“YALAN DÜNYA”DAN KƏRAMƏT UMAN RƏSSAM

0
897

Üslub və bədii ifadə zənginliyi ilə diqqət çəkən Azərbaycan təsviri sənətində elə varadıcılar var ki, gərgin və davamlı axtarışları ilə elə zamanında öz sənətkar “mən”ini təsdiqləmiş, özünəməxsus dəst-xəttə malik olduqlarını sərgiləmişlər. Belə rəssamlardan biri tanınmış fırça ustası – rəngkar Nağdəli Xəlilovdur…
Tanışlıq üçün deyək ki, 1946-cı ildə Qərbi Azərbaycanda – Qəmərli rayonunun Sarcalar kəndində dünya göz acan N.Xəlilov əvvəlcə Ə.Əzimzadə adına Azərbaçan Dövlət rəssamlıq məktəbində (1968-1972), sonra isə Tiflis Rəssamlıq Akdemiyasında (1974-1980) ixtisas təhsili almışdır. Təhsil illərindən başlayaraq müxtəlif miqyaslı sərgərdə uğurla iştirak edən gənc rəssam 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilmişdir. 1993, 1996 və 2017-ci ildə Bakıda, 2006-cı ildə isə Ankarada fərdi yaradıcılıq sərgiləri təşkil olunmuşdur. 2011-ci ildə “Yeni era” Dünya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilmişdir…
Yaradıcılığı mövzu və janr əlvanlığı ilə diqqət çəkən rəssamı başqalarından fərqləndirən bədii-estetik xüsusiyyət onun çoxlarına sadə və bir qədər də tükənmiş kimi görünən realizmin bədii ifadə çərçivəsini duyulası dərəcədə genişləndirməsidir. Bəzilərindən fərqli olaraq yeni cərəyan axtarışı iddiasından uzaq olan Nağdəli Xəlilov, bilavasitə Azərbaycan rəngkarlığında qabarıq duyulan rəngin dominant gücünə tapınmağa üstünlük verdi. Bu mənada onun hər bir tablosunun rəng qatının qeyri-adi dərəcədə qalınlığında axtardığını tapmağa yönəli “səylər toplusu”nun mövcudluğu, həm də görünənlərin daşıdığı “estetik xəritə”in çoxqatlılığı duyulmaqdadır. Odur ki, onun əsərləri duyğulandırıcı olduğu qədər də düşündürücüdür…
Nağdəli Xəlilov yaradıcılığı bütünlüklə doğma yurdla – onun tarixi keçmişi və bu günü, yüksək mənəviyyat daşıyıcıları olan insanlar və əsrarəngiz təbiəti ilə bağlı olan rəssamlardandır. Onun üçün nəhayətsiz ilham mənbəyinə çevrilən bu qaynaqlarda əslində o. çoxlarının axtarıb tapa bilmədiyi aktual-mənəvi problemləri və bəşəri duyğuları da ifadə edə, yaratdıqlarını başqaları üçün duyğulandırıcı estetik mənbəyə çevirə bilmişdir, desək, yanılmarıq.
Yetmiş illik ömrünün bir qərinəsini yaradıcılığa həsr edən, rəssamlıq axtarışları gözlərim önündə keçən, həyatın çox təzadlı hadisələrilə baş-başa qalmasına şahidlik etdiyim Nağdəli Xəlilov bu gün də yaşayıb-yaratmaq əzmindədir. Mənəvi ilham qaynaqlarından biri olan dahi M.Şəhriyarın “Dünya-yalan dünyadır” deyiminin acı həqiqət olmasına baxmayaraq, imanı-inamı ilə hələ də ondan kəramət ummaqdadır. Yurd həsrətinin üstünə maddi sıxıntılarını da qoyub bunları ağır mənəvi-psixoloji yükə çevirən rəssam, təkbaşına onları “günahlı dünya”da arzularına doğru çəkməkdədir. Əbədiyyətə yönəli bu yolun uzun, yaxud qısa olacağı isə yəqin ki, onun özündən çox, bizlərdən, ona diqqətimizdən və qayğımızdan asılı olacaqdır…
Təhsilsonrası baş tutan qırx illik yaradıcılığında Nağdəli Xəlilov daima millətinin qədim və zəngin mənəviyyat daşıyıcısı olduğunu bədii tutumda əbədiləşdirməyə üstünlük vermişdir. Bəzən bunlar çoxlarının tapındığı və qazanc dağarcığı kimi baxdığı “müasir rəssamlıq” nümunələrindən uzaq olsalar da, sənət xiridarları üçün milli mənəviyyat saxlancına töhfə kimi qəbul olunmaqdadırlar.
