Xəzərin yeni statusu: Beş bərabər hissəyə deyil, orta xətt üzrə bölüşdürüləcək

0
624

Rusiyanın baş naziri Dmitri Medvedyev Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanmasını nəzərdə tutan hökumət qətnaməsini prezident Vladimir Putinə təqdim edib. Virtualaz.org xəbər verir ki, 20  ildən çoxdur danışıqların nəticəsi olaraq hazırlanmış konvensiya layihəsi iyunun 21-də hüquqi informasiyalar üzrə rəsmi portalda dərc edilib.

Qətnamə mətnində göstərilir ki, sənədin layihəsi Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunub, federal icra hakimiyyəti orqanları ilə razılaşdırılıb və ilkin olaraq qalan dörd sahilyanı ölkə-Azərbaycan, Türkmənistan, İran və Qazaxıstanla işlənilib.

Beləliklə, ilk dəfə açıqlanan konvensiya layihəsinə görə Xəzərin dibinin və təkinin sektorlar prinsipi ilə bölüşdürülməsi nəzərdə tutulub. Dənizin akvatoriyası isə daxili və ərazi sularına, balıqçılıq zonalarına və ümumi su məkanına bölünəcək.

Beş sahilyanı ölkənin hər biri 15 dəniz mili enində ərazi suları müəyyən etmək hüququna malik olacaq, bu ərazi siları konvensiyada müəyyən edilmiş çıxış xəttindən ölçüləcək. Habelə hər ölkənin 10 mili keçməyən balıqçılıq zonası olacaq, bu zona ərazi sularına bitişəcək.
Çıxış xəttinin, yaxud orta xəttin müəyyən edilməsi metodikası ayrıca razılaşma ilə müəyyən olunacaq. Sənədə əsasən əgər sahilyanı ölkə daxili suların müəyyən edilməsi baxımından əlverişsiz sahil xətti konfiqurasiyasına malikdirsə o zaman bu məqam orta xəttin işlənib hazırlanması metodikasında nəzərə alıncaq.

Belə “əlverişsiz” sahil xəttinə malik ölkə İrandır. Buna görə də Tehran dənizin beş bərabər hissəyə bölünməsində israrlı idi. Qalan ölkələr isə dənizin orta xətt prinsipi ilə bölünməsini dəstəkləyirdi.

Konvensiya layihəsi habelə Xəzərin dibi ilə kabellərin və boru kəmərlərinin çəkilməsini də nəzərdə tutur. Sənəddə deyilir ki, tərəflər Xəzər dənizinin dibi ilə konvensiyada əksini tapmış ekoloji prinsiplərə və standartlara uyğun layihələr əsasında kəmər və kabel çəkə bilərlər. Kəmərin və ya boru xəttinin marşrutunu həmin kəmər və ya kabel hansı ölkənin sektorlarının dibindən keçəcəksə onlar müəyyən edəcəklər.

Yəni bu o deməkdir ki, Transxəzər qaz kəməri çəkmək üçün Rusiyadan və qalan sahilyanı ölkələrdən icazə almaq lazım gəlməyəcək, bu kəməri Türkmənistanla Azərbaycan öz aralarında razılaşdıra biləcək. Qalan ölkələr isə ancaq ekoloji normalarla bağlı tələblər irəli sürə bilər.
Konvensiya layihəsi habelə Xəzərdə  başqa ölkələrin silahlı qüvvələrinin iştirakına yol vermir. Və bütün beş ölkələrin hamısı Xəzər dənizinin ekoloji sistemini və onun komponentlərini qorumağa borcludur.

Sənəd avqustda Astanada keçiriləcək Xəzər sammitində müzakirəyə çıxarılacaq.

BIR CAVAB BURAXIN