Uralın açılmamış sirləri: Yamazı-Taş (İqnatyev) mağarası/Əziz Mustafa

0
724

 

Bir vaxtlar türk dünyasının ana bölgələrindən biri olan, hazırda isə Rusiyanın işğalı altında inləyən, eyni zamanda Avropa ilə Asiyanı həm birləşdirən, həm də ayıran Ural özünəməxsus gözəlliklərə malik olması ilə buraya gələnləri, onu görənləri özünə heyran etməkdədir. Bu baxımdan üstündən əsrlər ötməsinə baxmayaraq, indinin özündə belə türk dünyasının özünəməxsus ruhunu, əcdadlarımızın izlərini qoruyub saxlayan Ural özündə çoxlu sayda sirləri gizlətməkdədir. Rusiyanın və dünyanın bir çox alimlərinin açmaq istədiyi, lakin aça bilmədiyi sirlərdən biri də Yamazı-Taş ( İqnatyev) mağarası ilə bağlıdır. Rusların Uralı işğal etməsinə kimi ətrafında çoxlu sayda türk xalqlarının yaşadıqları bu mağara Yamazı-Taş adlanırdı. Ruslar bölgəni işğal etdikdən sonra isə bu mağaranı ilk dəfə görən və guya orada yaşayan İqnatyev adlı birinin adı ilə adlandırmağa başladılar. Mağara həmçinin İqnatyevskaya, Dalnaya, Serpiyevskaya da adlanıb. Sim çayının ətrafında yerləşən və əsasən əhəngdən ibarət olan Yamazı-Taş Ural dağlarının cənubunda, Çelyabinsk vilayətinin Serpiyevka kəndi yaxınlığında, ondan 7 kilometr məsafədə yerləşir. Vaxtilə bu kənddə yaşayan Ural tatarları çarizmin zorakı siyasəti nəticəsində dinlərindən döndərilərək xristianlığı qəbul etməyə məcbur edildilər. Bunun da nəticəsində kənd Serpiyevka adlandırılmağa başlandı. Ruslar ilk dəfə Yamazı-Taş mağarasından 1762-ci ildə xəbər tutdular. O dövrdə Yamazı-Taş mağarası ilə tanış olan İmperiya Elmlər Akademiyasının əməkdaşı Pyotr Rıçakov geriyə, Sankt-Peterburqa qayıdandan sonra “Orenburq topoqrafiyası” adlı kitabını nəşr etdirdi. Bu kitabda o, Yamazı-Taş mağarası ilə bağlı xalq arasında gəzən bir çox rəvayətləri verib, eyni zamanda mağara barədə ətraflı məlumatlarla oxucularını tanış edib. Əlbəttə, o dövrdə işğal edilən ərazilərin ruslaşdırılması üçün Rıçakov yeli əhali arasından eşitdiyi əfsanələrdəki şəxsləri rus adları ilə adlandırıb. Rıçakov Yamazı-Taşda guya İqnati adlı bir qocanın yaşadığını iddia edərək, onu bu şəxsin adı ilə də adlandırıb. Halbuki Rıçakova kimi mağara xalq arasında Yamazı-Taş adı ilə adlanırdı. O dövrdə yerli əhali arasında gəzən əfsanəyə görə, mağarada Yamazı adlı bir müdrik yaşayıb. Əhali arasında çox məşhur olan bu şəxsin yanına dara düşənlər gələr, ondan kömək, məsləhət istəyərdilər. Yamazı onlara ağıllı məsləhətləri ilə yardım edir, dara düşənlərin harayına çatır, hətta onları müalicə belə edirdi. Dağ cüssəli, sağlam bədənli olduğu üçün yerli əhali onu Yamazı-Taş deyə çağırardılar. Yamazı-Taş adlı müdrik şəxsin təxminən eramızın X-XII əsrlərində yaşadığı məlumdur. Lakin cənab Rıçakov bölgədə öncədən guya rusların yaşadığını göstərmək məqsədi ilə Yamazı-Taş əvəzinə, uydurma İqnati adından istifadə edib. Onun sözlərinə görə, yerli əhali arasında böyük hörmətə malik olan İqnati (Yamazı-Taş) burada ölüb və orada da dəfn edilib. Sonralar isə İqnatinin guya imperator I Aleksandr olduğu barədə uydurma rəvayətlər də ortaya çıxdı. Halbuki I Aleksandrın, ümumiyyətlə, Yamazı-Taşdan xəbəri yox idi və ola da bilməzdi… Hətta Yamazı-Taşın böyük knyaz I Aleksandrın qardaşı knyaz Konstantin Pavloviç olduğu barədə saxta, əsası olmayan rəvayətlər günümüzdə belə dolaşmaqdadır. Yenə də knyazın Yamazı-Taş ilə hər hansı bir əlaqəsi olmayıb və belə iddialar olduqca gülünc görünür. Çünki Yamazı Taş adlı müdrik şəxs türklərin-tatarların islamı qəbul etdiyi ilk dövrlərdə, təxminən eramızın X-XII əsrlərində yaşadığı ehtimal edilir.

