Ukrayna Avropanı Minsk anlaşmalarını donduracağı ilə hədələyir

0
152

Ukraynada keçirilən son prezident seçkilərindən sonra ilk dəfə Avropa İttifaqı ilə Kiyev arasında hadisələr yeni siyasi qalmaqal istiqamətində inkişaf etməkdədir. Buna da səbəb Avropa Şurası tərəfindən Krımın işğalı ilə bağlı  AŞPA-da səsvermə hüququndan məhrum edilən Rusiyaya münasibətdə yumşaldıcı addımların atılması üçün hazırlıqların davam etməsidir. Eyni zamanda Ukrayna ərazilərini işğal etməsinə görə Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların zəiflədilməsi barədə Qərb tərəfindən  müəyyən çağırışların eşidilməsi də  Kiyevdə  narazılıqlara səbəb olub. Bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkinin məsələ ilə bağlı verdiyi olduqca sərt bəyanatı da bir daha təsdiq etməkdədir. Pavel Klimkin bəyanatda hədələyici tərzdə bildirib ki, əgər Avropa İttifaqı Rusiyanın AŞPA-dakı səsvermə hüquqlarını qismən də olsa belə bərpa etsə, onda Ukrayna birtərəfli qaydada Minsk anlaşmasını donduracaq və onun şərtlərinə əməl etməyəcək.

Eyni zamanda Pavel Klimkin Avropa İttifaqını de-fakto Rusiyanın işğalı altında olan qondarma Donbas respublikasının əhalisinə Kreml tərəfindən vətəndaşlıq pasportu  verilməsinə görə sanksiyaları daha da genişləndirməyə çağırıb.  Ekspertlərin fikrincə, Ukrayna Qərb tərəfindən Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının Kreml tərəfindən qondarma Luqansk və Donbas rejimlərinin işğal edilməsinə hüquqi don geydirməsinə gətirib çıxaracağından narahatdır. Təsadüfi deyil ki, Ukrayna xarici siyasət idarəsinin rəhbəri Pavel Klimkin Brüsseldə Aİ rəhbərləri ilə görüşdə onları Rusiyaya münasibətdə sanksiyaların yumşaldılması kimi addımlar atmaqdan çəkinməyə çağırıb. Pavel Klimkin: “Əgər siz Rusiyaya münasibətdə sanksiyaların yumşaldılması istiqamətində hər hansı bir addım atsanız, onda mən beynəlxalq aləmə müraciət edərək deyəcəyəm ki, “Minsk anlaşması” artıq yoxdur və onu yalnız Rusiya deyil, həm də siz öldürdünüz”.

Pavel Klimkin bir daha Avropa İttifaqı rəhbərlərinə xəbərdarlıq edib ki, sanksiyalar yumşaldılacağı təqdirdə bu, Rusiyanı Ukrayna ərazilərinin işğalını daha da genişləndirməyə şirnikləndirəcək və nəticədə Avropa üçün Kremldən gələn təhlükə ciddi şəkildə böyüyəcək. Həftənin ilk günündə Brüsseldə keçirilən brifinqdə  Avropa İttifaqının diqqətini işğal altında olan qondarma rejim əhalisinə Rusiya vətəndaşlığının verilməsi barədə Putin tərəfindən imzalanan sərəncama cəlb edən Pavel Klimkin: “Kreml tərəfindən  Ukrayna vətəndaşlarına Rusiya pasportlarının verilməsi qarşı tərəfin işğal faktından əl çəkmək niyyətində olmadığını bir daha təsdiq edir. Avropa İttifaqı Ukrayna ilə birlikdə Rusiyaya buna görə birgə cavab verməli, sanksiyaları daha da sərtləşdirməlidir”,-deyib.

Lakin hələlik Klimkinin məsələ ilə bağlı çağırışına Qərbdən ciddi dəstək reaksiyası gəlməyib. Yalnız Çexiyanın xarici işlər naziri Tomaş Petrjiçek Klimkinin son çağırışına cavabında deyib ki, Avropa İttifaqı qondarma Donbas sakinlərinə Rusiya pasportlarının verilməsinə görə, Kremlə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində deyil: “Biz Avropa İttifaqı olaraq Rusiyaya təzyiq etməyi deyilik və məsələnin dialoq yolu ilə həllinə çalışırıq”.

Bununla belə Avropa İttifaqı ölkələri Rusiya tərəfindən işğal altında Ukrana ərazilərinin əhalisinə Rusiya pasportları verilməsi barədə məsələni Avropa Şurası çərçivəsində keçiriləcək görüşdə müzakirə etməyə hazırlaşırlar. Bu barədə jurnalistlərə verdiyi açıqlamasında Rumıniyanın xarici işlər naziri Teodor Meleşkanu deyib. O qeyd edib ki, Rusiya bununla düzgün yol seçməyib. Yeri gəlmişkən onu da xatırladaq ki, Buxarest hələ 2013-cü ildə Moldova vətəndaşlarına Rumıniya pasportları verilməsi barədə qərar qəbul edib. Qərara əsasən  həmçinin 1918-1940-cı illərdə Çernovitsk ərazisində yaşayanların övladları və nəvə-nəticələri Rumınya vətəndaşlığı ala bilərlər. Qeyd edək ki, hazırda Çernovitsk Ukrayna ərazisində yerləşir. Rumıniyanın bu hərəkəti o vaxt Ukrayna rəhbərliyi tərəfindən əsəbiliklə qarşılanmışdı. Kiyev Buxaresti buna görə sərt şəkildə tənqid edərək ondan qərarını geri götürməyi tələb etmişdi. Lakin Buxarest Kiyevin bu tələbinə məhəl qoymayaraq Çernovitskda yaşayan və vaxtı ilə Rumıniya vətəndaşları olan şəxslərin  övladlarına pasportlar verməkdə davam edir. Oxşar hadisə Ukrayna ilə Macarıstan arasında da baş verməkdədir. Belə ki, Ukraynanın etirazlarına baxmayaraq Macarıstan Zakarpatyedə yaşayan etnik macarlara vətəndaşlıq pasportları verir və ildən-ilə onların saylarını daha da artırır. İndi də oxşar hadisələr Rusiya–Ukrayna münasibətlərində özünü göstərməkdədir. Xatırladaq ki, bu ilin aprel ayında Vladimir Putin qondarma Donbas respublikasının əhalisinə Rusiya vətəndaşlığı verilməsi barədə sərəncam imzalayıb. Putin belə bir addımı “humanizmi” nəzərə alaraq atdığını bildirib. O məsələ ilə bağlı: “Bizim Ukraynanın yeni hökumətinə hansısa problemlər yaratmaq niyyətimiz yoxdur. Amma Donbasda yaşayan əhaliyə münasibətdə humanizmi nəzərə alaraq belə bir addım atdım. Çünki onlar adi insani hüquqlardan belə məhrumdurlar”,-deyib.

