Xoşqədəm Hidayətqızının toy etmək istədiyi gənclərin toyu olubmuş

0
1096

 

Təxminən 10 gün əvvəl redaksiyamıza müraciət edən gənc oğlanın evinə yollandıq. Rəşad adlı bu oğlan, Lənkəranda yetimlər evində böyüyüb. Ordan çıxandan sonra özünün dediyinə görə neçə il küçələrdə, internet klublarda gecələyib.

Vüsalə adlı nənə-baba himayəsində böyüyən qızla tanış olan Rəşad qısa müddət sonra həmin xanımla ailə qurub.

Keşlədə kirayədə yaşadıqları evə girər-girməz Rəşad bəy acından öldüklərini, vəziyyətlərinin acınacaqlı, yoldaşının da hamilə olduğunu dedi. Gördüyüm mənzərədən təsirlənərək redaksiyaya gəlib materialı işləməyə başladıq ki, tez ictimailəşdirək, xeyirsevər insanlar yardım etsinlər.

Həmçinin iş yoldaşlarıma da ağır vəziyyətdə olan ailə haqda məlumat verdim. Hər birinə tək-tək təşəkkür edirəm, hamısı yardım etdilər. Yığılan pulun bir hissəsi ilə ən vacib ərzaqları aldıq, qalanını da özlərinə vermək üçün yenidən evlərinə getdik.

Bu hadisədən iki gün sonra “Whatsapp”la mənə Rəşadın nömrəsindən mesaj gəldi. Mesajı yazan Rəşadın yoldaşı Vüsalə idi. Vüsalə, mobil telefonunun olmadığını, ən çox istədiyi şeyin “sensor telefon”unun olmasını yazmışdı.

Açığı bu istəkdən sonra şübhələndim. Çünki, biz bu ailənin vəziyyətini, iş problemini, Vüsalə xanımın iki canlı olmasını düşünürük, bu xanım mobil telefon istəyir. Amma yenə də öz-özümə dedim ki, istəyini yazıb.

Vüsalə xanım bu istəkdən bir gün sonra ikinci istəyini də göndərdi. Bu dəfə şəxsiyyət vəsiqəsinin vaxtının bitdiyini, dəyişmək üçün qeydiyyatda olduğu Şirvan şəhərinə getmək istədiyini yazdı. Ora getmək üçün yol pullarının olmadığını və pul istədiyini bildirdi.

Bundan sonra yerli kanalların birində çalışan həmkarımla danışdım. Onlar da Rəşada zəng edib telefon nömrəsi verərək iş üçün müraciət etməsini deyiblər. Rəşad konturunun olmamasını bildirib. Daha sonra çəkiliş üçün kanala gəlin görüşək deyilib, bu dəfə də Rəşad yol pulu olmadığına görə gələ bilməyəcəyini bildirib.

Bu hadisələrdən iki üç gün sonra Rəşad və Vüsaləni Xoşqədəm Hidayətqızının “Bizə danış” verilişində gördüm. Bu verilişdə Vüsalə ağlayaraq deyirdi ki, istəyirik toyumuz olsun, hər qız kimi mən də gəlinlik geyinim. Halbuki bunun da yalan olduğu ortaya çıxdı. Xeyriyyəçi qrup üzvləri onlara toy etdiklərini bildiriblər.

Belə ki, “Facebook”da “İsayevin səhifəsi” adlı səhifəyə göndərilən mesajda bu haqda ətraflı məlumat verilib. Mesajı yazan bildirir ki, şəxsən özü bu cütlüyün toylarında iştirak edib, hətta toya pul da yazdırıb: “Möhtəşəm toy etdik. 3 maşın cehiz verdik. Xınayaxdı oldu, xonçalar, üzüklər, daş-qaş… hər şey etdik. Toylarına məşhur inanlar da gəlmişdi. İndi utanmaz-utanmaz deyirlər ki, istəyirik toyumuz olsun. Arzumuz odur ki biz də toy görək, gəlinlik geyinim. Ayıb olsun onlara. Onlara təkrar toy etməkdənsə, həqiqətən gəlinlik geyinməyən digər qıza kömək edərlər. Xahiş edirəm siz də paylaşın bizim zəhmətimizi, əziyyətimizi yerə vurdular ar olsun!”.

Bunu görəndən sonra bildim ki, Rəşad və Vüsalə təkcə bizim yox başqa adamların da mərhəmətindən sui-istifadə ediblər. Bu məsələni yazmaqda məqsədimiz odur ki, belə hallarla qarşılaşanda daha diqqətli olaq.

Rasim Məmmədli

BIR CAVAB BURAXIN