Ukraynada “Ştaynmayer formulu” qalmaqalı davam edir

0
18

Ukraynada keçirilən son prezident seçkilərində Vladimir Zelenskinin qalib gəlməsindən sonra ölkə daxilində belə demək mümkünsə əmələ gələn sabitlik gözlənilmədən pozulub. Buna səbəb isə ötən həftə prezident Vladimir Zelenskinin Ukraynanın “Ştaynmayer formulu”nu qəbul etdiyini bəyan etməsi olub. Bununla əlaqədar Kiyevdə keçirdiyi mətbuat konfransında Zelenski bildirib ki, Ukrayna ATƏT-in münaqişənin həllinə dair Üçtərəfli Kontakt Qrupunun həmsədri Martin Saydika bu formulun mətni ilə razılaşdığımıza dair yazılı razılıq verib. Ukrayna prezidenti “Ştaynmayer formulu” haqqında geniş məlumat verərək qeyd edib ki, sənəddə Donetsk və Luqansk vilayətlərində yerli özünüidarəetmənin qaydaları əks edilib:

“Buna Donbasın xüsusi statusu haqqında qanunda deyilir. Bu o şərtlə qüvvəyə minir ki, yerli özünü idarəetmə seçkiləri Ukraynanın konstitusiyası və qanunvericiliyinə uyğun şəkildə keçirilir və ATƏT-in rəsmi hesabatı yayılır. Hesabatda isə ATƏT seçkilərin beynəlxalq standart və demokratik keçirildiyi bəyan edilir”.

Zelenskinin sözlərinə görə, bu o deməkdir ki, pulemyot gülləsi altında hər hansı seçki keçirilə bilməz. Prezident həmçinin vurğulayıb ki, münaqişə zonasından qoşunların çəkilməsi məsələsi “Normandiya dördlüyü” sammitində hərtərəfli şəkildə müzakirə ediləcək .

Yeri gəlmişkən onu da deyək ki, “Ştaynmayer formulu”na əsasən qoşunların Luqansk vilayətinin Zolotom və Donetsk vilayətinin Petrovsk yaşayış məntəqəsindən çıxarılması nəzərdə tutulub. Məhz Zelenskinin bu açıqlamasından sonra Ukraynada daxili siyasi vəziyyət kəskinləşib. Sənədin qəbul edilməsini Ukraynaya xəyanət hesab edən millətçilər dərhal Kiyevdə etiraz aksiyalarına baş vurublar. Məsələyə münasibət bildirən Milli Cəbhənin lideri Andrey Beletski Zelenskinin əleyhinə sərt ittihamlar səsləndirib. O deyib ki, prezident “Ştaynmayer formulu”nu qəbul etməklə Ukrayna xalqına xəyanət edib və bu, təslimçilikdən başqa bir şey deyil: “Bu planın qəbulu Ukraynanı müdafiə edən və Rusiyaya qarşı müqavimət göstərərək həyatını qurban verən 16 min əsgərə edilən ən böyük xəyanətdir”.

Öz növbəsində Milli Cəbhənin digər lideri Yuri Sirotyuk da prezidentin “Ştaynmayer formulu”na razılıq verməsini təslimçilik adlandırıb və onu Ukraynanı Rusiyaya satmaqda günahlandırıb. O bəyan edib ki, Zelenski Ukraynaya xəyanət edib və tutduğu vəzifəsindən istefa verməyənə qədər etiraz aksiyalarını davam etdirəcəklər. Ölkədə siyasi vəziyyətin gözlənilmədən kəskinləşdiyini görən Vladimir Zelenski isə aksiya iştirakçılarına video müraciət edərək onları sakitliyə çağırıb. O bəyan edib ki, Ukraynaya xəyanət etməyib və sadəcə olaraq ölkədə yaşayan bütün insanların hüquqlarını müdafiə etmək niyyətindədir. Vladimir Zelenski daha sonra video müraciətdə bildirib ki, mən hər bir vətəndaşın etiraz hüququna hörmət edirəm və əmin olun ki, heç vaxt Ukraynanı təslim etməyəcəyəm:

“ Eyni zamanda, hamıdan xahiş edirəm ki, vəziyyətə sakit və diqqətlə yanaşsın və bəzi insanların manipulyasiyalarına və təxribatlarına yol verməsinlər. Həqiqətən də sizlərdən istifadə etmək istəyirlər, onların siyasi təqiblərinin qurbanına çevrilməyin və cinayət məsuliyyətindən yayının”.