Rusiyanın belə bir qərarı Kiyevdə əsəblərin daha da çoşmasına səbəb olub. Prezident Poroşenko Putinin bu qərarını Ukrayna ərazisində anklav yaratmaq cəhdi kimi dəyərləndirib. Ukrayna xarici işlər nazirliyi isə bəyanat verərək Putinin qərarını Rusiya tərəfindən ərazilərin işğalı faktının yeni mərhələyə keçirilməsi, suveren və müstəqil ölkənin daxili işlərinə növbəti müdaxilə kimi qiymətləndirib.

Problemin ciddiliyi nəzərə alınaraq Poroşenkonun tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası da çağırıldı. Məsələ geniş şəkildə müzakirə edilsə də Rusiyaya münasibətdə hər hansı sərt qərarlar qəbul edilmədi. Bununla belə bəzi ölkələr Putin tərəfindən Donbas sakinlərinə Rusiya vətəndaşlığı verilməsi faktını Kremlin işğalçılıq siyasətinin davam etdirilməsi olduğunu bildirdilər və buna görə də Moskvanı sərt çəkildə tənqid etdilər. Məsələ ilə əlaqədar Ukraynanı hazırda da dəstəkləməkdə olan Litva xarici işlər naziri Linas Linkyaviçyus israrla Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsini tələb etməkdədir. Onun fikrincə Avropa İttifaqı tərəfindən işğal altında olan Ukrayna ərazilərində yaşayan əhaliyə Rusiya vətəndaşlığının verilməsinə görə, Kremlə qarşı maliyyə, siyasi və digər sanksiyaların tətbiq edilməsinə ciddi ehtiyac var. Lakin Litvanın adıçəkilən məsələdə tək olması Rusiyaya münasibətdə yeni sanksiyaların tətbiq edilməsinə imkan vermir. Problemə münasibət bildirən bəzi rusiyalı politoloqlar Kreml tərəfindən işğal altında olan ərazilərdə yaşayan sakinlərə Rusiya pasportunun verilməsi qərarının Avropada neqativ reaksiyalara səbəb olduğunu etiraf edirlər. Onların fikrincə Avropa İttifaqı ölkələri məsələyə sərt reaksiya vermələrinə baxmayaraq Rusiyaya münasibətdə yeni sanksiyalar tətbiq etmək niyyətində olmadıqlarını da nümayş etdirirlər. Yeri gəlmişkən onu da deyək ki, gələn ay Rusiyanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qoyulan müddət başa çatır. Bu məsələ may ayının 16-17-də Helsinkidə  keçiriləcək  Avropa Şurası xarici işlər nazirlərinin sammitində müzakirə ediləcək. Əgər sammitdə Rusiyanın səsvermə hüquqları bərpa edilməsə, onda Moskva quruma üzvlük haqqını ödəməyəcəyini bildirib. Bu isə AŞ tərəfindən  müsbət qarşılanmır. Məsələn, qurumun baş katibi Turbern Yaqland bildirib ki, Rusiyanın AŞ-ni tərk etməsi məqsədəuyğun deyil və bu, yeni bir Breksit ola bilər. Qeyd edək ki, AŞPA-da Rusiyanın səsvermə hüquqlarının bərpa edilməsi Finlandiya tərəfindən də dəstəklənir. Fransa prezidenti Emmanuel Makron da Rusiyanın AŞ üzvü kimi qalmasının vacibliyini bildirib. Məhz hadisələrin belə bir istiqamətdə inkişaf etməsi isə Ukrayna tərəfindən əsəbiliklə qarşılanmaqdadır.  Şübhəsiz ki Ukrayna Avropa üçün Rusiyadan gələn təhlükəyə qarşı sərhəd qalası hesab edilir. Ukraynanın Aİ üçün strateji əhəmiyyətə malik olduğu daim yüksək səviyyədə vurğulanıb. Lakin indiki məqamda Avropa İttifaqı Rusiya ilə münasibətləri daha da kəskinləşdirməkdə maraqlı deyil. Bunun bir səbəbi də ABŞ-ın İranla münasibətləri sərtləşdirməsidir. Avropa üçünsə həm İran, həm də Rusiya ilə eyni zamanda iki cəbhədə  müharibəni davam etdirmək məqsədəuyğun deyil. Ola bilsin ki, məhz buna görə AŞ xarici işlər nazirlərinin sammitində Ukraynanın etirazlarına məhəl qoyulmadan Rusiyanın AŞPA-da səsvermə hüquqlarının bərpa edilməsi barədə qərar qəbul edilsin…

Əziz Mustafa