Doğrudan da onun Tiflisdə diplom işi olaraq yaratdığı “Aşıq Ələsgər” əsərindən başlayan mənəviyyat tariximizin bədiiləşdiruilməsi prosesi sonradan Cəlaləddin Rumi, Nəsirəddin Tusi, Məhəmmədhüseyn Şəhriyar, Xəstə Qasım, Heyran xanım, Məhəmməd Füzuli, Mir Möhsün Nəvvab, Hüseyn xan İrəvani, Xan qızı Natıvan və başqa obrazlarının yaradılması ilə davam edib. Bu dahilərin hər biri dünya və Azərbaycan tarixinin hər birimiz üçün qürurverici qaynağa çevrilməsində müstəsna xidmətləri olduğundan, rəssam hər yeni əsərində onların daşıdıqları yüksək mənəviyyat məcmusunun tamaşaçı üçün cəlbedici və yaddaqalan estetik mənbəyə çevrilməsinə çalışmışdır. Bu portretlərdə bəzən ikonoqrafik dəqiqliyə əməl edən, bəzən də məşhurları təxəyyülündən qaynaqlanan cizgilərlə zənginləşdirən rəssam, son nəticədə, onların yüksək bədii tutumda obrazlaşmasına nail olmuşdur.
Onun yaradıcılığında uzaq keçmişlə yanaşı bu günümüzə tutulan “bədii güzgü”nün yaddaqalan ifadələrini də görmək mümkündür. Bu mənada “Qızlar”, “Avtoportret”, “Nar mövsümü”, “Çörək bişirənlər” və s. tablolarını onun özünün iç dünyasına və müasirlərinin qayğılarının psixoloji-duyğulandırıcı bədii görüntüsü saymaq olar.
Ruhunda gəzdirdiyi yaratmaq gücünü ona bəxş edənə ehtiramını bildirməkdən usanmayan rəssamın dini-mənəvi mövzulara müraciətində qəribə bir səmimilik və inandırıcılıq mövcuddur. Tarixin yaddaş saxlancına gömülsə bu gün də daşıdığı etik-tərbiyəvi məna-məzmun yükünü qoruyub saxlayan dini həqiqətlər və hadisələr fırça ustasının özünəməxsus bədii şərhi nəticəsində keçmişdən bu günə uzanmış etibarlı və əhəmiyyətli mənəvi körpü kimi qəbul olunurlar. Onun “Merac”, “Salehin dəvəsi”, “İslam cəngavəri”, “Süleyman peyğəmbər və hüdud”, “Dinin əsasları”, “İlk İslam Akademiyası”, “Adəm və Həvva”, “Qurtuluş ağacı”, “Kəbə”, “Hicrət” və “İlk İslam həmrəyləyi” əsərlərində mənəvi dəyərlərimizə təsirli obrazlı görkəm vermək istəyi güclüdür.
Rəssamın mənzərə və natürmort janrında çəkdiyi əsərlərdə onun rənglərin pastozluğuna üstünlük verməsinin bilavasitə təsvirin daha təbii və inandırıcı alınmasına yönəldildiyini görmək mümkündür. Belə ki, bu cür təqdimatda maddi aləm də, təbiət motivləri də həyatın bir parçası -“davamı” kimi qəbul olunur. Odur ki, tamaşaçı onların canlılığına-malik olduqları fakturanın sanki “nəfəs” aldığına inanır. Onun “Tək ağac”,”Mərdəkan”, “Heyva ağacı”, “Püstə çiçəkləyəndə”, “Nar ağacı”, “İki ağac”, “Balqabaqlar”, “Heyvalar və qərənfillər”, “Payız natürmortu” və s.əsərləri bu qəbildəndir. Bu əsərlərə hakim kəsilən “lal sükut”un qarşılığında rənglərin majorluğunun vurğulan görüntülər lirik-nikbin ovqat yaratması ilə yadda qalır.
Bu yerdə xüsusi vurğulamaq istərdik ki, rəssamlıq yaşın öz sözünü deyə bilmədiyi yaradıcılıq məkanlarındandır. Belə ki. burada son sözünü axırda deyənlər də olur, nə qədər təəccüblü olsa da lap gəncliində ifadə edənlər də… Bunu ona görə deyirik ki, Nağdəli Xəlilovun indiyə qədər yaratdıqları nə qədər yaxşı olsa belə, onları rəssamın son sözü hesab etməkdən uzağıq. Çünki, özünə ümidi olan və kifayət qədər tələbkar olan rəssamın yaradıcı potensialının tükənmədiyinə, açılmamasına inamımız bunu şərtləndirir.
Bütünlükdə, Nağdəli Xəlilovun əsərlərini ilhamını kor-koranə naturaya tabe etməməyin nəticəsi kimi dəyərləndirmək olar. Belə ki, onlarda gerçəkliyə özünəməxsus yanaşma – bədii stilizədən keçirilərək sadə-fəlsəfi tutumda təqdim olunmuş bədii həqiqətlər hifz olunub. Məhz bu məziyyətlərinə görə onun yaradıcılığı müasir Azərbaycan rəngkarlığında tanınandır. Bunu isə onun böyük sənət uğuru saymaq mümkündür…

Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru

Görüntünün olası içeriği: 1 kişi
Görüntünün olası içeriği: 1 kişi
Görüntünün olası içeriği: 1 kişi, sakal
Görüntünün olası içeriği: ayakta duran insanlar, bitki ve açık hava
Görüntünün olası içeriği: ağaç ve açık hava

BIR CAVAB BURAXIN