Ukrayna rəhbəri eyni zamanda aksiya iştirakçılarını əmin edib ki, “Normand formatı” çərçivəsində keçiriləcək görüşdə Donbasın statusuna dair hər hansı sənəd imzalanmayacaq. O xatırladıb ki, Donbasın statusu haqqında qanun 2019-cu il dekabrın 31-nə qədər qüvvədədir və hələlik bununla bağlı hansısa dəyişiklik nəzərdə tutulmayıb:

“Donbasın statusu haqqında yeni qanun isə Ukrayna ictimaiyyətinin birgə müzakirəsi ilə hazırlanacaq. Ukraynanın milli maraqlarından kənar hər hansı hadisə baş verməyəcək”.

Zelenski video müraciətində Fransa, Almaniya və Rusiya liderlərinin iştirakı ilə keçiriləcək “Normand formatı” görüşündə Donbasda müharibənin dayandırılmasının əsas müzakirə hədəfi olacağını vurğulayıb. Onun sözlərinə görə, Donbasda tam atəşkəs bərpa edilməlidir və bunu hamı başa düşür: “Donbas Ukraynanındır. Ukrayna Luqansk və Donbas “Xalq respublikalarının” nümayəndələri ilə hər hansı saziş imzalamayacaq”.

Lakin Zelenskinin etiraz aksiyası iştirakçılarına video müraciəti arzu edilən effekti verməyib. Belə ki, Kiyevin Müstəqillik meydanında “Ştaynmayer formulu” əleyhidarları yeni kütləvi etiraz mitinqi keçiriblər. Aksiya iştirakçıları Ukrayna hakimiyyətinin “Ştaynmayer formulunu” reallaşdırmaqdan imtina etməyə çağırıblar. Nümayişçilərin fikrincə, bu, ölkənin milli maraqlarına uyğun deyil. Etiraz aksiyası “kapitulyasiya müqavimətinin hərəkəti” adlandırıldı.

Yeri gəlmişkən onu da xatırladaq ki, Donbas və Luqnaksda Ukrayna qanunvericiliyinə uyğun şəkildə keçirilməsi barədə təklif Almaniyanın sabiq Xarici İşlər naziri Frank-Valter Ştaynmayer tərəfindən irəli sürülüb. Onun 2016-ci ildə Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı irəli sürdüyü təklifə görə, Donbas regionuna növbədənkənar seçkilər keçirilən gün xüsusi status veriləcək. Bu təklif də onun irəli sürənin adı ilə “Ştaynmayer formulu” adını alıb. “Ştaynmayer formulu” o dövrdə “ Normand dördlüyü” iştirakçıları olan Ukrayna, Rusiya, Almaniya və Fransa prezidentləri Pyotr Poroşenko, Vladimir Putun, Angela Merkel və Fransua Olland tərəfindən imzalanıb. Lakin sonra Rusiya adı çəkilən formulanın bəzi müddəalarına əməl etmək istəməyib.

