da yanğın baş verib. Faktla bağlı araşdırma aparılsa da, cinayət işi başlanmasının rədd edilməsi haqda qərar verilib.

“Bizim qəliblədiyimiz materiallar pis olsaydı…”

Bu məsələyə Miryusif Mahmudov da münasibət bildirib: “Tibb Universitetinin Cərrahiyyə Korpusundakı yanğın balaca yanğın deyildi. Üzləmə ilə məşğul olan şirkətlərdə, elə bizdə də güclü yoxlamalar apardılar. Fövqəladə Hallar nazirliyi bizdən də material nümunələri götürdü. Məlum oldu ki, ora vurulan üzləmə materialları Çindən gətirilib. Çin malının normal yanan, bizim materialınsa çətin yanan olduğu müəyyənləşdirildi. Həmin vaxt qəliblədiyimiz materiallar pis olsaydı, bizə “dayandırın” əmri verilərdi. O yanğında xəsarət alan da vardı, dövlətə ciddi ziyan da dəymişdi. Niyə Çin şirkətinin hər hansı işçisini, təsisçilərini məsuliyyətə cəlb etmədilər? Gücümüz çinliyə çatmadı? Və yaxud “alkopan”la üzlənən hansısa bina yansa, Yaponiyadan, Çindən “alkopan” istehsalçısınımı tutub gətirəcəklər?”.

“TÜV-Avstriya” beynəlxalq şirkətinin üzlük buraxan “Global Stone” şirkətinə verdiyi zəmanət sertifikatı da elan olunub. Sertifikatdan görünür ki, “Global Stone” MMC-nin qəliblədiyi üzlüyün keyfiyyətinə zəmanət verilir. 2012-2013-cü illərdə üzləmə işləri də bu şirkətin nəzarəti altında həyata keçirilib.

“Yanğından sonra obyektimi qarət ediblər”

Elan olunan başqa bir sənədsə yanan binaya bitişik birmərtəbəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Şakir Cabalovun hadisədən 2 ay 10 gün sonra – iyulun 29-da prokurorluğa göndərdiyi məktub olub. İstintaq bu nəticəyə gəlib ki, Binəqədidə 15 nəfərin həyatına son qoymuş yanğın Cabalovun obyektinin üstünə yığılmış zibil qalağının od tutub alışmasından başlanıb və poliuretan üzlüklərə görə alov bütün binaya yayılıb

Cabalov yazır ki, hadisədə onun obyekti yanmasa da, texnikanın köməyi ilə əmlakını dağıdıblar və içəridəki əşyalar qarət olunub. Bu haqda Binəqədi rayonu, 5-ci polis bölməsinə şikayətləri nəticəsiz qalıb.

Miryusif Mahmudovun vəkilləri Cabalovun məhkəmədə də dindirilməsini istəyiblər.

Məhkəmə dekabrın 6-da davam edəcək.

XATIRLATMA

Binəqədidəki bina yanğını ilə bağlı məhkəmə önünə çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib. Təqsirləndirilən şəxslər arasında Miryusif Mahmudovla yanaşı, «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətində təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov da var. Onlardan Akif Əlibəyov və Ağacavad Məmmədovun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Azadliq.org

BIR CAVAB BURAXIN