Vaan Martirosyan Xocalı soyqırımı qurbanlarının abidəsi önünə gül dəstəsi qoydu

0
576

Erməni hüquq müdafiəçisi və jurnalisti Vaan Martirosyan Bakıda Xocalı soyqırımı qurbanlarının abidəsi önünə gül dəstəsi qoyub.

Xatırladaq ki, müxalif «Ölkədaxili azadlıq hərəkatı»nın lideri Vaan Martirosyan Ermənistan dövlət orqanları tərəfindən rəhbərlik etdiyi hərəkatın fəaliyyətinə görə təzyiqlərə məruz qalıb.

Ötən ilin sentyabr ayında o, həyat yoldaşı və azyaşlı uşağı ilə şəxsi və ailəsinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistandan qaçıb və Azərbaycandan siyasi sığınacaq istəyib. Bir neçə ay Azərbaycanda qaldıqdan sonra Vaan Martirosyan öz xahişi ilə üçüncü ölkəyə göndərilib. Hazırda məşhur erməni hüquq müdafiəçisi haqqin.az və virtualaz.org saytlarının xüsusi müxbiridir.

Bəşəriyyətə qarşı ən qorxunc cinayətlərdən birinin qurbanlarının abidəsi önünə Bakıda gül qoyan Vaan Martirosyan səmimi başxağlığını bildirib və Xocalıda soyqırımı törətmiş erməni cinayətkarların hərəkətlərini qınayıb.

Vaan Martirosyan Bakıda həmçinin Ermənistandakı və işğal altında qalmış Dağlıq Qarabağdakı bir çox məscidlərdən fərqli olaraq toxunulmaz qalmış erməni kilsəsində olub. Erməni hüquq müdafiəçisinin Bakıdakı marşrutunun daha bir məntəqəsi Ermənistanın Leninakan şəhərində baş vermiş dəhşətli zəlzələnin qurbanlarına humanitar yardım aparan və qəzaya uğramış Azərbaycan təyyarəsinin qurbanlarının abidəsi olub.

Bakıdakı gəzintisi vaxtı Vaan Martirosyanı azərbaycanlı hüquq müdafiəçisi Dilarə Əliyeva müşayiət edib.

Qeyd edək ki, Vaan Martirosyan Xocalı soyqırımı qurbanlarının abidəsini ziyarət etmiş və erməni hərbi cinayətkarlarının hərəkətlərinə görə hamı qarşısında üzrxahlıq etmiş yeganə məşhur erməni deyil. Ondan öncə jurnalist Vage Avetyan, Dağlıq Qarabağ üzrə Helsinki Vətəndaş Assambleyasının nümayəndəsi Karen Oqacanyan, «Qafqaz sülhməramlı təşəbbüslər mərkəzi»nin sədri Georgi Vanyan və başqaları üzrxahlıq ediblər. Vaan Martirsoyanın hərəkəti bütün ermənilər üçün bu qorxunc cinayətə görə peşmanlıq hissi keçirmək və gələcəkdə yeni cinayətlərin töprədilməsinə yol verməmək üçün növbəti nümunə olmalıdır.

BIR CAVAB BURAXIN