Vəsiyyətnaməsiz mülk övladlar arasında necə bölünür?

0
4301

Publika.az-ın “Hüquq məsləhətxanası” rubrikasında bu dəfə oxucularımızın sualları mirasla bağlıdır. Valideyndən qalma ev və torpaq sahəsinin övladlar arasında necə bölünməsi məsələsini araşdıracağıq.

 

Həmişəki kimi yenə də suallarımızı Bakı Hüquq Mərkəzinin hüquqşünası, vəkil Dünyamin Novruzov cavablandırıb.

 

Sual 1.

Sumqayıtdan Asəf Səfərov: Atam 2009-cu il dekabrın 31-də rəhmətə gedib. Anam sağdır. Hazırda yaşadığımız evi anamla atam 1996-cı ildə alıblar və ev anamın adına qeydə alınıb. Eyni zamanda, atam və anam nikah dövründə 5,4 sot və 12 sot sahədən ibarət 2 torpaq sahəsi alıblar, həmin torpaqlar isə atamın adınadır. Biz 2 qardaş 1 bacıyıq və hamımız evliyik. Atam vəsiyyətnamə qoymayıb. Qanun üzrə vərəsəliyə əsasən bölgü aparılarsa, kimə bu əmlakdan nə düşəcək?

 

Cavab:

 

Atanızın vəfatı ilə miras açılıb. Miras əmlaka evin və 2 torpaq sahəsinin hamısı deyil, 1/2 hissəsi (Qeyd: Sualınız daşınmaz əmlaklarla bağlı olduğundan cavab da onların üzərindən hazırlanıb) aiddir. Çünki həmin əmlaklar birgə nikah dövründə əvəzli şəkildə əldə edildiklərindən onların 1/2 hissəsi ananıza məxsusdur və onlar atanızın miras əmlakına aid edilə bilməzlər. Bu halda, sözügedən daşınmaz əmlakların 1/2 hissəsi qanun üzrə birinci növbədə vərəsələr (ananız, qardaşınız, bacınız və Siz) arasında bərabər hissələrdə bölünə bilər, yəni hər bir vərəsəyə miras əmlakın 1/8 hissəsi (1/2 hissə : 4 vərəsə = 1/8 hissə) düşəcək.

 

Bundan əlavə, nəzərə almalısınız ki, qanunverici mirası qəbul etmə üçün müddət müəyyənləşdirilib. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bu baxımdan, mirasın 31 dekabr 2009-cu ildə açılmasını nəzərə alsaq, həmin tarixdən yuxarıda göstərilmiş müddətdə vərəsələr mirası qəbul etməliydi. Əgər bu müddət ərzində birinci növbədə vərəsələr və ya onlardan hər hansı biri üzrsüz səbəbdən mirası qəbul etməyibsə, onda bu hüququnu itirib. Başqa sözlə, miras əmlakdan pay almaq hüququna malik olmaq miras əmlakın avtomatik qəbulunu ehtiva etmir. Belə bir hüquqa malik vərəsə hüququ çatdığı əmlak payını əldə etmək üçün həm də mirası qəbul etməlidir.

 

Sual 2.

Şamaxıdan Samir Ağayev: Atam özünə məxsus şəhərdəki mənzili bacıma vəsiyyət edib. Lakin kənddəki evlə bağlı vəsiyyətnamədə hər hansı qeyd yoxdur. Bacım kənddəki evə də iddia edir. Bu halda, bacımın kənddə yerləşən evə dair hər hansı hüququ varmı?

 

Cavab:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1172-ci maddəsinə görə, əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.

 

Göründüyü kimi, əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, kənddə yerləşən ev qanun üzrə vərəsəlik qaydasında siz və bacınızın mülkiyyətinə keçəcək. Bu zaman həmin evə münasibətdə sizin paylarınızın bərabər sayılır. Bundan başqa, qeyd edək ki, sizin şəhərdə yerləşən mənzilə münasibətdə məcburi payınız vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı sizə çatası payın yarısını təşkil etməlidir (Adı çəkilən Məcəllə, m. 1193).

 

BIR CAVAB BURAXIN