Məsələ ilə bağlı onu da deyək ki, 2015-ci il fevral ayının 11-12-də Minskdə 4 ölkə Ukrayna, Rusiya, Fransa və Almaniya prezidentləri tərəfindən imzalanan sənəddə Ukraynanın şərqində hərbi münaqişəni nizamlanması üzrə müddəalar əksini tapıb. Sənəddə atəşkəsin elan olunması, ağır hərbi texnikanın təmas xəttindən çəkilməsi, bütün əsir və girovların mübadiləsi, Ukraynada Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqqında qanunun qəbul olunması, münaqişə iştirakçılarının amnistiyası, Ukrayna qanunvericiliyinə əsasən və ATƏT-in müşahidəsi ilə yerli seçkilərin keçirilməsi, bütün xarici qoşunların və muzdluların çıxarılması, qanunsuz hərbi birləşmələrin tərkisilah olunması, Rusiya ilə sərhədin Ukrayna rəsmi qurumlarının nəzarəti altına verilməsi, yerli hakimiyyət orqanlarının hakimlərin təyin olunmasında iştirakı, yerli “xalq polisinin” yaradılması və bütün bunlara uyğun olaraq Ukrayna konstitusiyasının desentralizasiyası məqsədi ilə ona dəyişikliklərin edilməsi nəzərdə tutulur. Lakin Rusiyanın sənəddə nəzərdə tutulanlara əməl etməməsi nəticəsində bölgədə döyüşlər yenidən qızışdı və nəticədə hər iki tərəfdən insanlar həlak olmaqda davam edir. Buna görə isə beynəlxalq ictimaiyyət məsuliyyəti Rusiyanın üzərinə qoyur. Məhz Rusiyanın Minsk razılaşmasını pozmasına cavab olaraq ABŞ və Avropa Birliyi razılaşmanın şərtlərinə əməl etmədiyinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Lakin Rusiya isə öz növbəsində baş verən hadisələrdə Ukraynanın əlinin olduğunu iddia edib.
Qeyd etdiyimiz kimi, bütün bunları nəzərə alaraq Almaniyanın Xarici işlər naziri Frank Valter Ştaynmayer 2016-cı ildə Minsk razılaşmalarının yerinə yetirilməsi üzrə təşəbbüslü çıxış edib. Sonralar “Ştaynmayer formulu” adını alan bu təşəbbüsə əsasən Donbassın xüsusi statusu barədə müvəqqəti qanunun qəbul edilməlidir. Qanun regionda yerli seçkilərin keçirildiyi gün qüvvəyə minməlidir. ATƏT missiyası seçkiləri ədalətli hesab etdiyi halda qanun artıq daimi əsaslarla qüvvəyə minməsi nəzərdə tutulub.

Poroşenkonun hakimiyyəti dövründə “Ştaynmayer formulu” Ukraynanın milli maraqlarına cavab vermədiyi bildirildi.
Lakin Zelenski Poroşenkodan fərqli olaraq adıçəklən sənədin şərtlərini qəbul etdiyini bildirərək onun reallaşdırılmasına razılıq verib. Bütün bunlar isə Ukraynada etiraz aksiyalarına səbəb olub. Öz növbəsində Ukraynanın eks prezidenti Poroşenko “Ştaynmayer formulu“nun Rusiyanın maraqlarına cavab verdiyini bəyan edib. O qeyd edib ki, Rusiya bu versiyanı qəbul etdirməyə cəhd edib, lakin biz buna etiraz etmişik: “Bizim alman, fransız və amerikalı tərəfdaşlarımız da həmişə Ukrayna tərəfini dəstəkləyiblər”.

Poroşenko xəbərdarlıq edib ki, “Ştaynmayer formulu”nun qəbul edilməsi Ukraynanın ərazi bütövlüyünə təhdid və Rusiyaya qarşı Qərb tərəfindən tətbiq edilən sanksiyaların götürülməsi deməkdir.
Öz növbəsində Yuliya Timoşenkonun “Batkivşina” partiyası da adı çəkilən sənədin qəbulunun Ukrayna üçün təhlükəli ola biləcəyini bildirib. “Batkivşina” “Ştaynmayer formulu”nun imzalanmasını millu təhlükəsizlik, ölkənin ərazi bütövlüyü və suverenliyinə təhdid hesab etdiklərini bəyan edib.
Bununla belə “Normand dördlüyü”nün üzvü olan Almaniyanın xarici işlər naziri Qayko Maas Zelenskinin “Ştaynmayer formulu”na razılıq verməsini müsbət dəyərləndirdiyini bəyan edib. Əslində isə Ukraynada sənədə etiraz edilməsinin əsasında, Rusiya qoşunlarının oradan tam şəkildə çıxarılmadan seçkilərin keçirilməsi dayanır. Təsadüfi deyil ki, Zelenskinin “Ştaynmayer formulu”na razılıq verməsi Donetsk və Luqansk liderləri Denis Puşilin və Leonid Paseçnikov tərəfindən razılıqla qarşılanıb. Onların sözlərinə görə, “Ştaynmayer formulu”nun razılaşdırılması “Donbass xalqının öz müqəddəratını özünün həll etməsi” deməkdir.

Belə ehtimal edilir ki, Zelenskinin “Ştaynmayer formulu”nu qəbul etməsi ölkə daxilində siyasi çəkişmələrə səbəb olaraq Ukraynada yenidən hakimiyyət böhranına gətirib çıxaracaq.

Emin Axund

Arazinfo.com