Xəzərin o tayı ilə bu tayını birləşdirən körpü: qan yaddaşı

0
615

 

Azərbaycanla Türkmənistan arasında Xəzərin statusu ilə bağlı həllini gözləyən bəzi problemlərə baxmayaraq eyni etnik kökə malik olan iki qardaş ölkə bir ağacın budaqları qədər biri-birlərinə yaxındırlar. Xəzərin iki sahilində yaşayan Azərbaycan türkləri ilə türkmənlərin adət-ənənələri demək olar eynidir və bu baxımdan onları biri-birlərindən fərqləndirmək demək olar mümkün deyil. Bütün hallarda türk dövlətləri arasında Azərbaycan, Türkmənistan və Türkiyə bir-birlərinə daha çox yaxındılar. Demək olar ki, adı çəkilən ölkələr arasında ləhcə fərqi yoxdur. Necə deyərlər Anadolu və Azərbaycan türkünün türkmən ləhcəsini və ya türkmənin azəri və ya anadolu türkcəsini başa düşməsi problem deyil. Bunun da tarixi səbəbləri var. Belə ki, həm Azərbaycan, həm də Anadolu türkləri türkmənlərlə eyni soydandırlar. Nəhayət Anadolunun türk yurduna çevrilməsində bu günkü türkmənlərin (həm də azərbaycanlıların və Anadolu türklərinin) dədə -babaları olan oğuzların əvəzsiz xidmətləri olub. Obrazlı şəkildə desək Xəzərin o tayında, indiki Türkmənistan ərazisində və Özbəkistanın böyük hissəsində-ucsuz-bucaqsız Türküstan çöllərində yaşayan oğuzlar islamın ağır günlərində Türkmənistandan İran və Azərbaycana, oradan da Anadoluya doğru axın etdilər. Onlar sinələrini xristian dünyasının islam dinini məhv etmək siyasətinə qarşı sipər edərək islam mədəniyyətinin və islam dünyasının yeni bir çiçəklənmə dövrü yaşamasına vəsilə oldular. O dövrdə bu axınların başında məşhur sərkərdələr Toğrul və Çağrı bəy kimi alp igidlər və döyüşlərdə məğlubiyyət nə olduğunu bilməyən sərkərdələr dayanmışdılar. Anadoluda türklərin varlığı təhlükə altına düşdüyü bir dövrdə, 1071-ci ildə Malazgirtdə tarixə Türkün zəfər qələbəsi kimi düşən bir döyüş baş verdi. Bu döyüşdə indiki Türkmənistan ərazisində anadan olan məşhur sərkərdə Alparslanın başçılq etdiyi oğuzlar özlərindən sayca 4-5 dəfə çox olan Bizans ordusunu darmadağın edərək Anadolunu əbədi olaraq türk yurdu etdilər. Yeri gəlmşkən bir faktı da deməyi özümüzə borc bilirik. Bu da tarixə hölkm edən Osmanlı dövlətinin qurucusu olan Osman Qazinin dədə-babalarının da Türkmənistan çöllərindən Anadoluya axın edərək buranı özlərinin ana yurduna çevirən oğuzlardan olması ilə bağlıdır. Ümumiyyətlə götürdükdə isə başda Yunüs İmrə da daxil olmaqla o dövr səlcuqlu-osmanlı mədəniyyətinin ən məşhur elm, mədəniyyət xadimlərinin demək olar ki, hamısı Türkmənistan çöllərindən Anadoluya axın edənlərin arasından çıxıb. Burada bir maraqlı məqama da diqqəti cəlb etmək istəyirəm. Osmanlı dövlətinin zəfiləməsinin bir səbəbi məhz orta əsrlərdə eyni soya malik məşhur türk sərkərdələri arasında gedən daxili müharibələr və bunun nəticəsində Türküstan çöllərindən təkə-türkmənlərin Anadoluya axınının kəsilməsi oldu. Türkmənləri, azərbaycanlıları və Anadolu türklərini birləşdirən ölməz bir abidə- Dədə Qorqud dastanı da var. Bu dastan nəinki türkmənlərin, azərbaycanlıların və Anadolu türklərinin, həm də bəşər mədəniyyətinin əvəzsiz incilərindəndir. Məsələ ilə bağlı onu da deyək ki, indiki Türkmənistan ərazisi qədimlərdən sivilizasiyalar mərkəzi olub. Vaxtı ilə mövcud olan Kuşan, Eftalit (ağ hunlar) və Parfiya dövlətlərini quraraq oranı bir sivilizasiya mərkəzlərindən birinə çevirənlər də türkmənlərin əcdadları olub. İndki Azərbaycan ərazisində türk millətinin formalaşmasında da eramızdan 6-8 min əvvəl Türküstan (Türkmənistan) çöllərindan köç edən türkmənlərin əcdadları mühüm rol oynayıb. 7-9-cu əsrlərdə Azərbaycan türklərinin bir qismi islamı, digər qismi isə xrisitanlığı qəbul edərək öz varlıqlarını itirmək təhlükəsi ilə üzləşəndə Türkmənistan ərazisindən buraya köç edən oğuzlar bunun qarşısını aldılar. Bu proses sonrakı dövrlərdə də davam etdi. Orta əsrlərdə Azərbaycan ərazisində qurulan Qaraqoyuynlu və Ağqoyunlu dövlətlərini də Türkmənistan ərazisindən Azərbaycana köç edən türkmənlər qurmuşdular. Təəssüflər olsun ki, bu gün Xəzərin o tayındakı qan qardaşlarımızla arzu edilən səviyyədə sıx münasibət qura, qaynayıb qarışa, özümüzü eyni bir millətin nümayəndəsi kimi hiss edə bilməmişik. Amma şübhəsiz ki, Azərbaycan və Türkmənistan arasında min illərboyu qardaşlıq körpüsü olan etnik yaxınlıq gələcəkdə türkün qüdrətli olduğu dövrlərdəki kimi Xəzərin hər iki tayını qovuşduraraq Balkanlara və Çin səddinə kimi uzanaraq türkün qüdrətinin, sarsılmazlığının yeni nümayişinə çevriləcək.

BIR CAVAB BURAXIN