Yamazı-Taşın rəsm qalereyaları

Yamazı-Taş mağarasına şöhrət gətirən oradakı rəsm qalereyalarıdır. 1980-ci ildə mağaranı tədqiq edən bir qrup arxeoloq mağaranın divarlarında və tavanlarında daş dövrünə aid edilən insanların təsviri olan rəsmlər tapdılar. Bu rəsmlərin yaşı 14 min il bundan əvvələ aid edilir Rəsmləri 40 müxtəlif qrupun çəkdiyi ehtimal edilir. Rəsmlər arasında öküz, mamont və hələlik, sirri açılmayan geometrik simvollar var. Belə güman edilir ki, bu rəsmlər mağaranın müqəddəs məbəd hesab edilməsi ilə bağlıdır. Ümumiyyətlə, mağarada aşkar edilən rəsmlərin, demək olar, böyük əksəriyyətində türk mifologiyasının, türk mifik dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Ruslar tərəfindən “sirri açılmayan” geometrik simvollara gəlincə, onlara Altaylardan tutmuş Balkanlara, hətta Mərkəzi Avropya-Macarıstana qədər böyük ərazidəki qədim mağara rəsmlərində rast gəlmək mümkündür. Bu həndəsi fiqurlar türklər yaşayan ərazilərdə daha çox yayıldığı üçün, adətən, türklük simvolu hesab edilir. Lakin rusiyalı tədqiqatçılar bu amilin üzərindən susaraq keçir, onun izlərinə türklərin yaşadığı bütün ərazilərdə rast gəlinməsinə toxunmur, bundan özlərini xəbərsiz kimi göstərməyə cəhd edirlər. Çünki mağarada türk izlərinə rast gəlinməsinin etiraf edilməsi bu ərazilərin türklərə aid olduğunu dolayısilə təsdiq etmək anlamına gəlir. Bu isə bölgədə rusların yaşadıqları barədə məntiqsiz rəvayətlər uyduran rusların maraqlarına cavab vermir. Yamazı-Taş mağarasının kəhrəbası isə, şübhəsiz ki, divardakı insan fiqurudur. Mağaranın lap dərinliklərindəki divarda çəkilən insan rəsmini ruslar məşhur Boqorodsaya bənzədiblər. Ona görə də xristianlığı qəbul edərək zorla ruslaşmaya məruz qalan tatarlar qədim inanclarına uyğun olaraq, insan rəsmini ziyarət etməkdə davam ediblər. Son araşdırmalar göstərib ki, rusların müqəddəs Boqorodsaya bənzətdikləri bu insan rəsmini yerli tatarlar rusların buraya gəlməsindən 7-8 yüz il əvvəl də müqəddəs hesab ediblər. Ona görə də müsəlman tatarlar hələ o vaxtlar bu rəsmi ziyarət ediblər. Onlar xristianlığı qəbul etməyə məcbur edildiklərindən sonra belə əvvəlki ənənələrinə uyğun olaraq ruslar tərəfindən Boqorodsaya bənzətdikləri insan rəsmini ziyarət etməkdə davam ediblər. Yeri gəlmişkən, onu da deyək ki, vaxtilə buraya köçməyə məcbur olan molokanların bir hissəsi mağara ətrafında məskən salıb. Onlar mağaradakı Boqorodsaya bənzəyən rəsmə dini rəng vermək məqsədi ilə ona xristianlığın dini simvollarını, o cümlədən xaç da əlavə ediblər.

Müalicəedici təmiz hava

Yamazı-Taş mağarasının mikroiqlimi olduqca təmizdir. Buraya zəif, ancaq olduqca təmiz hava kütləsi daxil olur və mağaranın daxilində daim temperatur müsbət 5 dərəcə olur. Hətta çöldə 30-40 dərəcə şaxta olanda belə mağaranın daxilində temperatur müsbət 5 dərəcə olaraq qalmaqda davam edir. Ona görə də qədim zamanlarda bura insanlar üçün soyuqdan sığınacaq yeri kimi də tanınıb. Onu da deyək ki, mağaradakı təmiz hava burada bir çox xəstəliklərin müalicəsində önəmli rol oynamaqdadır. Mağaranın qədim sakinləri olan türklər öz dünyagörüşlərinə uyğun olaraq, girişi cənubdan və şərqdən qoyublar. Bu da mağaranın şimaldan əsən soyuq küləklərdən qorunması məqsədi ilə edilib.

Eyni zamanda mağaranın girişi cənubdan və şərqdən düşən günəş şüaları ilə isinir. Ümumiyyətlə, qədimlərdən türklər ev inşa edərkən onun qapısını əksər hallarda şərqə, müəyyən hallarda isə vəziyyəti nəzərə alaraq günbatan istiqamətinə qoyublar. Bu baxımdan mağaranın giriş qapılarının şərqdən və ya cənub istiqamətindən olması da qədim türklərin inancları ilə bağlıdır. Mağaranın şimal hissəsi kifayət qədər geniş və sadə tuneldən ibarətdir. Tunelin hündürlüyü bəzi yerlərdə 2-3, bəzi yerlərdə isə 4-5 metrdir. Ətrafda divarlardan bir az aralıda isə burada vaxtilə aparılan qazıntı işlərinin izləri qalmaqdadır. Ümumiyyətlə, Yamazı-Taş mağarasındakı tunellərin uzunluğu 190 metrdir. Mağaranın sonuna doğru getdikcə tunel daralır və addımbaşı qədim insanların rəsmləri sanki dil açaraq buraya gələn insanlarla danışmaq istəyirlər. Yamazı-Taşla bağlı sirlərə gəlincə bu barədə, ümumiyyətlə, az danışmağa, qazıntılar nəticəsində əldə edilən tapıntılardan, onun mənşəyindən danışmaq istəmirlər və bunu etnik kimliyi bilinməyən hansısa daş dövrü insanlarının sirləri kimi qələmə verirlər. Çünki əks halda, ruslar tərəfindən İqnatyev adlandırılan Yamazı-Taşın əsl sahiblərinin burada qədimdən türklər olmasını etiraf etmiş olacaqlar. Bu isə Uralda türk izlərini silməyə cəhd edən dairələrə sərf etməməkdədir. Necə deyərlər, Yamazı-Taş həsrətlə ona doğma olan, ruhunu ruhunda yaşadan tədqiqatçılarını gözləməkdədir…

BIR CAVAB BURAXIN