Ukraynada 20-yə yaxın azərbaycanlı gənc oğurlanıb

0
618

Ukraynada yaşayan azərbaycanlılar arasında adam oğurluğu halları artıb. Oğurlananların demək olar ki, hamısı gənclərdir və imkanlı şəxslərin, fəal azərbaycanlıların övladlarıdır. Oğurluğun Gürcüstandan və Ermənistandan olan qrup tərəfindən təşkil edildiyi deyilir.

Ukraynadakı mənbənin Moderator.az-a verdiyi məlumata görə, təxminən 20-ə yaxın azərbaycanlı oğurlanıb ki, bunlardan yalnız biri – Donetsk azərbaycanlıları konqresinin sədri, iş adamı Malik Pirverdiyevin oğlu, eyni vilayətdə azərbaycanlı gənclər birliyinin sədri Cəlal Pirverdiyev 10 aya yaxın girovluqda qaldıqdan sonra, bu yaxınlarda 300 min dollar pul müqabilində azad olunub.

Digəri isə Azərbaycanda yüksək post tutan və “MTN-nin Rabitə Nazirliyi” olaylarında həbs olunan rabitə sahəsinin keçmiş yüksək rütbəli məmurunun Kiyevdə təhsil alan oğludur ki, hələ də girovluqdadır. Digərləri isə ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlı iş adamlarının, yaxud Azərbaycandan olan iş adamlarının övladlarıdır. Oğurlananların azad olunması qarşılığında külli miqdarda pul tələb olunur.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov mətbuata açıqlamasında deyib ki, bununla bağlı səfirlikdə görüş keçirəcəklər:

“Məndə bu haqda dəqiq məlumatlar yoxdur. Buna görə də nəsə deməyim düzgün olmaz. Bir problem də var ki, girovluğa düşən və sonradan azad olunanlar bu barədə məlumat verməkdən çəkinirlər. Girovluqdan çıxan adam heç zaman gəlib demir ki, onu oğurlamışdılar”.

Hikmət Cavadov məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyində görüşlərinin olacağını da bildirib.

BIR CAVAB BURAXIN